Müasirləşən, görkəmi dəyişən əzəli torpaqlarımızda, qədim yurd yerlərimizdə görüşənədək...
Siyasət

Müasirləşən, görkəmi dəyişən əzəli torpaqlarımızda, qədim yurd yerlərimizdə görüşənədək...

İkinci Dünya müharibəsi başlayanda indiki nəslin böyük əksəriyyəti heç dünyaya gəlməmişdi. Müharibənin nə olduğunu sonralar oxuduğu kitablardan, seyr etdiyi filmlərdən və bir də müharibənin odundan-alovundan keçib sağ qalan müasirlərinin söhbətlərindən öyrənmişdi. Düşmənə, alman faşizminə nifrət etmək üçün elə bu da kifayət edirdi. İllər uzunu unutmadıq bu faciəni bu günümüzdə də yüngülləşməyən ağrı-acıları ilə yaşadıq. Ta ki, ermənilərin əfi ilan kimi baş qaldırıb üstümüzə sıçradığı günədək. Ancaq hər şeyin sonu var. 2020-ci il noyabrın 10-da varvarlığa, vəhşiliyə, bəşəriyyətə qarşı yönəlmiş erməni cinayətlərinə də son qoyuldu. Erməni öz əli ilə özünə ölüm fərmanı yazdı. Bir vaxt alman faşizmini lənətləyib, ondan da betər olan erməni faşizmini dəstəkləyənlər, ona qol-qanad verənlər də sülhsevər insanların, dövlətlərin qınağına tuş gələcəklər. Bəlkə də bunu gələcək nəsillər edəcək, bilmirəm, ancaq o gün gələcək. Bizim isə düşmənə və onun havadarlarına son zərbəmiz əzəli torpaqlarımızda məskunlaşmağımız olacaq.

Füzuli rayonu 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş, 1994-cü il yanvarın 5-də Horadiz və Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad edilmiş, qələbə ilə bitən bu əməliyyatlara ulu öndər Heydər Əliyevin əmri ilə başlanmışdı. Həmin vaxt həm də ermənilərin Beyləqana hücumunun qarşısı alınmış, silahlı qüvvələrimiz əks-hücuma keçərək qısa müddətdə Füzuli rayonunun böyük hissəsini azad etmişdi.

Füzulinin azad edilməsi Vətən müharibəsi tarixində əhəmiyyətli yer tutur. Şəhərin azad edilməsilə Ordumuz qələbəyə bir addım da yaxınlaşdı. Bununla düşmənin müdafiə potensialına güclü zərbə vuruldu, erməni ordusu xeyli canlı qüvvə və texnika itirdi, erməni əsgərləri arasında böyük ruh düşkünlüyü yarandı, Ermənistan ordusu birinci eşelon hissə və bölmələri ilə əks-hücum əməliyyatları keçirmək imkanından məhrum edildi. Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bu məsələyə toxunan Prezident İlham Əliyev deyib: “Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı... Bir daha demək istəyirəm ki, Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazırdırlar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi”.

Bu gün işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri aparılır. Füzuli rayonunda da bu proses xüsusi mürəkkəbliyi ilə seçilir, çünki şəhər tamamilə dağıdılıb, rayon ən çox minalanmış ərazi sayılır. Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidentinin prinsipiallığı və diqqəti nəticəsində qısa zamanda rayonda bir çox vacib işlər görülüb. Füzuli Beynəlxalq Hava Limanı tikilib, rayon enerji ilə təmin edilib. Bu konteksdə oktyabrın 17-də “Azərışıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməli qoyulub. Füzulidən Şuşaya çəkilən “Zəfər yolu”nun inşası da artıq yekunlaşıb, Füzuli-Əhmədbəyli-Şuşa magistral yolu, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolunun çəkilişi davam edir. Oktyabrın 17-də isə daha bir şəhərlərarası yolun, Füzuli-Ağdam avtomagistralının tikintisinin təməli qoyulub.

Dövlət başçısının rayona səfəri çərçivəsində “ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində yaradılacaq, 5 kəndi birləşdirəcək böyük yaşayış məntəqəsinin də təməlqoyma mərasimi keçirilib. İşğaldan sonra Füzuli rayonunda istifadəyə veriləcək ilk yaşayış məntəqəsində ümumilikdə 450 evin tikintisi nəzərdə tutulur.

Prezident İlham Əliyevin bu ilin avqustunda imzaladığı sərəncamla təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi” çərçivəsində salınacaq kənddə, həmçinin uşaq bağçası, məktəb də tikiləcək, kəndin mərkəzində meydan salınacaq, bazar yaradılacaq, kəndin ətrafında isə “Ağıllı kənd təsərrüfatı” sahəsi olacaq.  Bir sözlə, sakinlərin rahat yaşaması və kənd təsərrüfatı ilə məşğul olması üçün bütün zəruri işlər həyata keçiriləcək.

Füzuli-Ağdam avtomobil yolunun uzunluğu 64,8 kilometr, eni 15 metr təşkil edəcək, 4 hərəkət zolaqlı olacaq, layihəyə uyğun olaraq yolboyu körpülərin, avtobus dayanacaqlarının və digər yol infrastrukturunun inşası planlaşdırılır. Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yolun inşası Bərdədən Füzuliyədək insanların rahat gediş-gəlişini təmin edəcək.

Füzuli Beynəlxalq Hava Limanında da işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanında istənilən tip hava gəmisini qəbul etməyə imkan verən, uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə  zolağı istismara verilib. Burada baqaj konveyerlərinin, qeydiyyat sisteminin, VİP zalların, mağazaların, restoranların və digər məntəqələrin  işə salınması  nəzərə alınmaqla  saatda ən azı 200 sərnişinin buraxılışına imkan verən  terminalın tikintisi başa çatdırılıb.

Oktyabrın 17-də Prezident tərəfindən təməli qoyulan yeni yaşayış məhəlləsi 17,8 hektar ərazini əhatə edəcək, mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1,2,3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək.  Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə  məhəllədə 2860  nəfərin yaşaması nəzərdə tutulur.

Həyət tipli plan quruluşlarına malik yaşayış  məhəlləsinin inşasında ənənəviliklə müasirlik vəhdət təşkil edəcək. Bu kompleks şəhərin gələcək  memarlıq simasının müəyyənləşməsinə təkan verəcək.

Yaradılacaq Mərkəzi Şəhər Parkında  şəhər sakinləri və qonaqlar üçün 21 hektarlıq böyük meşə  parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ  ağaclar əkiləcək. Bununla yanaşı, sakinlərin asudə vaxtının maraqlı təşkili məqsədilə istirahət guşələri, müxtəlif tədbirlər üçün  amfiteatr zonası, kempinq və istirahət yeləri,  uşaq və gənclərin yaş qruplarına uyğun əyləncə zonaları, ekstrim velosiped sahəsi və digər guşələr yaradılacaq.

Parkda  salınacaq su hövzəsi kafe və restoranlarda dincələn sakinlər üçün fərqli mənzərə yaradacaq. Ərazidə 8,2 kilometr uzunluğunda velosiped və 7,5 kilometr uzunluğunda piyada yollarının  salınması planlaşdırılır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda ağac əkiblər.

Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Memorial Kompleksin  və şəhərin bərpasının təməl daşını da qoyublar. Bundan başqa, Füzuli şəhərinin baş planı da   təsdiqlənib. Baş plana əsasən Füzuli ən müasir yaşayış məskəninə çevriləcək, indi işğaldan əvvəlki ilə müqayisədə  daha geniş əraziyə malik olacaq.

Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev deyib: “Bu gün Füzuli şəhərinin baş planı təqdim ediləcək. Artıq mənə bu baş plan  təqdim edildi. Bu gün bərabər bu plana baxarıq. Bizim mütəxəssislərimiz bu plan üzərində  uzun aylar ərzində işləyiblər. Bu gün biz hamımız bu layihə ilə bir daha tanış olarıq. Zəfər muzeyinin, İşğal muzeyinin  təməli qoyulacaq.

Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki,  maksimum qısa müddət ərzində  Füzuli şəhəri də,  rayonun kəndləri də çiçəklənəcək.  Biz azad edilmiş  ərazilərdə ən müasir texnologiyaları tətbiq edirik. Bu, artıq reallıqdır”.

Zaman... İndi azad edilmiş əraziləri cənnətə,  çiçəklənən məkana çevirmək üçün bizə yalnız zaman gərəkdir. Və bu zamanın fövqündə dünən, bu gün  yaşananlar isə tarixə dönəcək. Elə yurd yerlərimizin, əzəli torpaqlaqrımızın həsrətinə, nisgilinə də zaman son qoyacaq, yaralarına da məlhəmi o çəkəcək.  Müasirləşən,  görkəmi dəyişən əzəli torpaqlarımızda, qədim yurd  yerlərimizdə görüşənədək!..

Zümrüd QURBANQIZI,

”Respublika”.