MÜASİR TİBB OCAQLARI
Səhiyyə

MÜASİR TİBB OCAQLARI

Musaküçə və Yeddioymaq kənd həkim məntəqələri üçün yeni binalar inşa olunub. Geniş və işıqlı otaqlardan ibarət tibb ocaqları müasir avadanlıqlar, təzə tibbi ləvazimatlarla tam təchiz olunub. Yerli sakinlərin sağlamlığına xidmət edəcək məntəqələrdə ilkin tibbi yardım, peyvəndlənmənin aparılması və tibbi-profilaktik tədbirlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılıb.

Yeni səhiyyə müəssisələrinin açılışına həsr edilmiş mərasimlərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin üzvü Məşhur Məmmədov, şəhid və qazi ailələri, səhiyyə işçiləri və kənd sakinləri iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb, yeni həkim məntəqələrinin istifadəyə verilməsini Azərbaycan Prezidenti cənab İlham Əliyevin regionlarda səhiyyənin inkişafına göstərdiyi yüksək qayğının nəticəsi kimi qiymətləndirib. Kənd sakinlərini, səhiyyə işçilərini təbrik edib onlara sağlam həyat arzulayıb.

İcra başçısı bildirib ki, səhiyyə işçiləri işi günün tələblərinə uyğun qurmalı, vətəndaşların peyvəndlənməsinə xüsusi diqqət yetirməlidirlər. Peyvəndlənmə tez başa çatarsa, xəstələrin sayı da azalacaq. Bu məsul işdə səhiyyə işçilərinə uğurlar arzulayan icra başçısı sakinlərə vaksin olunmağı tövsiyə edib.

Milli Məclisin deputatı Məşhur Məmmədov mərasimdə çıxış edərək rayonda sosial sahənin inkişafına, əhalinin sağlamlığının qorunmasına lazımi diqqət yetirildiyini vurğulayıb,  tibb işçilərinin bundan sonra da nümunəvi çalışacaqlarını və xidmətin keyfiyyətini yüksəldəcəklərinə əminliyini bildirib.

Musaküçə kənd tam orta məktəbinin direktor müavini Rizvan Rzayev, kənddəki həkim məntəqəsinin müdiri Şəbnəm Şükürova, Yeddioymaq kənd sakini Ramiz Kazımov, həkim məntəqəsinin müdiri Güloğlan Alışanov və başqaları səhiyyənin maddi-texniki bazasının  möhkəmləndirilməsinə, səhiyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərdikləri qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Tədbir iştirakçıları həkim məntəqələrində yaradılan şəraitlə yaxından tanış olublar.

Əlisəfa HƏSƏNOV,

    “Respublika”.