Müdafiə naziri Qusar rayonunda şəhid ailələri ilə görüşüb
Sosial həyat

Müdafiə naziri Qusar rayonunda şəhid ailələri ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Qusar şəhəri ərazisindəki Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşların xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülərək ehtiram ifadə edilib.

Müdafiə naziri burada Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri və ictimaiyyətin nümayəndələri ilə görüşüb.

Görüş zamanı Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov Vətən müharibəsində qazanılan Qələbənin xalqımıza böyük sevinc yaşatdığını vurğulayaraq, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələri adından təşəkkürünü bildirib.

Şəhidlərimizin xatirəsinin dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyini diqqətə çatdıran müdafiə naziri şəhid ailələrinin problemləri və istəkləri ilə maraqlanıb.

AZƏRTAC