Müasir dövrdə rahat və təhlükəsiz nəqliyyat
İQTİSADİYYAT

Müasir dövrdə rahat və təhlükəsiz nəqliyyat

Görülən işlər bu ilin də Bakı Metropoliteni üçün uğurlu olacağına inam yaradır

Ötən ilin yaddaqalan hadisələrindən biri də Bakı Metropolitenində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bənövşəyi xəttin, "Xocəsən" elektrik deposu və eyniadlı stansiyanın istifadəyə verilməsi idi. Elektrik deposunun açılışında dövlət başçısı həm də paytaxta gətirilmiş yeni metro vaqonları ilə tanış oldu. Artıq həmin vaqonlardan ibarət, innovasiyalar baxımından sonuncu nəslə mənsub qatar xəttə buraxılıb. Bu, Prezident İlham Əliyevin tapşırığı ilə metronun vaqon parkının yenilənməsi üzrə 2015-ci ildən başlanan genişmiqyaslı işlərin mühüm tərkib hissələrindən biridir. İndiyə kimi metro xətlərinə yeni tipli, ən müasir standartların tələblərinə cavab verən 95 vaqon alınıb.

Qeyd edək ki, Bakı Metropoliteni xətlərinin ümumi uzunluğu 40,7 kilometrdir. Qırmızı, yaşıl və bənövşəyi xətlər üzrə ümumilikdə 27 stansiya fəaliyyət göstərir. Ölkəmizdə müasir infrastrukturun qurulması bütün sahələri, o cümlədən nəqliyyatın əhəmiyyətinin xüsusilə artdığı indiki dövrdə metropoliteni də əhatə edir. Hazırda Bakı Metropoliteninin konseptual inkişaf proqramına uyğun olaraq işlər sürətlə davam etdirilir. 2016-cı il aprelin 19-da Prezident İlham Əliyevin iştirakı ilə Bakı Metropoliteninin üçüncü - bənövşəyi xəttinin açılışı olub. Bənövşəyi xətt ilə "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarından sonra ötən il may ayının 29-da bu xətt üzrə üçüncü - "8 Noyabr" stansiyası da istifadəyə verilib. Perspektivdə 50 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub. Bakı Metropoliteni daşınan sərnişinlərin sayına görə dünyada qırx birinci yerdədir.

Xatırladaq ki, 1967-ci ilin noyabrında ilk sərnişinlərini qəbul edən, ötən illər ərzində böyük inkişaf yolu keçən Bakı metrosu bu gün yeni mərhələsini yaşayır. Bu, keçmiş SSRİ-də beşinci, Yaxın Şərqdə isə ilk yeraltı elektrik dəmir yolu idi. Metro və onun memarlıq üslubu ilə seçilən möhtəşəm yeraltı sarayları şəhərin rəmzləri sırasında layiqli yerini alıb. Paytaxt sakinlərinə və qonaqlarına göstərilən yüksək xidmət mədəniyyəti sayəsində yeraltı polad magistral rahat ictimai nəqliyyat vasitəsinə çevrilib. Hələ 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin inşası nəzərdə tutulurdu. 1941-ci ildə başlanan müharibə bu planın həyata keçirilməsinə mane oldu. Müharibə qurtardıqdan iki il sonra, 1947-ci ildə hökumət Bakı Metropoliteninin tikintisi ilə bağlı layihə-axtarış işlərinin aparılması barədə qərar qəbul etdi. 1949-cu ildə metropolitenin tikinti bazası yaradıldı, 1954-cü ildə isə birinci xəttin texniki layihəsi təsdiq olundu və metropolitenin 12,1 kilometrlik xəttinin inşasına başlanıldı. Bir müddət sonra dayandırılan tikinti işləri yalnız 1960-cı ildə bərpa olundu. Nəhayət, 1967-ci il noyabrın 6-da Bakı Metropoliteninin 5 stansiyası və 9,2 kilometrlik yeraltı xətləri olan birinci növbəsi istifadəyə verildi.

Bakı metrosunun əsas inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1970-ci il aprelin 17-də metronun altıncı stansiyası açıldı. Bundan cəmi iki il sonra, 1972-ci il noyabrın 6-da Bakı Metropoliteninin daha üç stansiyası - "Məşədi Əzizbəyov" (indiki "Koroğlu"), "Avrora" (indiki "Qara Qarayev") və "Neftçilər" stansiyaları işə salındı. Sonrakı illərdə metropolitenin xəritəsinə daha 10 stansiya - "Nizami", "Bakmil", "Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar", "Memar Əcəmi", "Xalqlar dostluğu", "Əhmədli", "Cəfər Cabbarlı" və "Həzi Aslanov" stansiyaları əlavə olundu. Dövlətimizin başçısı İlham Əliyev metropolitenin inkişafına, əhatə dairəsinin genişləndirilməsinə böyük diqqət yetirir. Onun 2008-ci ildə metropolitenin inkişafına dair Dövlət Proqramının hazırlanması barədə, həmçinin 2011-ci ildə perspektiv inkişaf planını və müvafiq Dövlət Proqramını təsdiq edən sərəncamları yeraltı yollarımızın inkişafına istiqamətverici töhfə oldu. 2008-ci ildə metronun "Nəsimi", 2009-cu ildə "Azadlıq prospekti" stansiyaları, "28 May" stansiyası "Nəriman Nərimanov" və "Xətai" stansiyalarına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişinlər üçün keçid stansiyasına çevrilib. "İçərişəhər", "Koroğlu", "28 May" stansiyaları yenidən qurulub.

"Bakıda metro çoxdan fəaliyyət göstərir. Bakı Sovet İttifaqının ilk şəhərlərindən biri, beşinci şəhər idi ki, burada metro stansiyası tikilmişdi. Ancaq Sovet İttifaqı dağılandan və bütün postsovet məkanında yaşanmış böhranlı hadisələrdən sonra əlbəttə ki, metro tikintisinə də fasilə verildi. Məndə olan məlumata görə, indi keçmiş postsovet məkanında metro stansiyaları Rusiyada, Ukraynada, yəni beş-altı şəhərdə, o cümlədən Bakı şəhərində tikilibdir. Mən buraya avqust ayında gəlmişdim. Növbəti stansiyaların tikintisi də nəzərdə tutulur. Bu, böyük bir proqramdır. Mən hesab edirəm ki, bir neçə il ərzində Bakının nəqliyyat infrastrukturunun təkmilləşməsi üçün bir neçə yeni stansiya tikiləcəkdir. Bu proqram var, maliyyə vəsaiti də ayrılacaq və əminəm ki, siz gələcəkdə yeni stansiyaların tikintisində uğurla iştirak edəcəksiniz". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci ildə Bakı metrosunun "Nəsimi" stansiyasının açılış mərasimindəki çıxışında söyləyib.

Metropolitenin tikintisi ilə yanaşı, istismarda olan metro şəbəkəsinin maddi-texniki bazasının gücləndirilməsi, yenidənqurma və bərpa işlərinin aparılması, təhlükəsizliyin artırılması, metro işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Dövlət başçısı İlham Əliyevin Bakının nəqliyyat infrastrukturunda metropolitenə böyük əhəmiyyət verməsinin təsdiqi son beşillikdə metronun texniki cəhətdən təkmilləşdirilməsi, yenidən qurulması üçün investisiya vəsaitinin ayrılması, metronun yeni sahələrinin tikilməsi, yeraltı yolların inkişafı istiqamətində görülən tədbirlər və metronun qarşıdakı 20 ildə inkişaf planının qəbul olunmasında tapır.

Prezident İlham Əliyev vurğulayır ki, metro tikintisi bundan sonra Azərbaycanda hər il, uzun illər ərzində aparılacaqdır. Biz elə etməliyik ki, bütün şəhərimizi metro ilə əhatə edək. Çünki metro həm ən ucuz, həm də ən rahat nəqliyyat vasitəsidir. Bu gün paytaxtımızda metro tikintisi geniş vüsət alıb. 2025-ci ilə qədər metro stansiyalarının sayını 62-yə çatdırmaq nəzərdə tutulur. Gələcəkdə Sumqayıt şəhərinə də metro xəttinin çəkilməsi planlaşdırılır. Bakı şəhərinin infrastrukturunda və əhalinin ictimai nəqliyyatla təminatında metropolitenin fəaliyyətinin nəticəsi olaraq köklü dəyişikliklər baş vermiş, onun ümumşəhər sərnişin daşımalarındakı payı davamlı artmışdır. Dövrün tələblərinə uyğun texnologiyaların tətbiqi, yeni standartlara keçidin başlıca meyar olması və insan resurslarının lazımınca dəyərləndirilməsi bu gün Bakı metrosunun inkişafında keyfiyyətcə yeni mərhələyə keçidi təmin etmişdir. Metro stansiyalarının tərtibat baxımından milli memarlıq sənətinin ornamentlərlə zəngin nümunələrinə çevrilməsi xüsusilə sevindiricidir. Perspektivdə metro şəbəkəsi genişləndiriləcək və inkişaf etdiriləcəkdir. Metropoliten müasir tələblərə uyğun olaraq müvafiq surətdə yenidən qurulacaq, sərnişinlərə təhlükəsiz xidmət səviyyəsi daha da yüksələcəkdir.

M.MUSTAFAYEV,

"Respublika".