MÜASİR VƏ YÜKSƏK TEXNOLOJİ SİLAHLARLA TƏCHİZ OLUNMUŞ QÜDRƏTLİ ORDUMUZ
Siyasət

MÜASİR VƏ YÜKSƏK TEXNOLOJİ SİLAHLARLA TƏCHİZ OLUNMUŞ QÜDRƏTLİ ORDUMUZ

2020-ci il sentyabrın 27-si hərbi təxribata əl atmış düşmən heç zaman üzləşmədiyi güc qarşısında məğlubiyyətə məhkum idi

44 gün davam etmiş Vətən müharibəsi həm də Azərbaycan tərəfindən yüksək texnologiyalı silah sistemlərinin tətbiq edildiyi bir müharibə kimi tarixə düşmüşdür. Döyüş əməliyyatlarında Azərbaycan Ordusu arsenalında olan müasir silahlardan, o cümlədən idarəolunan raketlər və pilotsuz uçuş aparatlarından uğurla və koordinasiyalı şəkildə istifadə etmişdir.

Kəşfiyyat, kəşfiyyat-zərbə və kamikadze PUA-ların şəbəkə halında tətbiqi, eyni zamanda artilleriya bölmələri ilə əlaqəli istifadəsi qısa zamanda öz effektini vermiş, düşmənin cəbhənin ön xəttində və dərinliyindəki hərbi texnikaları, artilleriya sistemləri, tankları, zenit-raket kompleksləri və sursat anbarları məhv edilmişdir. Hərbi əməliyyatlarda kamikadze dronların və kəşfiyyat-zərbə PUA-larının hücumları tarixdə ikinci Pörl-Harbor hadisəsini yaşatmışdı. Döyüş əməliyyatlarının ilk 48 saatı ərzində PUA-lar vasitəsilə düşmənin ön xəttə yaxın yerləşdirilmiş azı 24 ədəd "Osa", "Kub", "Strela-10", S-125 zenit-raket kompleksləri, radiolokasiya stansiyaları, sonrakı günlərdə isə  S-300 ZRK-i və onun radiolokasiya stansiyası məhv edilmişdi.

Zərbələrin endirilməsində əsasən "Bayraktar TB2" kəşfiyyat-zərbə PUA və "Harop" kamikadze dronlarından istifadə olunmuşdur. Döyüşlərdə Türkiyə və İsrail istehsalı olan PUA-lar ilk dəfə inteqrasiya edilmiş şəkildə eyni komanda mərkəzindən idarə olunurdu. TB2 PUA ilə aşkarlanmış hədəflərə "Harop" və "Zərbə" kamikadze dronlarının istiqamətləndirilməsi həyata keçirilmişdir. Sonrakı günlərdə dronlar vasitəsilə düşmənin 2 ədəd "Scud-B" ballistik raketinin işəsalma qurğusu və bir ədəd "Toçka-U" əməliyyat taktiki raket kompleksi, Ermənistan hava hücumundan müdafiə qoşunlarının 7 ədəd S-300PS və silahlanmaya yeni qəbul olunmuş 4 ədəd "Tor-M2MK" zenit-raket kompleksi məhv edilmişdir.

Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi general-polkovnik Movses Akopyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirmişdir ki, Ermənistan tərəfi döyüşlərin gedişatında Rusiyadan alınmış "Pole-21" radioelektron mübarizə (REM) kompleksi ilə ilk günlər TB2-lərin işini müəyyən dərəcədə pozmağı bacarsa da, 4 gün sonra adıçəkilən sistem heç bir işə yaramayıb. PUA-lar əvvəlki qaydada Ermənistan ordusunun ön xətdə və cəbhənin dərinliyindəki obyektlərini vurmağa davam edirdi. "Radioelektron Mübarizə Elmi-Texniki Mərkəzi" Səhmdar Cəmiyyəti tərəfindən yaradılmış kompleks strateji obyektlərin GPS, QLONASS, Galileo və Beidou peyk sistemlərindən istifadə edən qanadlı raketlərdən, idarəolunan bombalardan və PUA-lardan müdafiəsini təmin edirdi. Generalın fikirlərindən aydın olur ki, düşmən "Pole-21" REM kompleksindən tək PUA-ların işini iflic etməyə çalışmayıb. Həm də GPS naviqasiyasından istifadə edən yüksək dəqiqlikli raketlərə də maneə qoymağa cəhd etmişdi.

Döyüşlərdə Azərbaycan Ordusu tərəfindən "Bayraktar TB2" kəşfiyyat-zərbə, "Aerostar", "Hermes-450", "Hermes-900" və "Heron" taktik, "Orbiter-3" mini taktik, "Orbiter-2" mini kəşfiyyat pilotsuz uçuş aparatlarından, "Harop", "Green Dragon", "SkyStirker", "Zərbə" və "Karğu" tipli kamikadze dronlardan geniş istifadə olunmuşdur. TB2 PUA-ları "Roketsan" şirkətinin istehsalı olan 8 km mənzilə sahib MAM-L idarəolunan döyüş sursatları ilə tanklara və digər zirehli hədəflərə qarşı effektivlik nümayiş etdirilmişdi.

Kəşfiyyat PUA-ları tərəfindən aşkarlanan hədəflərə kamikadze dronların və zərbə PUA-ların istiqamətləndirilməsi, müxtəlif ölkələrdən alınmış sistemlərin bir mərkəzdən inteqrə edilmiş halda istifadəsi Müdafiə Nazirliyinin yayımladığı videolarda da aydın görünür. PUA-larla yanaşı, düşmənin HHM sisteminin (S-300, S-125 və Tor-M2MK) aşkarlanmasında Azərbaycan Ordusu hava hədəfinə çevirdiyi köhnəlmiş An-2 təyyarələrindən geniş istifadə etmişdi. AN-2-lər həm də düşmən mövqelərinə qarşı kamikadze hücumlarında istifadə olunurdu. Düşmənin HHM sistemi zərərsizləşdirildikdən sonra pilotsuz kəşfiyyat aparatlarının, hərbi aviasiyanın helikopter və təyyarələri döyüşə daxil edilmişdi.

PUA-larla əlaqəli və avtonom şəkildə müxtəlif sensor sistemlərinin tətbiqi düşmənin canlı qüvvəsi və döyüş texnikalarının, xüsusilə artilleriya qurğularının və REM vasitələrinin aşkarlanmasında əhəmiyyətli rol oynamışdı. Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən düşmənin 5 ədəd Su-5 tipli döyüş təyyarəsi, 22 PUA-sı, eləcə də Gəncə, Mingəçevir, Kürdəmir və Abşeron rayonu ərazisinə atılan ballistik raketləri vaxtında aşkarlanaraq havada zərərsizləşdirilmişdi.

Döyüşlərdə "Spike" tank əleyhinə idarə olunan raketlərin (TƏİR) müxtəlif modifikasiyaları, habelə "Kornet", "Skif" və "Baryer" tipli TƏİR-lər düşmənin zirehli tank texnikasına və möhkəmləndirilmiş müdafiə mövqelərinə qarşı uğurla tətbiq edilmişdir. Bu gün tam əminliklə deyə bilərik ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tətbiq etdiyimiz bu taktika öz bəhrəsini verdi. Vətən müharibəsində müasir "Polonez" və LORA əməliyyat-taktiki raket kompleksləri (ƏTRK), idarəolunan TRG-300, lazerlə hədəfə yönləndirilən TRLG-230 və EXTRA raketlərinin tətbiqi düşmənin cəbhənin dərinliyindəki strateji obyektlərinin, sursat anbarlarının və hərbi bazalarının yüksək dəqiqliklə məhv edilməsinə imkan vermişdi.

"Polonez" və LORA əməliyyat-taktiki raket kompleksləri düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunlarının əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurmaq üçün təyin olunmuşdu.

Ümumiyyətlə, əməliyyat-taktiki raket kompleksləri döyüşdə döyüş nöqtəsi əldə etməkdən ötrü ordu komandanlığının təklifi və ölkə rəhbərliyinin, cənab Ali Baş Komandanın qərarı əsasında tətbiq edilir. Belə komplekslər əsasən düşmənin cəbhə xəttindən 500 km-dək məsafədə əməliyyat dərinliyində yerləşən hədəflərinə qarşı istifadə olunur. Strateji hədəflər olaraq dərinləşdirilmiş komanda məntəqələri, sursat və yanacaq anbarları, rabitə qovşaqları, HHM vasitələri, aerodromlar nəzərdə tutulur.

İstənilən müasir müharibədə bütün silah növləri kompleks şəkildə tətbiq edilir. Bu kompleksə, eləcə də PUA və müasir raket-artilleriya sistemləri daxildir. Hazırda PUA-lar həm döyüş təminatı tapşırıqlarını, yəni kəşfiyyat, rabitə, müşahidə, hədəfgöstərmə və s. həm də döyüş tapşırıqlarını  yerinə yetirir. Bu silah növlərinin birgə tətbiqi isə həm atışın dəqiqliyini yüksəldir, həm də operativliyi artırır. Və 44 günlük Vətən müharibəsində tətbiq edilən bu taktika öz bəhrəsini vermiş, düşmənin həm çox sayda canlı qüvvəsi, həm də silah-texnika nümunələri belə tandemin sayəsində məhv edilmişdir.

Azərbaycan Ordusunun silahlanmasında yer alan "Qasırğa" uzaqmənzilli raket kompleksi Vətən müharibəsində uğurla tətbiq edilmişdi. Müdafiə Nazirliyinin yayımladığı videogörüntülərdə döyüşlər zamanı Azərbaycan Ordusunun raket-artilleriya bölmələri tərəfindən "Qasırğa" kompleksləri ilə düşmən mövqelərinə dəqiq atəş zərbələri edilməsi müşahidə olunurdu. Azərbaycan Ordusunun silahlanmasındakı "Qasırğa"lar Ermənistanın dərinlikdəki strateji hədəflərini vurmağa imkan vermişdir.

"Roketsan" şirkəti tərəfindən hazırlanan TRLG-230 raketi də çox uğurlu şəkildə ilk dəfə Azərbaycan ordusu tərəfindən Qarabağ savaşında tətbiq edilmişdir. 230 mm-lik TRLG-230 raketi 20-70 kilometr mənzillidir və lazer tuşlama sisteminə malik olduqdan sonra onları hədəfə pilotsuz uçuş aparatları vasitəsilə yönləndirmək mümkündür. Belə ki, müharibə zamanı Azərbaycana çatdırılan TRLG-230 raketləri "Bayraktar TB2" PUA-larının təsbit etdiyi və lazerlə işarələdiyi hədəflərə dəqiq zərbə endirməyə imkan verirdi.

Düşmənin uzun illər ərzində yaratdığı istehkamların keçilməsində, maneələrin dağıdılmasında mühəndis-istehkam qoşunlarının silahlanmasındakı İMR-3M mühəndis maşınları, eləcə də mexanikiləşdirilmiş körpülərdən bu sədlərin dağıdılmasında və keçilməsində effektiv şəkildə istifadə edilmişdi.

Döyüşlər zamanı ordumuzun istifadəsində yer alan müasir zirehli nəqliyyat vasitələrindən yerli istehsal olan "Marauder" və "Matador", həmçinin Türkiyə istehsalı olan "Cobra"lar heyəti mina partlayışlarından, qəlpələrdən və güllələrdən qoruyaraq yüksək performans nümayiş etdirmişdi.

Regiondakı təhlükəsizlik təhdidləri Azərbaycan Ordusunun daim yeni silah və texnikalarla təchiz edilməsini prioritet olaraq qarşıya qoymuşdur. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışlarında bunu dəfələrlə vurğulayaraq, yüksək dəqiqliyə və böyük dağıdıcı gücə malik silahların alınmasına üstünlük verildiyini bildirmişdir. Bu kontekstdə, növbəti yaxın perspektivdə Azərbaycan Ordusunun yüksək dəqiqliyə malik raket-artilleriya və digər döyüş vasitələri ilə silahlandırılmasının davam edəcəyi gözlənilir.

Biz artıq Birinci və İkinci Qarabağ müharibələrindəki şəhidlərimizin qisasını aldıq və mübarizəmizi döyüş meydanında qələbə ilə tamamladıq. Bu müharibə haqqın nahaq üzərindəki qələbəsi, xeyirin şəri məğlub etməsi idi. Baxmayaraq ki, 44 günlük döyüş tarixi payız aylarına təsadüf etdi, lakin təbiət də, hava da sanki Azərbaycan Ordusunun haqq savaşının tərəfində idi. Nəticədə, bütün dünya Azərbaycanın hərbi gücünün, Ermənistan isə özü üçün yaratdığı "yenilməz" mifinin necə darmadağın olduğunun şahidi oldu.

44 günlük Vətən müharibəsi illər ərzində formalaşan Azərbaycan Ordusunun gücünün, qüdrətinin göstəricisi idi. Bundan sonra nəinki Ermənistan, hətta ölkəmizə qarşı edilən bütün digər təhdidlərə lazımi zamanda cavabvermə qabiliyyətinə malik hərbi gücümüzün olduğu hər kəsin barışmalı olduğu reallıqdır.

Emin QASIMOV,

"Respublika".