Müasir çağırışlara cavab verən rabitə sektoru
Digər xəbərlər

Müasir çağırışlara cavab verən rabitə sektoru

Qloballaşan, daim yeniləşən müasir dünyanı bu gün ən müasir informasiya və kommunikasiya texnologiyaları (İKT) - internet, elektron poçt və qlobal rabitə imkanları olmadan təsəvvür etmək mümkün deyildir. XXI əsrin - informasiya əsrinin dünya, zaman qarşısında müəyyən etdiyi qlobal çağırışlar nəzərə alınaraq ölkəmizdə son iyirmi ildən çox bir müddətdə rabitə sektorunun inkişafı, İKT-nin imkanlarından istifadə etməklə əhalinin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması istiqamətində bir çox konseptual strategiyalar və çoxsaylı müvafiq Dövlət proqramları qəbul edilmişdir. Bu strategiyalar, Dövlət proqramları və digər praktiki tədbirlər çərçivəsində İKT-nin imkanlarından istifadə etməklə ölkəmizdə sosialyönümlü sahələrin inkişaf etdirilməsi, əhaliyə sosial-məişət xidmətlərinin göstərilməsi, aztəminatlı təbəqələrin pulsuz informasiya xidməti imkanlarının yaradılması üçün dövlət tərəfindən genişmiqyaslı işlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə rabitə və informasiya-kommunikasiya texnologiyaları sektoru dinamik surətdə inkişaf edir, İKT ölkə iqtisadiyyatının digər sahələrinin sürətli artımına təkan verir və ölkənin hərtərəfli inkişafında onun xüsusi çəkisi ilbəil artır.

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılmışdır.

İndiyə qədər 649 min ev təsərrüfatı GPON (Gigabit Passive Optical Networks-Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik internetlə təmin olunub. Optik kabel texnologiyasının son trendi hesab edilən GPON ənənəvi mis kabel xətləri olmadan yüksəksürətli məlumat ötürülməsinə və hava şəraitindən asılı olmayaraq kəsintisiz xidmət göstərilməsinə imkan yaradır. Azərbaycanda bu texnologiya ilə fiber-optik şəbəkənin qurulmasına ilk dəfə 2017-ci ildə başlanılsa da, 2021-ci ildən etibarən daha geniş miqyasda tətbiq edilir. Ümumilikdə, indiyə kimi ölkə ərazisində 649 min ev təsərrüfatı fiber-optik internetlə təmin edilib.

Artıq ölkə ərazisində GPON (Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması "Onlayn Azərbaycan" layihəsi çərçivəsində həyata keçirilir. Bu layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 Mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir. Hazırda 60 rayon və şəhərdə GPON və digər genişzolaqlı texnologiyalarla sürətli internetin təmin edilməsi davam etdirilir.

Qeyd edək ki, regionlarda görülən işlərin tərkib hissəsi olaraq, işğaldan azad olunmuş ərazilərdə öz dədə-baba yurdlarına qayıdan vətəndaşlarımız üçün sabit telefon şəbəkəsi və sürətli internet xidməti təmin edilir. Bununla yanaşı, əhali təchiz edilmiş sürətli internet vasitəsilə artıq ən ucqar kəndlərdə də rəqəmsal imkanlardan yararlana bilir. İndi məktəblilər Lahıc, Xınalıq kimi ucqar dağ kəndlərində belə asanlıqla fiber-optik internetlə onlayn təhsil almaq imkanı əldə ediblər.

Sentyabrın 21-də Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Layihə Şərq-Qərb Nəqliyyat Dəhlizinin potensialının artırılmasına, eləcə də bölgədə nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə xidmət etməklə region ölkələrinə əlavə imkanlar yaradacaq.

44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında geniş bərpa və quruculuq işləri həyata keçirilir. Bu işlərin tərkib hissəsi kimi Horadiz-Ağbənd avtomobil yolu layihəsi 59 faiz, Horadiz-Ağbənd dəmir yolu layihəsi isə 38 faiz icra olunub.

Hazırda "Bakı Telefon Rabitəsi" MMC "Onlayn Azərbaycan" layihəsi çərçivəsində telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri davam etdirir. 2022-ci ilin sentyabr ayında Xəzər rayonunun Zirə qəsəbəsində sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib.

Qeyd edək ki, müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi "Onlayn Azərbaycan" layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir. Bu günlərdə universal poçt xidmətləri göstərən "Azərpoçt" MMC klassik biznes profilini genişləndirərək karqo xidmətini istifadəyə verib. Vətəndaşların tələbatına əsasən yaradılmış "Post Cargo" xidməti ilə Türkiyənin elektron ticarət platformalarından sifarişlərin ünvana çatdırılması indi daha sərfəli tariflərlə mümkün olacaq. 1500-dək şöbəsi ilə bütün ölkəni əhatə edən "Azərpoçt"un yeni xidməti sayəsində artıq ən ucqar kənd və qəsəbələrin sakinləri də Türkiyənin onlayn alış-veriş saytlarından məhsulları rahat əldə edə biləcəklər. Belə ki, "Post Cargo" istifadəçilərindən sifarişlərin rayonlara çatdırılması üçün əlavə ödəniş tələb olunmur. Müştərilərin rahat alış-veriş etmələri üçün "Post Cargo" xidmətinin mobil tətbiqi də istifadəyə verilib.

Azərbaycan 2 ildən az müddətdə işğaldan azad olunan ərazilərimizdə ikinci beynəlxalq hava limanını istifadəyə verdi. Zəngilan Beynəlxalq Hava Limanı həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biridir. Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə edilməklə yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Beynəlxalq Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bundan sonra hava limanı şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsilə daşınan beynəlxalq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" 2020-ci il 29 oktyabr tarixli Fərmanının icrası ilə əlaqədar işğaldan azad olunmuş ərazilərdə infrastrukturun, o cümlədən radio-televiziya yayım stansiyalarının işinin bərpası istiqamətində tədbirlər davam etdirilir. Qeyd edək ki, Şuşa Radio-Televiziya Yayım Stansiyasında müvafiq avadanlıqlar quraşdırılaraq, 31 dekabr 2020-ci il tarixindən etibarən radio-televiziya yayımının təşkili Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib. Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə istismara verilib. Bununla da, Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radionun yayımı təmin olunub. Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri kəndi ərazisində yerləşən Şahyeri stansiyasının işinin bərpası istiqamətində də işlər həyata keçirilib. Sözügedən stansiyanın istismara verilməsi nəticəsində Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisində radio-televiziya yayımı təmin olunur. Buna paralel olaraq, işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılaraq talan edilmiş Qubadlı stansiyasının infrastrukturunun yenidən qurulması və Zəngilan rayonu ərazisində yerləşən mövcud Mincivan stansiyasında müvafiq rekonstruksiya işləri görülməklə bu rayonların ərazilərində radio-televiziya yayımlarının bərpası üzrə müvafiq işlər aparılıb.

İşğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayımlarının bərpası ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi tərəfindən Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımı təmin olunub.

Əli SADIQOV,

"Respublika".