Müasir və yüksək texnologiyalar sənayenin davamlı inkişafına təkan verir
Digər xəbərlər

Müasir və yüksək texnologiyalar sənayenin davamlı inkişafına təkan verir

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də yaddaqalan nailiyyətlər qazanılıb. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin dövlət idarəçiliyindəki uzaqgörənliyi ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarıb. Bu illər ərzində dövlət başçısının rəhbərliyi ilə respublikamızda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsi bu sahənin dayanıqlılığını təmin etməkdədir. Azərbaycan iqtisadiyyatın bütün sahələrində, eləcə də sənayenin inkişafında böyük uğurlar əldə edir. Bu gün iqtisadi fəallığın artırılması, dayanıqlı inkişafın təmin olunması məqsədilə ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal obyektlərinin, sənaye parklarının yaradılması da intensiv xarakter daşıyır.

Sənaye parklarının yaradılmasında əsas məqsəd innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafına, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılmasına və bu sahədə sahibkarlığın dəstəklənməsinə nail olmaqdır. Eyni zamanda, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması kimi məsələlər də qarşıda mühüm vəzifələr kimi durur.

Dünyadakı qabaqcıl təcrübə nəzərə alınmaqla yaradılan sənaye parkları milli iqtisadiyyatımızın sənaye sektorunun inkişafına güclü impuls verən amillərdən biri qismində çıxış edir. Azərbaycanın ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkı (SKSP) Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Cənubi Qafqazın ən böyük Sənaye Parkının ərazisində neft-kimya, kimya, tikinti materiallarının istehsalı və digər prioritet sənaye sahələri üzrə müəssisələr fəaliyyət göstərir, həmçinin yeni istehsal və emal müəssisələri yaradılır. Dövlətimizin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən biri də sənayeləşmə strategiyasıdır. Əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə, neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Bu strategiyanın uğurlarını Sumqayıt Kimya Sənaye Parkının timsalında görmək olar. Burada məhsul istehsalı və ixrac istiqamətlərində müsbət dinamika mövcuddur.

2021-ci il yanvarın 18-də Sumqayıta səfəri zamanı Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında "Azərsulfat" MMC-nin sulfat turşusu istehsalı, "Glassica" QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlqoyma və "Azerfloat" QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılış mərasimlərindən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibəsində demişdir: "Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir. Eyni zamanda, son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Sumqayıt üçün bunun xüsusi əhəmiyyəti var. ...Bildiyiniz kimi, sovet vaxtında burada tikilmiş çoxsaylı müəssisələr istismar müddətini başa vurmuşdu, sıradan çıxmışdı və ekoloji vəziyyətə çox mənfi təsir göstərirdi. O müəssisələr söküldü və mənim göstərişimlə 10 il bundan əvvəl onların ərazisində 500 hektar sahəni əhatə edən Sumqayıt Kimya Sənaye Parkı yaradıldı. Son illər ərzində bu sənaye parkı o qədər böyüdü və genişləndi ki, artıq göstəriş verilib ki, əlavə torpaq sahələri tapılsın və bu istiqamətdə işlər aparılır".

Bu il iyulun 20-də Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib. Təməli 2021-ci il yanvarın 18-də dövlətimizin başçısı tərəfindən qoyulan, ümumi investisiya dəyəri 20 milyon manatdan çox olan "Glassica" Qapalı Səhmdar Cəmiyyətində il ərzində 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) istehsal olunacaq. Müəssisədə istehsal edilən məhsullar daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq. Sənaye Parkının 2,6 hektar ərazisində inşa edilmiş müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək. Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də "Az-Tex-Import" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Sənaye Parkının 4 hektar ərazisində yaradılan MMC İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə "IVECO" markalı yüngül, orta və ağırtonnajlı yük və xüsusi təyinatlı avtomobillər istehsal edəcək. Sonra dövlətimizin başçısı "Azərsulfat" Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni inşa edilmiş sulfat turşusu istehsalı müəssisəsində yaradılan şəraitlə tanış olub. Sulfat turşusu istehsalı müəssisəsi Sənaye Parkının 1,5 hektar ərazisində inşa edilib. Müəssisədə mineral gübrələrin (superfosfat, amonium-sulfat) istehsalında, kimya sənayesi və metallurgiyada, neft sənayesində təmizləyici maddə kimi istifadə olunan sulfat turşusu məhsulunun istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 20 min tondur. Onun 10 min tonu daxili bazar, 10 min tonu isə ixrac üçün planlaşdırılır. Artıq Gürcüstandan "Rustavi azot" müəssisəsi ilə müqavilə bağlanılıb. Qazaxıstan və Rusiyadan da sulfat turşusu üçün müraciətlər daxil olur. Daxili bazarda da tələbat artmaqdadır. Ümumi investisiya həcmi 10 milyon manatdan çox olan müəssisənin məhsulları ilkin mərhələdə daxili tələbatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələlərdə isə Gürcüstana və Rusiyaya ixrac olunacaq.

Sumqayıt Kimya Sənaye Parkının digər bir rezidenti "4MAPS Bilgi Teknolojileri" Məhdud Məsuliyyətli Cəmiyyəti Sənaye Parkının 1,5 hektar ərazisində "Tədqiqat və inkişaf, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili" layihəsini həyata keçirəcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 750 daimi iş yerinin yaradılması nəzərdə tutulur. Sumqayıt Kimya Sənaye Parkından sonra ölkəmizdə Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı parkları yaradılıb. Daha iki sənaye parkı isə Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə qurulub.

Bu günlərdə Sumqayıt Kimya Sənaye Parkının rezidenti "SOCAR Polymer" MMC beynəlxalq sertifikatlara layiq görülüb. MMC Avstriyanın "TÜV Austria Cert GmbH" şirkətinin bir neçə "IMS" sertifikatını ("Keyfiyyət İdarəetmə Sistemi", "Ətraf Mühiti İdarəetmə Sistemi", "Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyini İdarəetmə Sistemi" beynəlxalq standartlarını) alıb. "SOCAR Polymer" MMC-nin fəaliyyətinin beynəlxalq standartlara cavab verdiyini əks etdirən bu sertifikatlar şirkətin istehsal etdiyi məhsulun ixrac imkanlarının daha da genişləndirilməsinə imkan yaradacaq. "SOCAR Polymer" MMC 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Şirkət Sənaye Parkının ərazisində fəaliyyət göstərən və Kanada, Avstriya texnologiyalarından istifadə etməklə yaradılan müəssisənin illik gücü 184 min ton polipropilen (PP) və 120 min ton yüksək sıxlıqlı polietilen istehsalıdır. İndiyədək "SOCAR Polymer" MMC 984 milyon manatlıq məhsul istehsal edib, bunun da 885 milyon manatlıq hissəsi (90%-i) ixrac edilib. İstehsal olunan məhsullar dünyanın 15 ölkəsinə "Made in Azerbaijan" brendi ilə ixrac olunur. İnvestisiya dəyəri 864 milyon ABŞ dolları olan müəssisədə 750 nəfərdən çox insan daimi işlə təmin edilib.

Bütün bunlar Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin real nəticələridir. Bu baxımdan, müasir və yüksək texnologiyalara əsaslanan sənayenin tərəqqisinə təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parklarının və məhəllələrinin qurulması xüsusi əhəmiyyət kəsb edir.

M.MİRZƏ,

"Respublika".