Müasir standartlara uyğun gömrük xidməti iqtisadi təhlükəsizliyin daha etibarlı qorunmasında mühüm rol oynayır
MÜSAHİBƏLƏR

Müasir standartlara uyğun gömrük xidməti iqtisadi təhlükəsizliyin daha etibarlı qorunmasında mühüm rol oynayır

Müsahibimiz Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevdir

–Səfər müəllim, Dövlət Gömrük Komitəsinin yaradılmasının 30-cu ildönümü tamam olur. Müstəqil Azərbaycan gömrüyü demək olar ki, dövlət müstəqilliyimizlə həmyaşıddır. Müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsində gömrük xidmətinin

rolunu necə qiymətləndirirsiniz?

–Doğrudur, Dövlət Gömrük Komitəsi dövlət müstəqilliyinin bərpasından üç ay sonra - 1992-ci il yanvarın 30-da yaradılıb. Bu da təsadüfi deyildi. O zaman dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən biri də ölkənin iqtisadi maraqlarının və mənafelərinin qorunması, səmərəli xarici-iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi. Qısa zaman kəsiyində ölkənin milli gömrük xidmətinin yaradılması və formalaşdırılması bütün kəskinliyi ilə qarşıda dururdu.

Həmin illərdə Dövlət Gömrük Komitəsi yaradılsa da, lakin mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan vermədi. Yalnız ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində bütün sahələrdə olduğu kimi, gömrük sistemində də islahatlar aparıldı, Dövlət Gömrük Komitəsinin fəaliyyətində ciddi dönüş yarandı.

Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, "gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir". Dahi rəhbər Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini müstəqil və yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələr və bu qurumun modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində bu gün Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb.

Siyasi və iqtisadi kataklizmlərin yaşandığı indiki dünyada, xüsusilə gənc dövlətlərin real müstəqillik təşəbbüsləri və müstəqilliyi möhkəmləndirmək səyləri çox aktualdır. Azərbaycan Prezidenti İlham Əliyevin də bildirdiyi kimi, "müstəqillik bizim ən böyük sərvətimiz, ən böyük dəyərimizdir". Dövlət başçısının işlətdiyi daha bir ifadə var ki, Azərbaycan heç vaxt indiki kimi güclü olmayıb. Güclü və müstəqil Azərbaycan dövlətinin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 30 ilə yaxın işğal altında qalan ərazilərimizi 44 günlük müharibə ərzində azad etdi, Qarabağ həsrətinə son qoydu.

Bu sevinci, bu qüruru bizə yaşatdıqları üçün bir daha şəhidlərimizin ruhu qarşısında baş əyir, onların valideynlərinə dərin təşəkkürümüzü bildirir, başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla şanlı Azərbaycan Ordusunun hər bir mənsubuna dərin minnətdarlıq hisslərimizi çatdırırıq.

Şübhəsiz ki, 2020-ci ildə qazanılan bu zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 30 il əvvəl müstəqilliyini bərpa edən, ərazilərinin 20 faizi işğal altında olan, əhalisinin bir milyona qədəri yurd-yuvasından didərgin düşən, davamlı olaraq xarici düşmənlərin və onların daxildəki tərəfdarlarının təzyiq və təcavüzünə məruz qalan bir xalqın, dövlətin qısa zaman kəsiyində bu qədər uğur əldə etməsi uzaqgörən və düşünülmüş siyasətin, dəqiq strateji hədəflərin və yüksək idarəçilik qabiliyyətinin, bir sözlə, ümummilli lider Heydər Əliyev dühasının sayəsində mümkün ola bilərdi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən bu siyasət Azərbaycanı qüdrətli dövlətə, regionun lider ölkəsinə, beynəlxalq birliyin etibarlı üzvünə çevirdi. Dövlət başçısının Vətən müharibəsinə qədər və müharibə dövründə həyata keçirdiyi siyasət hazırda işğaldan azad olunan ərazilərimizdə aparılan quruculuq, abadlıq işləri ilə uğurla davam etdirilir. Minatəmizləmə əməliyyatları, sürətli quruculuq, bərpa işləri, yeni inşa olunan yaşayış məntəqələri, yollar, kommunikasiya xətləri, bir sözlə, genişmiqyaslı quruculuq işləri bir daha ölkəmizin, Ordumuzun və onun Müzəffər Ali Baş Komandanının gücündən, qətiyyətindən xəbər verir.

–Azərbaycan gömrüyü ölkənin sosial-iqtisadi inkişafına hansı töhfələri verir?

–Ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək, qarşıya qoyulan vəzifə və tapşırıqları yüksək səviyyədə yerinə yetirmək istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən ötən dövrlərdə olduğu kimi, 2021-ci il ərzində də müəyyən edilmiş proqnoz göstəriciləri uğurla həyata keçirilib, gömrük nəzarəti və gömrük qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri gücləndirilib, Komitənin maddi-texniki bazası möhkəmləndirilib, şəxsi heyətlə aparılan işin səmərəliliyi artırılıb.

Prezident İlham Əliyev hər bir sahədə olduğu kimi, gömrük sisteminin də bütün istiqamətlər üzrə daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, son illər Azərbaycan gömrük xidməti dinamik inkişaf edir və yeni, müasir layihələr həyata keçirməklə beynəlxalq standartlara cavab verən təşkilat kimi inamla irəliləyir. Son illər gömrük sistemində şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması və digər sahələrdə islahatların əhatə dairəsi genişləndirilib ki, bu da xidmət mədəniyyətinin yüksəldilməsində, xarici ticarət iştirakçılarında könüllü riayət prinsiplərinin formalaşdırılmasında və beynəlxalq ticarətin asanlaşdırılmasında əhəmiyyətli rol oynayıb.

"Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Qanununa əsasən 2021-ci il ərzində Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 milyard 900 milyon manat proqnoza qarşı 4 milyard 342 milyon 967 min manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib və büdcə öhdəliyinə 111,36 faiz əməl olunub.

Onu da qeyd edim ki, 2022-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün 4 milyard 260 milyon manat həcmində büdcə proqnozu müəyyən edilib.

Dövlət Gömrük Komitəsi mallar və nəqliyyat vasitələri üzərində həyata keçirilən gömrük nəzarətinin səmərəliliyinin artırılması, sadələşdirilmiş gömrük nəzarəti metodlarının tətbiqi, ticarətin asanlaşdırılması və beynəlxalq miqyasda əməkdaşlığın gücləndirilməsi, tranzit potensialının inkişaf etdirilməsi, o cümlədən gömrük sisteminin beynəlxalq təcrübə nəzərə alınmaqla daha müasir və yeni çağırışlara cavab verən model əsasında formalaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirməkdədir.

Məlumdur ki, xarici ticarət iştirakçılarında könüllü riayət mədəniyyətinin formalaşdırılması, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin daha çevik və şəffaf həyata keçirilməsi məqsədilə 1 fevral 2019-cu il tarixindən "Yaşıl dəhliz" buraxılış sistemi tətbiq edilir.

"Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar 2021-ci il ərzində 206 xarici ticarət iştirakçısı müraciət edib. Daxil olmuş müraciətlərin təhlilinin nəticəsi olaraq 33 xarici ticarət iştirakçısına ixrac, 63 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə 96 xarici ticarət iştirakçısına "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilib.

Onu da bildirim ki, ümumilikdə 2019-cu ildən "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar 1049 xarici ticarət iştirakçısı müraciət edib. Daxil olan müraciətlərin təhlilinin nəticəsi olaraq 266 xarici ticarət iştirakçısına ixrac, 491 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə isə 757 xarici ticarət iştirakçısına "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilib.

Hesabat dövründə gömrük təmsilçiliyi sisteminin daha da inkişaf etdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən "Azərbaycan Gömrük Broker Xidməti Şirkətlərinin Assosiasiyası" İctimai Birliyinin yaradılmasına dəstək göstərilib. Assosiasiyanın hədəfləri gömrük broker xidmətləri sahəsində fəaliyyət göstərən şirkətləri vahid platformada birləşdirərək onların arasında bilik və təcrübə mübadiləsinin təmin edilməsinə yardım etmək, xarici iqtisadi fəaliyyət sahəsində qarşılaşdıqları problemlərin həllinə yardımçı olmaq, müasir texnologiyaların və beynəlxalq standartların tətbiqinə dəstək vermək, gömrük qanunvericiliyi və gömrük işinin təşkili sahəsində xarici iqtisadi fəaliyyət iştirakçılarının maarifləndirilməsini həyata keçirmək, digər dövlətlərin analoji assosiasiyaları ilə əlaqələr yaradaraq əməkdaşlığı genişləndirmək və dövlət tərəfindən müəyyən edilən siyasi kursu təbliğ etməkdir.

–Ötən il gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində hansı tədbirlər görülüb?

–Gömrük qanunvericiliyinin tələblərini təmin etmək və bu qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısını almaq üçün müvafiq araşdırmalar aparmaq məqsədilə 2021-ci il ərzində həyata keçirilən kompleks tədbirlər nəticəsində 17144 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan 418-i cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 6 milyon 504 min manatdan çox təşkil edib.

"Valyuta tənzimi haqqında" Qanuna və digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 137 910 ABŞ dolları, 3 348 000 rus rublu, 41 550 avro, 6820 gürcü larisi, 50300 saxta ABŞ dolları, eləcə də 7328 ədəd qızıl zinət əşyaları, sikkələr və külçələr, 428 ədəd gümüşdən hazırlanmış məişət və zinət əşyaları, 11 692 karat qiymətli daşlar və s. aşkar olunub.

Hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün həyata keçirilən tədbirlər nəticəsində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 1 780 380 ədəd xaricdə istehsal olunan siqaretlər, 3389,12 litr spirtli içkilər, həmçinin aksiz markalarının tətbiqi qaydalarının pozulması halları ilə əlaqədar Azərbaycan Respublikasının aksiz markası ilə markalanmış 93 021,5 litr spirtli içki saxlanılıb. Bundan əlavə, 237,4 litr təşkil edən 210 ədəd saxta aksiz markası ilə markalanmış müxtəlif markalı spirtli içkilərin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli, 1334 saylı Sərəncamı ilə təsdiq edilən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın icrasını təmin etmək və gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş tədbirlər nəticəsində 2021-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 55 fakt aşkar olunub.

Bu faktlar üzrə ümumilikdə 3 ton 43 kq 507 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb. 2020-ci illə müqayisədə 2021-ci ildə götürülmüş narkotiklərin miqdarı 2 dəfədən çox artıb. 2021-ci ildə götürülən narkotiklərin içərisində daha ağır və təhlükəli narkotiklər olan heroin və metamfetaminin xüsusi çəkisinin kəskin artması ciddi narahatlıq doğurur. Belə ki, 622 kq 75 qramı maye halında olmaqla 2 ton 106 kq 135 qram heroin (2020-ci illə müqayisədə 47% çox), 194 kq 122 qram metamfetamin (2020-ci illə müqayisədə 30 dəfə çox) tutulub ki, bu da ümumi götürülən narkotiklərin 75%-dən çoxunu təşkil edir.

Bundan əlavə, hesabat dövründə gömrük orqanları tərəfindən 1504 ədəd mobil telefon və 6464 ədəd mobil telefonların aksesuarları, 274033 ədəd pirotexniki məmulatlar, 2 ədəd pnevmatik silah, 390 ədəd soyuq silah və xeyli miqdarda digər mallar tutulub. Sözügedən dövrdə gömrük orqanları tərəfindən 101 hüquqpozma faktı üzrə 749 435 manat dəyərində dərman vasitələrinin, 255 582 manat dəyərində qida əlavələrinin, 40472 manat dəyərində tibbi ləvazimatların qanunsuz dövriyyəsinin qarşısı alınıb.

–Dövlət Gömrük Komitəsinin fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi barədə nə deyə bilərsiniz?

–Əvvəlki illərdə olduğu kimi, 2021-ci ildə də gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin təkmilləşdirilməsi, məlumatların yoxlanılması və emalı, biznes prosesinin təkmilləşdirilməsi, innovasiya layihələrinin tətbiqi, korporativ şəbəkənin genişləndirilməsi və təkmilləşdirilməsi, elektron gömrük xidmətlərinin təşkili, gömrük xidmətinin informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikası xarici ticarətinin təhlilinin aparılması və gömrük statistikasının təkmilləşdirilməsi sahələrində bir sıra işlər görülüb.

Eyni zamanda, Komitənin rəsmi saytında yeni funksional bölmələr yaradılıb, məlumatlar mütəmadi yenilənib. "Smart Customs" mobil tətbiqinin yeni versiyası hazırlanıb. e.customs.gov.az portalında təqdim edilən elektron xidmətlərdən beşi ("Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət", "Gömrük ödənişlərinin ödəyicisinə eyniləşdirmə nömrəsinin (GÖÖEN) verilməsi", "Yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə bağlı gömrük ödənişlərinin hesablanması", "Elektron növbə" və "Sürətli keçid") mobil tətbiqə inteqrasiya edilib.

2021-ci il yanvarın 1-dən təkmilləşdirilən "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" ("Smart Customs") layihəsinin tətbiqinə başlanılıb. Bu layihə elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, gömrük statistikasının düzgün aparılmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaradıb.

Təsadüfi deyil ki, ötən ilin dekabrında "Smart Customs" mobil tətbiqi "NETTY-2021" Azərbaycan Milli İnternet Müsabiqəsində "Dövlət və Cəmiyyət" nominasiyası üzrə ilin mobil tətbiqi elan edilib.

Hesabat dövründə Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikasına dair məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə "Ticarət statistikası" portalı da istifadəyə verilib, "Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş hallarda idxal-ixrac vergilərindən azadolma haqqında sertifikatın verilməsi" elektron gömrük xidmətində təkmilləşdirmələr aparılıb, əməliyyatlarla bağlı gömrük tədbirlərinin istənilən gömrük orqanında həyata keçirilməsinin mümkünlüyü təmin edilib.

Bundan başqa, www.e.customs.gov.az portalı üzərindən göstərilən xidmətlərin sayı 13-ə çatdırılıb. Həmin elektron gömrük xidmətləri üzrə istifadəçi təlimatları və videoçarxlar portalda yerləşdirilib.

www.e.customs.gov.az portalında "Açıq məlumatlar" bölməsi də yaradılıb. Bu bölmə vasitəsilə vətəndaşlar üçün müraciət formaları, poçt və daşıma şirkətləri üçün müvafiq məlumatların portala yüklənmə qaydaları, Dövlət Gömrük Komitəsinin elektron sistemlərində istifadə olunan təsnifatlar əldə edilir.

–Gömrük infrastrukturunun təkmilləşdirilməsi sahəsində hansı işlər görülür?

–Ölkə ərazisinə gələn və ölkə ərazisini tərk edən şəxslər və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin effektivliyinin daha da artırılması məqsədilə gömrük-sərhəd buraxılış məntəqələrinin mövcud infrastrukturunun genişləndirilməsi, sərhəd-keçid prosedurlarının daha da sadələşdirilməsi məsələləri hər zaman diqqət mərkəzindədir.

Dövlət sərhədinin buraxılış məntəqələrindən malların və nəqliyyat vasitələrinin keçidinin daha da sürətləndirilməsi məqsədilə mal və nəqliyyat vasitələrinin qeydiyyatı, yol vergilərinin hesablanması və icazə blanklarının tətbiqi, eləcə də malların baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid olan sənədlərinin və sertifikatlarının yoxlanılması "Bir pəncərə" üzrə "Bir inspektor - bir nəqliyyat vasitəsi" prinsipi əsasında həyata keçirilir.

Ötən il Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda sərnişin nəqliyyatı binasının yenidən qurulması və genişləndirilməsi, eləcə də ərazinin abadlaşdırılması işləri başa çatıb. "Astara" gömrük postunun ərazisində yük maşınlarının yoxlanılması üçün "NUCTECH PB2028TD Fixed Scanner" rentgen qurğusunun, "Astara" dəmir yolu gömrük postunda isə dəmir yolu üzərində "HCVT-60" tipli X-RAY rentgen-nəzarət buraxılış məntəqəsinin tikinti işləri yekunlaşıb. Qərb Ərazi Baş Gömrük İdarəsinin Tovuz gömrük terminalı və anbarlarının, Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postu və terminalının ərazisində təmir-tikinti işləri aparılıb.

İşğaldan azad olunan ərazilərdə yenidənqurma işlərinin həyata keçirilməsinə dəstək verilməsi məqsədilə həmin ərazilərdə gömrük xidmətinin təşkili üçün Dövlət Gömrük Komitəsinin müvafiq sərəncamları ilə Qubadlı rayonu ərazisində "Qubadlı", Zəngilan rayonu ərazisində "Qazançı" və Füzuli rayonu ərazisində yerləşən Füzuli beynəlxalq hava limanında isə "Füzuli beynəlxalq hava limanı" gömrük postları yaradılaraq istifadəyə verilib. "Qubadlı" və "Qazançı" gömrük postlarının fəaliyyətinin təşkili üçün bütün lazımi tədbirlər görülüb, gömrük postlarının zəruri texniki avadanlıqlar və digər ləvazimatlarla təmin edilməsi təşkil edilib.

"Qubadlı" gömrük postunda Gorus-Qafan avtomagistral yolunun Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazisindən keçməklə ölkə ərazisinə daxil olan şəxslər, mallar və nəqliyyat vasitələri müvafiq qaydada gömrük və sərhəd nəzarətindən keçirilir, həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 211-ci maddəsinə əsasən, xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinə və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən, dövlət rüsumuna cəlb olunur və toplanan gömrük ödənişləri dövlət büdcəsinə köçürülür.

–Bilirik ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, gömrük sahəsində də elm, tədris və tədqiqat fəaliyyətinə xüsusi diqqət yetirilir. Ötən il bu sahədə görülən işlər barədə məlumat vermənizi istərdik.

–Gömrük sahəsində elm, tədris və tədqiqat fəaliyyəti, həmçinin gömrük əməkdaşlarının ixtisas və peşəkarlıq səviyyəsinin artırılması da hər zaman diqqət mərkəzindədir. Hesabat dövründə 630 nəfər gömrük əməkdaşı gömrük orqanlarının əməkdaşları üçün təşkil edilmiş ilkin və ixtisasartırma təlimlərində iştirak edib. Gömrük xidməti ilə əlaqəli təhsil alan 160 nəfər tələbə isə gömrük orqanlarında istehsalat təcrübəsinə cəlb olunub.

Dövlət Gömrük Komitəsinin Akademiyası ölkənin ali təhsil müəssisələrinin arasında ilk olaraq BMT-nin Qlobal Müqaviləsinə, Təhsilin Məsuliyyətli İdarə Edilməsi Prinsiplərinə və "Akademik təsir" proqramına qoşulub.

Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli Sərəncamına əsasən yaradılıb. Akademiya ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.

Akademiya bir sıra beynəlxalq qurumlarla əməkdaşlıq edir. Ümumdünya Gömrük Təşkilatı, Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsi (INCU), Rusiya Gömrük Akademiyası və s. beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub, Estoniya, Latviya, Litva, Rusiya, Ukrayna, Şimali Makedoniyanın müxtəlif ali təhsil müəssisələri, Türkiyə, Belarus, Cənubi Koreya və İspaniyanın gömrük tədris mərkəzləri ilə müqavilələr imzalanıb. Akademiya Birləşmiş Millətlər Təşkilatının müxtəlif layihə və proqramlarında təmsil olunur. Akademiyanın geniş beynəlxalq platforma olan edX® ilə əməkdaşlığı sayəsində tələbələrlə yanaşı, gömrük xidməti əməkdaşları da sözügedən platformadakı modullardan istifadə etmək imkanlarına malikdirlər.

Akademiyanın əsas fəaliyyət istiqamətləri bakalavr və magistr hazırlığı ilə yanaşı, xidmətə ilkin hazırlıq və ixtisasartırma təlimlərinin təşkilidir. Təlimlər Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanları əməkdaşlarının peşə və ixtisas səviyyəsini artırmaq, gömrük orqanlarına xidmətə yeni qəbul edilmiş əməkdaşlara peşə biliklərinin və xidməti intizam qaydalarının tələblərinin öyrədilməsi məqsədilə təşkil olunur.

Ümumiyyətlə, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti dövlət quruculuğu və idarəçiliyində, cəmiyyət həyatının bütün sahələrində gənclərin təmsil olunmasına münbit şərait yaradıb. Bu gün ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatı da bu siyasətin bariz nümunəsidir.

Könüllülük hərəkatı çərçivəsində bu günədək Dövlət Gömrük Komitəsində də yüzlərlə gənc bilik və bacarıqlarını artırmaq, gömrük işini dərindən mənimsəmək imkanı əldə edib. Dövlət Gömrük Komitəsində "Könüllü gömrükçü" dəstəsi fəaliyyət göstərir və könüllü gömrükçülər Komitənin müxtəlif struktur bölmələrində fəaliyyətlərini uğurla davam etdirirlər.

–Səfər müəllim, ətraflı məlumata görə təşəkkür edirik. Müsahibəmizin sonunda daha hansı fikir və bilgilərinizi bizimlə bölüşmək istərdiniz?

–Sonda bir daha vurğulamaq istərdim ki, ölkəmizdə müasir tələblərə cavab verən gömrük sisteminin yaradılması işi dövlət və hökumət tərəfindən bu gün də dəstəklənir, gömrük sahəsində əldə olunan nailiyyətlər layiqincə dəyərləndirilir. Dövlət başçısının diqqət və qayğısı nəticəsində vaxtaşırı olaraq gömrük orqanlarının maddi-texniki və intellektual bazasının möhkəmləndirilməsi, eləcə də ölkə rəhbərliyi tərəfindən bir sıra gömrük əməkdaşlarının xüsusi rütbələr və medallarla təltif edilməsi dediklərimizə nümunədir.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan sabit və davamlı inkişafdadır, ölkəmiz nəinki regionda, eləcə də bütün dünyada əmin-amanlıq və iqtisadi tərəqqiyə xidmət edən qlobal layihələrin əsas təşəbbüskarı qismində çıxış etməkdədir. Öz növbəsində, əminliklə deyə bilərəm ki, Azərbaycanın gömrük xidməti gələcəkdə də respublikamızın iqtisadi inkişafına təkan verməklə ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında, dövlət başçısının həyata keçirdiyi siyasi kursun reallaşmasında mühüm rol oynayacaq, gömrük orqanları ölkədə sahibkarlıq mühitinin və özəl sektorun inkişafı, ölkənin ərzaq təhlükəsizliyinin təminatı, büdcə öhdəliyinə dair tapşırıqların yerinə yetirilməsi istiqamətində üzərinə düşən vəzifələrin icrasını daha səmərəli şəkildə və sürətlə həyata keçirəcəklər.

Bir sözlə, gömrük əməkdaşları bu vəzifələrin reallığa çevrilməsinin təminatçısı olacaq, Dövlət Gömrük Komitəsinin şəxsi heyəti milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, doğma Vətənin iqtisadi suverenliyi və təhlükəsizliyi naminə gömrük xidməti qarşısında qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcəkdir.

Müsahibəni apardı:

Mehparə ƏLİYEVA,

"Respublika".