Müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ən möhtəşəm əsəridir
Siyasət

Müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ən möhtəşəm əsəridir

Bu gün hər kəs - istər müasir müstəqil Azərbaycanın vətəndaşları, istərsə də bütün dünyada yaşayan azərbaycanlılar yaxşı bilirlər ki, Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixinin ən parlaq simasıdır. Azərbaycan xalqının yaddaşında əbədiyaşar yerə sahib, hələ sağlığında daim dəstəyini hiss etdiyi xalqı tərəfindən Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Hər kəsin bildiyi və qəbul etdiyi, bəzilərinin isə qısqanaraq istəməsə belə qəbul etməyə məcbur olduğu yenilməz bir həqiqət var ki, bu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının qurtarıcısı, onun müəyyən etdiyi ideoloji xəttin müasir dövlətimizin parlaq gələcəyinin təminatçısı olmasıdır.

Azərbaycan tarixində əvəzedilməz izlər qoymuş bu dahi şəxsiyyətin biz azərbaycanlılara bəxş etdiyi saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız bu gün həmin tarixləri əsl bayram kimi qeyd edərək dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anır. Bu günlərdən biri də 15 iyun - Milli Qurtuluş Günüdür.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun Milli Qurtuluş Günü ilə bağlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Qurtuluşa qədərki ağır dövr

Heydər Əliyevin hakimiyyətə qayıtmasından əvvəl ölkədəki vəziyyət hər birimizin yadındadır. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi çoxdan gözləmək imkanı əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda ən yuxarı həddə çatdı, ölkədə fəaliyyət göstərən bəzi separatçı qüvvələrin başıpozuq hərəkətləri Azərbaycan daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratmışdı. Şimalda da Azərbaycan vətəndaşı olan milli azlıqlara aid bəzi etnik qruplar arasında da kənar qüvvələrin təsir və təzyiqləri ilə inamsızlıq və etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa çevrilmə ehtimalı artıq qabarıq şəkildə özünü büruzə verməyə başlamışdı. Sözügedən vəziyyət nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılan müstəqil dövlətə rəhbərlik edə bilmə iqtidarında olmayan, siyasi hadisələrə düzgün qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdə belə ölkənin maraqları üçün hansı addımın daha düzgün olacağını müəyyənləşdirə bilməyən şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Buna görə də ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş hadisələrdən düzgün nəticə çıxara bilmirdi.

Ümummilli Liderimiz müstəqilliyimizin həmin mərhələsini belə qiymətləndirirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

Torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə mürəkkəbləşən siyasi vəziyyət, əhalinin gündən-günə kritikləşən sosial durumu ölkəni bu problemlərdən xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə əsaslı zərurət yaradırdı. Cəmiyyətin bütün təbəqələri müstəqilliyini təzəcə bərpa etmiş ölkəni düşdüyü çətin və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyətin məhz Heydər Əliyevin olduğunu bilirdi. Doğrusu, bu məhz bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında birlik olmaqla öz gələcək taleyinə özü qərar vermək niyyətində idi. Beləliklə, 1993-cü il iyun ayının 9-da ulu öndər xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində əsaslı dönüşün baş verdiyi an oldu, böyük qurtuluşa doğru vacib addım atıldı. Xalqımızı müstəqilliyə aparan yol bilavasitə həmin gündən başlandı.

İnkişafa doğru əsaslı addımlar

Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə AXC hakimiyyəti artıq bu çıxılmaz vəziyyətin öhdəsindən gələ bilməyəcəyini dərk edərək xalqın israrlı tələbləri ilə, çıxış yolunu yeganə xilaskar kimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü. Xalqın təkidli tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə, təzyiqlərə baxmayaraq xalqın qurtuluşu kimi önəmli bir vəzifəni cəsarətlə öz üzərinə götürdü. Bu vəzifəni ona məhz hər zaman arxalandığı, arxasında dağ kimi duran xalqı vermişdi. Dövlətçiliyin xilas edildiyi, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtdığı gün olan 1993-cü il iyunun 15-ni xalqımız müasir tariximizin qürur və şərəf səhifəsi - Milli Qurtuluş Günü kimi qəbul etdi.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və növbəti illərdə onu həyata keçirməyə nail oldu.

"Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır", - deyən Heydər Əliyev problemlərin həlli üçün ölkədə vətəndaş birliyini, sabitliyi son dərəcə zəruri sayırdı: "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz". Heydər Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada baş alan ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın sağlam təməlini qoydu.

Əbədiyaşar lider iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə aparılan siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan mənfi fikirlər özünü müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin zəmanətinə çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin əmin addımları sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran bütün problemlər mərhələlərlə və sistemli şəkildə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın çoxəsrlik tarixi boyunca bütün maneələrə sinə gərən bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci önəmli məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu məsələ Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin nailiyyətlərini qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbirlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi.

Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsinin caynağından xilas oldu. Həmin il "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində "olum"u seçərək gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.

Mübarizədən doğan müstəqil dövlət

Ulu Öndər Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, sabitlik təmin edildi. Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs müqaviləsi imzalandı, ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı. Heydər Əliyevin ölkənin həyatına təsiri təkcə bunlarla məhdudlaşmadı. İqtisadi problemlər də əhəmiyyətli dərəcədə həll edildi. Belə ki, iqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi.

Vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı. Bir ölkənin güclü olmasını şərtləndirən ən önəmli faktorlardan biri onun silahlı qüvvələri - ordusudur. Ordu quruculuğunda mühüm addımlar atıldı. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə enerji sahəsində də yüksək nailiyyətlərin əldə olunmasına başlanıldı.

Artıq Cənubi Qafqazın lider dövlətinə çevrilən, əhalisinin sayı sabit şəkildə artaraq 10 milyonu ötən Azərbaycan bu gün sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanıdır. Daim artan dayanıqlı iqtisadiyyatı, qüdrətli orduya, güclü sosial siyasətə malik olması ilə seçilən ölkəmiz möhtəşəm qlobal layihələri uğurla reallaşdıran, tolerant dəyərlərin daşıyıcısı, multikulturalizm nümunəsi olan, bütün əməkdaşlıq formatlarında etibarlı tərəfdaş kimi tanınan bir ölkə kimi dünya birliyində nüfuzlu mövqeyə sahibdir.

Ulu Öndərin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından çox sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi Azərbaycan tarixində müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və məqsədyönlü fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. İndiki və gələcək nəsillər daima bu möhtəşəm irsin izlərini yaşamaqla bir ömür boyu Ümummilli Liderə minnətdar olacaq və bu irsi bütün dünyaya çatdırmaq üçün əllərindən gələni edəcəklər.

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan məhz ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Buna görə də müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ən möhtəşəm əsəridir.