Müasirləşən, güclənən Azərbaycan
Siyasət

Müasirləşən, güclənən Azərbaycan

Ölkəmizdə davamlı inkişaf prosesinin ümumi mənzərəsini, sosial-iqtisadi, mədəni və digər sahələrdə islahat və yeniləşməni bu gün bütün şəhər və rayonlarda, paytaxtdan ucqarlaradək hər yerdə görüb müşahidə etmək mümkündür.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Azərbaycan çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələri ilə zəngin bir ölkədir. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz gündən-günə inkişaf edir, güclənir. Bakı şəhərində, həm də bütün şəhər və rayonlarımızda genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır. Azərbaycanın iqtisadi potensialının düzgün istiqamətləndirilməsi, bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyət baxımından yüksəlməsinə səbəb olmuşdur. Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafını qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib və bu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir.

Dövlətimizin başçısının güclü iradəsi, əzmi, yeritdiyi daxili və xarici siyasətin, ölkənin iqtisadi və hərbi qüdrətinin nəticəsində 30 ildən sonra Azərbaycan bayrağının Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail olundu. Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra daha da genişlənən yenidənqurma işləri eyni zamanda turizm sahəsinin inkişafına da müsbət təsir göstərən amillərdəndir. Bu tədbirlər ümumilikdə yeni otellərin açılmasına, mədəni-kütləvi, istirahət obyektlərinin sayının artmasına şərait yaradır. Bu da özlüyündə artıq turistlərin təkcə paytaxta deyil, bölgələrə də üz tutmasını şərtləndirir. Bölgələrdə aparılan yenidənqurma işləri turizmin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Qeyri-neft sektorunun inkişafı istiqamətində regionlarda turizmin inkişafı əsas prioritetlərdən biri olmuşdur. Bölgələrdə turizm ehtiyatlarının genişləndirilməsi, turizm istirahət mərkəzlərinin müasir standartlara uyğunlaşdırılması, turizmin inkişafı ilə bağlı layihələrin icrası uğurla davam etdirilməkdədir. Ölkə başçısının şəxsən özünün bölgələrə səfərlər etməsi, çoxsaylı təməlqoymalar və açılışlar həyata keçirməsi, işlərin gedişi, layihələrin icrası ilə birbaşa özünün maraqlanması uğurlu nəticələrin əsas mənbəyidir. Azərbaycanda yeni növ koronavirusla mübarizə sahəsində tətbiq edilmiş məhdudiyyətlərin cüzi istisnalarla ləğvi ölkəmizin beynəlxalq miqyasda turizm cəlbediciliyini yenidən yüksəldir. Sosial-iqtisadi tərəqqinin sürətlənməsi, beynəlxalq əlaqələrin genişlənməsi, habelə "Xarıbülbül", "Teknofest Azərbaycan", "Bakı Qlobal Forumu", "Formula 1" və digər tədbirlər turizm sahəsinin inkişafına müsbət təsir göstərmişdir.

Adətən, hər bir dövlət haqqında ilkin təəssürat onun paytaxtı ilə bağlı tanışlıqdan başlayır. Bu reallıqdan çıxış edən Prezident İlham Əliyev Bakı şəhərində aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinə xüsusi diqqət yetirir. Bakının müasir meqapolisə, böyük şəhərə çevrilməsi istiqamətində atılan addımlar öz nəticəsini verməkdədir. Dövlət başçısının rəhbərliyi ilə paytaxtımızda həyata keçirilən abadlıq-quruculuq işləri, şəhər sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq sahələrinin salınması, paytaxtın qədim tarixi memarlıq nümunələrinin bərpası və yeni, müasir binaların tikilib istifadəyə verilməsi nəticəsində Bakı dünyanın ən gözəl şəhərlərindən biri kimi tanınır. Bakının simvollarından olan Dənizkənarı Bulvar da əsaslı təmir edilmişdir. Yüzillik tarixə malik bulvarda bu cür əsaslı yenidənqurma və təmir işləri ilk dəfə aparılmış, daha da genişləndirilmişdi. Paytaxtımızda yeni, çoxmərtəbəli müasir binaların və digər sosial obyektlərin inşası ilə yanaşı, şəhərin inkişaf tempinə uyğun olmayan, paytaxtımızın müasirlik ansamblını pozan tikililərin sökülməsi ilə bağlı da mühüm layihələr icra edilir. Həyata keçirilən bu cür layihələr arasında keçmişdə "Sovetski" adlanan məhəllənin sökülməsi böyük əhəmiyyəti ilə seçilir. Bu amil Bakının daha da müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olmaqla şəhərin Baş Planının icrasının təmin olunmasına, habelə paytaxtda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına da böyük töhfə verdi.

Bakı şəhərinin kənd və qəsəbələrinin müasirləşdirilməsi, yenidən qurulması, mühüm sosial infrastruktur layihələrinin reallaşdırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. Fondun rəhbəri, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ötən illərdə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin, Zirə Mədəniyyət Mərkəzinin, "Yanar dağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğunun, "Atəşgah məbədi" dövlət tarix-memarlıq qoruğunun yaradılması, Balaxanı və digər qəsəbələrdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri Abşeronun tarixi keçmişinin qorunub saxlanması ilə yanaşı, onun aparıcı turizm mərkəzlərindən birinə çevrilməsinə xidmət edir. Paytaxtın gözəl memarlıq abidələrindən biri kimi tanınan "Şərq Bazarı" kompleksi bərpa və yenidənqurmadan sonra dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilmişdir.

Hazırda bölgələrdə yaradılan turizm infrastrukturu ölkəyə turist axınına səbəb olmaqla yanaşı, vətəndaşlarımızın da öz istirahətlərini daha çox ölkə ərazisində keçirməsinə imkan yaradıb. "Basqal qəsəbəsinin inkişafı, Basqalın tarixi irsinin qorunması ilə bağlı bir neçə il bundan əvvəl mənim tərəfimdən xüsusi Sərəncam verilmişdir. Bu Sərəncam əsasında Dövlət Turizm Agentliyi burada artıq bir müddətdir ki, işlər aparır. İşlərin təqribən 50 faizi başa çatıb və bu gün hər kəs bunu görə bilər. Basqal bizim qədim kəndlərimizdən biridir, özünəməxsus tarixə malik olan bir yerdir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib. Ölkə başçısı qeyd edib ki, Basqal qəsəbəsi də Lahıc kimi, bu bölgənin çox qədim tarixi yaşayış məkanı olaraq öz simasını bütün dünyaya açacaq. Həm Azərbaycan vətəndaşları, həm ölkəmizdə olan qonaqlar indi Lahıca durmadan səfərlər edirlər. Eyni vəziyyət Basqal qəsəbəsi üçün də yaradılacaq.

Öz füsunkar təbiəti ilə Quba ilin bütün fəsillərində həm yerli, həm də xarici turistlərin ən çox üz tutduğu məkanlardandır. Yay turizmi ilə daha çox məşhur olan Qubada son illər qış turizminin inkişafı üçün də mühüm işlər görülüb, güclü infrastruktur yaradılıb. Cənub bölgəsi də turizm üçün çox əlverişlidir. Bu baxımdan, qarşıdakı illərdə cənub bölgəsi turizm cənnətinə çevrilə bilər. Dövlət başçısı İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Lənkəran, Astara və Lerik rayonlarında səfərdə olarkən yeni yolların, eləcə də müxtəlif obyektlərin açılışında iştirak edib. Bu obyektlər sırasında turizm üçün çox önəmli olanları da var. Son illər Şəkidə turizmin inkişafı ilə bağlı xeyli müsbət işlər görülüb, ilin fəsillərindən asılı olmayaraq indi də dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn turistlər istirahət etmək üçün buranı seçirlər. Belə ki, Şəki həm də qədim tarixi-memarlıq abidələri ilə əcnəbiləri valeh edir.

Mingəçevir şəhərinin yerləşdiyi coğrafi şərait, bu qədim və müasir yaşayış məskəninin tarixi özəllikləri, flora və fauna zənginliyi və ən əsası beynəlmiləlçilik prinsipinə söykənən mədəni dəyərləri onu turizm həvəskarları üçün ən cəlbedici ünvanlardan birinə çevirib. Şəhərin turizm sahəsində inkişaf planı və turist xəritəsi hazırlanıb. Avropa Oyunları çərçivəsində avarçəkmə yarışlarının Mingəçevirdə keçirilməsi Kür çayının sahilində yerləşən bu ecazkar şəhərdə turizmin inkişafına önəmli töhfə olmuşdur. Gözəl turizm potensialı olan Mingəçevirdə bir neçə otel fəaliyyət göstərir.

İşğaldan azad olunan ərazilərimizdə turizmin inkişafı üçün ilkin olaraq infrastrukturun yaradılması -otellərin və turizm komplekslərinin tikintisi önəmli amildir. İşğaldan azad olunan kimi Qarabağda dərhal bərpa və yenidənqurma işlərinin aparılmasına başlanılması onu göstərir ki, yaxın bir neçə il ərzində azad olunan torpaqlarımızda turizm inkişaf edəcək və bu sahə həmin ərazilərin dirçəlməsində əhəmiyyətli yerlərdən birini tutacaq. Qarabağ əsasən dağlıq və dağətəyi zonadır. Bu baxımdan, Şuşa, Kəlbəcər və Laçında turizmin inkişafı üçün əlverişli şərait var. Şuşanın turizm potensialına uyğun infrastrukturun yaradılmasına xüsusi diqqət ayrılır. Zəfərimizin tacı Şuşa 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan olunub. Şübhəsiz, bu amil də dəyanətli qala şəhərinin turizm potensialının yüksəlməsinə dəyərli töhfələr verəcək. Hazırda Şuşada genişmiqyaslı təmir-bərpa işləri gedir, həmçinin bir neçə hotel tikilir ki, bunlar da bölgədə turizmin inkişafı üçün önəmli rol oynayır. Şuşa şəhərində artıq iki otel -"Xarıbülbül" və "Qarabağ" otelləri fəaliyyətdədir. Azərbaycanın "Mədəniyyət paytaxtı"nda "Shusha Boutique Hotel"in inşa edilməsi, ölkə rəhbərliyinin bu işə xüsusi diqqət göstərməsi, Qarabağın turizm imkanlarının genişləndirməsi istiqamətində tapşırıqlar verməsi dövlətin bu sahəyə dəstəyi kimi mühüm əhəmiyyət kəsb edir. Bölgədə aparılan genişmiqyaslı quruculuq işlərinin tərkib hissəsi kimi bu il Ağdamda müasir tələblərə cavab verən yeni otelin, Suqovuşanda isə turizm kompleksinin təməli qoyulub. Artıq dövlət səviyyəsində Şuşa və Ağdama xüsusi avtobus reysləri təşkil olunur. Azərbaycanda regionlar üzrə bu sahədə çox sürətli inkişaf gedir. Turizmin inkişafı büdcə gəlirlərinin artmasına, yoxsulluğun və işsizliyin azalmasına da stimul verir.

Mustafa KAMAL,

"Respublika".