Müasir Azərbaycan dövlətinin qurucusu
Siyasət

Müasir Azərbaycan dövlətinin qurucusu

Milli dövlətçiliyimizin banisi, görkəmli dövlət xadimi, xilaskarlıq missiyasını yerinə yetirən qüdrətli insan, ümummilli lider Heydər Əliyev öz adını Azərbaycan tarixinə əbədi həkk etmişdir. Xalqının və dövlətinin inkişafı naminə əvəzsiz işlər görmüş müasir Azərbaycan dövlətinin qurucusu daim qürurla xatırlanacaq dahi şəxsiyyətdir. Ulu öndər təkcə Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən parlaq tarixi şəxsiyyət deyil, həm də tarix yaradan şəxsiyyətdir.

1993-cü ildə Azərbaycan xalqının təkidli xahişi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev sayəsində dövlət müstəqilliyini qoruyub saxlamaq, respublikamızın dövlət sistemini, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək və vətəndaşların rifah halını yaxşılaşdırmaq mümkün olub. Heydər Əliyev fenomeninin ən mühüm nailiyyətlərdən biri də azərbaycançılıq məfkurəsi, milli ruhun yüksəlişi, milli mənlik şüurunun inkişaf etdirilməsi və xalqın özünə qayıdışı kimi fundamental prinsiplərə söykənən dövlətçilik arzusunun və hisslərinin güclənməsidir. Ümummilli liderimizin vətənpərvərlik fəaliyyəti nəticəsində respublikada milli ruhlu ziyalılar təbəqəsi formalaşmışdır.

Böyük strateq rəhbərlik etdiyi ilk dövrdə ölkənin inkişafı naminə gördüyü işlər, cəsarətli qərarları, quruculuq fəaliyyəti və respublikamızın gələcəyi naminə digər məqsədyönlü addımları ilə ümummilli lider nüfuzunu qazanmışdır. 1993-cü il oktyabrın 3-də Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqın ona yüksək etimadını bir daha nümayiş etdirdi. 1993-cü ilin ikinci yarısında ulu öndər yenidən hakimiyyətə qayıdanda ilk dəfə bəyan etdi: "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!". Bu çağırış müstəqil dövlətçilik ideyalarının təsdiqində fəallığın əsas göstəricisidir.

Bütün çətinliklərə baxmayaraq, ölkədə demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesləri sürətlə gedirdi. Bu gün əminliklə deyə bilərik ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbulu ilə Azərbaycanın tarixi inkişafında yeni mərhələ başlanmışdır. 1995-ci il noyabrın 12-də Heydər Əliyev seçki məntəqəsində səs verdikdən sonra jurnalistlərə demişdir: "Biz demokratiya, dövlətçilik yolu ilə gedirik, müstəqil dövlət quruculuğu sahəsində böyük yol qət etmiş ölkələrin təcrübəsindən istifadə etməyə çalışırıq. Biz bir çox ölkələrin, o cümlədən Qərb ölkələrinin, MDB-nin üzvü olan ölkələrin konstitusiyalarını diqqətlə öyrənmişik. Onlar bu təcrübəni, eləcə də tarixi, milli ənənələri rəhbər tutaraq, milli və tarixi keçmişə dərin ehtiramını ifadə edərək, öz konstitusiyalarının layihəsini hazırlamışlar...".

Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın xarici siyasəti bir çox istiqamətlərdə inkişaf etmiş, qlobal beynəlxalq münasibətlərə, dünya birliyinə inteqrasiya prosesi dərinləşmişdir. Heydər Əliyev respublikaya rəhbərliyi dövründə ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, Polşa, Rumıniya, Yaponiya, Çin Xalq Respublikası, Türkiyə, İran, Pakistan və dünyanın digər ölkələrinə rəsmi səfərlər etmiş və bu səfərlər çərçivəsində bərabərhüquqlu tərəfdaşlıq münasibətləri yaratmışdır. Azərbaycan BMT-yə üzv olan 182 dövlət, Fələstin Dövləti və Müqəddəs Taxt-Tacla diplomatik əlaqələr saxlayır. Respublikamızın Vyana Konvensiyasına üzv olan bütün ölkələrlə konsulluq əlaqələri var. Dövlətimizin başçısı Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olmasına xüsusi önəm verirdi. Bütün ölkələrlə münasibətlərin müxtəlif amillər, şərtlər və xüsusiyyətlər nəzərə alınmaqla inkişafı Heydər Əliyevin xarici siyasətinin nəticəsi idi və indi Azərbaycan demək olar ki, beynəlxalq əməkdaşlığın ən mühüm regionlarından birinə çevrilmişdir.

Ölkəmiz Amerika, Avropa, Asiya, Afrikanın bir sıra ölkələrinin yaxından maraqlandığı obyektdir və beynəlxalq münasibətlər sistemində mühüm həlqədir. Hazırda isə Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsi və genişlənməsi prosesi cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Heydər Əliyev beynəlxalq və regional təşkilatlarla əməkdaşlığa böyük diqqət yetirirdi. Azərbaycan Respublikası Şimali Atlantika Tərəfdaşlıq Şurasına hələ 1992-ci ildə qoşulmuşdur (1997-ci ildən Avratlantika Tərəfdaşlıq Şurası adlanır). 1994-cü ildə Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qəbul edilib. Azərbaycan ATƏT-in 27 üzv dövlətindən biri və bu proqramın ilk iştirakçısı olub. 1998-ci ilin fevralında Azərbaycan Prezidenti "İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Fərman imzaladı, 1998-ci ilin avqustunda isə Prezidentin Fərmanı ilə senzura aradan qaldırıldı. "Kütləvi informasiya vasitələri haqqında", "Dini etiqad azadlığı haqqında", "Ölkədən getmək və ölkəyə gəlmək haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunlar siyasi plüralizmin, açıq ictimai-siyasi fəaliyyətin, ölkəyə girişin təmin edilməsi üçün lazımi şərait yaratmışdır.

Azərbaycan Respublikası yarandığı ilk gündən ümumbəşəri dəyərlərə, eləcə də beynəlxalq münasibətlərdə qəbul edilmiş standartlara sadiqliyini nümayiş etdirib. Ağrılı problemimizin - keçmiş Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli həmişə xarici siyasətimizin əsas tərkib hissəsi olub. 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti boyu münaqişənin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə, ədalətli həllinə çalışırdı. Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874 və 884) qəbul edilib (30 aprel - 12 noyabr 1993-cü il). Bu sənədlərdə BMT Təhlükəsizlik Şurası faktiki olaraq Qarabağın və ona bitişik bir sıra rayonların Ermənistan tərəfindən işğalını tanıyıb. Lakin sirr deyil ki, dünyada müxtəlif məsələlərin, o cümlədən ərazi münaqişələrinin həllində beynəlxalq səviyyədə ikili standartlar mövcuddur. Ümummilli lider Heydər Əliyev Qarabağ həqiqətlərinin bütün dünya ictimaiyyətinə çatdırılması üçün çox səy göstərmişdir. Ümummilli lider dövlət başçıları və xaricdəki Azərbaycan diasporunun nümayəndələri, iş adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərdə Qarabağın Azərbaycan Respublikasının ayrılmaz hissəsi olması fikrini əsaslandırıb.

Heydər Əliyev 1994 və 1997-ci illərdə BMT-nin yüksək tribunasından çıxış edən Azərbaycanın ilk rəhbəri olmuşdur. Bu çıxışlar zamanı o, israrla dünya ictimaiyyətinin diqqətini Qarabağ məsələsinə yönəltdi, onun səbəblərini açıqladı, ölkədə qaçqınların mövcudluğundan danışdı. Torpaqlarının erməni qəsbkarları tərəfindən işğalı nəticəsində qaçqın düşmüş vətəndaşların qayğısına qalmaq Azərbaycan dövləti üçün həmişə prioritet məsələ olub. Onların problemlərinin ardıcıl həlli, sosial müdafiəsinin gücləndirilməsi üçün 1998-ci ildə xüsusi Dövlət Proqramı qəbul edilmişdir. Bu proqrama uyğun olaraq 1998-2001-ci illərdə Füzuli, Bərdə, Ağdam, Tərtər və digər rayonlarda yaşayış massivləri salınmışdır. Eyni zamanda qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı da xeyli işlər görülüb. Heydər Əliyevin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi, doğma Azərbaycanın ərazi bütövlüyünün bərpası idi.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və həyata keçirdiyi müdrik, uzaqgörən və çevik daxili və xarici siyasəti özünün siyasi kursu elan edən İlham Əliyev ümummilli liderin arzusunu reallaşdırdı. 44 günlük Qarabağ müharibəsində düşmən torpaqlarımızdan qovuldu, üçrəngli bayrağımız Vətənimizdə, Qarabağımızda növbəti dəfə qürurla dalğalandı.

Əlisa İSAZADƏ,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının magistrantı.