Müasir standartlar səviyyəsində tibbi xidmət
Səhiyyə

Müasir standartlar səviyyəsində tibbi xidmət

Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, kadr islahatları və aparılan digər mühüm tədbirlər onun dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə yüksəlməsinə imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin istifadəyə verilməsi səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.

Poliklinikamız paytaxtın “Gənclik” metrosunun yaxınlığında yerləşir. Bir neçə il öncə poliklinikada aparılan əsaslı təmir işləri, əhaliyə göstərilən tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi vətəndaşların sağlamlığının etibarlı təminatına imkan yaratmışdır. Əsas məqsədimiz insanlara yüksək səviyyəli tibbi xidmət göstərilməsidir. Kollektivimizdə çalışan təcrübəli həkimlərin müayinə və müalicələri sayəsində neçə-neçə vətəndaş sağlamlığına qovuşub.

Poliklinikanın fəaliyyətində, xidmətin təşkilində əvvəlki illərdən fərqli olaraq, mühüm irəliləyiş nəzərə çarpır. Müraciət edən insanlar tibb ocağından xoş təəssüratla ayrılır, təmizliyə, səliqə-sahmana ciddi riayət olunması hamıda xoş təəssürat yaradır.

Artıq ikinci ildir ki, COVİD-19 xəstəliyinə qarşı mübarizə respublikamızın hər yerində olduğu kimi, Bakının Nərimanov rayonunun ərazisindəki 14 saylı Uşaq Poliklinikasında da tələb olunan qaydada davam edir. Xəstəlikdən qorunmaq üçün insanlara faydalı məsləhətlər, əhali arasında geniş maarifləndirmə işləri öz səmərəsini verir.

Poliklinikada kadr potensialının gücləndirilməsinə də ciddi səy göstərilir. Son dövrdə xeyli gənc işə qəbul olunmuşdur. Çalışırıq ki, onlar sevib-seçdikləri peşələrində get-gedə püxtələşsin, tibb elmində zəngin təcrübə toplasınlar.

Bu gün poliklinikada 139 nəfər tibb işçisi çalışır. Onların hər biri peşələrinə sidq ürəklə bağlanıb. Həkimlərin əsas vəzifəsi uşaqların sağlamlığı keşiyində ayıq-sayıq dayanmaqdır. Məhz buna görə də uşaqlarda müəyyən xəstəliklər nəzərə çarpdıqda dərhal xəstəliyin aradan qaldırılması istiqamətində müvafiq müalicə həyata keçirilir.

Əhaliyə nümunəvi tibbi xidmət göstərilməsində səhiyyə işçilərindən Dürdanə Sadıqova, Aidə Hacıyeva, Dilarə Qasımova, İnci Məmmədova, Məlahət Hüseynova və başqalarının adlarını çəkmək olar.

İnsanlar poliklinikamıza ümidlə gəlir. Biz çalışacağıq ki, xidmətimiz onları razı salsın.

Zemfira MİRZƏYEVA,

Nərimanov rayonundakı 14 saylı Uşaq Poliklinikasının baş həkimi.