MÜASİR AZƏRBAYCAN DÖVLƏTİNİN BANİSİ, XALQIMIZIN VƏ MÜSTƏQİLLİYİMİZİN XİLASKARI
Siyasət

MÜASİR AZƏRBAYCAN DÖVLƏTİNİN BANİSİ, XALQIMIZIN VƏ MÜSTƏQİLLİYİMİZİN XİLASKARI

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür. Bu, bir həqiqətdir ki, Azərbaycan xalqı və dövlətinin dünyanın siyasi xəritəsində özünəməxsus yer tutmasını, müstəqilliyini bərpa edərək qoruyub saxlamasını, ərazilərini işğaldan azad edib beynəlxalq aləmdə qalib xalq kimi tanınmasını təmin edən məhz ulu öndər Heydər Əliyev olmuşdur. Ümumiyyətlə, Heydər Əliyevin istər SSRİ zamanında, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması respublikamızın inkişafına nail olunması üçün misilsiz işlər görülmüşdür. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri bu dahi şəxsiyyətin, görkəmli dövlət xadiminin fəaliyyətinin bütün mərhələlərini əhatə edir.

Azərbaycanın müasir tarixinin ən parlaq dövrü ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illər ərzində respublikamıza rəhbərliyi illərində həm sosial-iqtisadi inkişafın, həm də milli həmrəyliyin təmin olunmasına xidmət edən məqsədyönlü işlər görülmüş, Azərbaycan SSRİ məkanında davamlı surətdə və yüksək templə inkişaf edən respublikaya çevrilmişdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən sonra bütün sferalarda həyata keçirilən dərin islahatlar, atılan mühüm addımlar Azərbaycanın uzunmüddətli dövrdə və strateji nöqteyi-nəzərdən inkişaf konsepsiyasının əsası oldu. Qısa zaman kəsiyində respublikamız ittifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerə yüksəldi. Bütün sahələrdə, o cümlədən mədəni həyatda, təhsildə, kənd təsərrüfatında, maşınqayırma, metallurgiya və bu kimi digər sferalarda da əhəmiyyətli irəliləyişlər əldə olundu.

Həmçinin, milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində tarixi işlər görüldü. 1978-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsi daxil edildi. Bundan başqa, "Müasir Azərbaycan dili" və "Azərbaycan dili" dərslikləri hazırlandı. Siyasi-ideoloji müstəvidə görülən bütün bu işlər milli inkişaf baxımından tarixi əhəmiyyətə malik addımlar oldu. Bir sözlə, ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi dönəm respublikamızın tərəqqi dövrü kimi yadda qaldı, inkişaf göstəriciləri ilə tarixə yazıldı.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi və SSRİ-nin rəhbərlərindən biri oldu. Heydər Əliyev bu dövrdə Azərbaycan xalqının milli maraqlarından irəli gələn böyük və mühüm işlər gördü, misilsiz xidmətlər göstərdi.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli xahişləri ilə dağılmaq, dünyanın siyasi xəritəsindən tamamilə silinmək təhlükəsi qarşısında olan respublikamıza yenidən rəhbərliyə qayıtması, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir tarixi mərhələnin başlanğıcı oldu. Məhz ulu öndərimizin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı müdrik və uzaqgörən addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin qarşısı alındı. Ulu öndər Azərbaycanı vətəndaş müharibəsindən, qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək davamlı inkişaf, tərəqqi yoluna çıxardı.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın gerçək müstəqilliyini təmin etdi. Ölkə siyasi sabitlik dövrünə qədəm qoydu. Xaos və anarxiyanın, vətəndaş müharibəsinin qarşısı məharətlə alındı. Ulu öndər Heydər Əliyevin zamanında atdığı praqmatik addımlar bir əsrdə ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycanın öz mövcudluğunu qoruyub saxlamasına imkan yaratdı. Ulu öndər tarixi nöqteyi-nəzərdən olduqca qısa bir zaman kəsiyində milli dövlətçiliyimizin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. Bu tarix, eyni zamanda Azərbaycanın dünya birliyinə inteqrasiyası, beynəlxalq birlik tərəfindən tanınması, layiqli yerini tutması ilə səciyyələnir.

Ümumiyyətlə, ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri uğurlu dövlət quruculuğu prosesinə başlamasıdır. Bu sıraya mütərəqqi siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq məfkurəsinin yaradılması aid edilməlidir. Qeyd etmək lazımdır ki, ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiya özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə əsaslanan prinsipləri ehtiva edir.

Ümummilli liderimizin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kontekstində ölkəmiz beynəlxalq arenada müstəqil dövlət kimi tanındı, səmərəli ikitərəfli və çoxtərəfli xarici əlaqələr quruldu. Heydər Əliyevin həyata keçirdiyi müdrik xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və Azərbaycanın etibarlı strateji tərəfdaşa çevrilməsi təşkil edirdi. İlk növbədə, 1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə "Əsrin müqaviləsi" adlanan beynəlxalq saziş imzalandı. Bununla da, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu. Ulu öndərin uzaqgörənliyi və qətiyyəti sayəsində imzalanmış "Əsrin müqaviləsi"ndən başlanan enerji siyasəti Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr bəxş etməsini şərtləndirməklə yanaşı, ölkəmizin gücünü və nüfuzunu artıran faktor qismində çıxış etdi. Bundan sonra milli maraqlarımıza xidmət edən müvafiq enerji layihələri gerçəkləşdirildi. Bütün bunlar Azərbaycanın etibarlı strateji tərəfdaş kimi ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin səmərəlilik səviyyəsini artırdı. Ölkəmiz miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli strateji layihələrin mərkəzi qismində çıxış etməyə başladı.

Müasir müstəqil Azərbaycan dövləti hazırkı mərhələyə asan yolla çatmayıb. Müstəqilliyini bərpa etdikdən sonra çoxsaylı siyasi, iqtisadi, təhlükəsizlik problemləri ilə üzləşən dövlətimiz ötən müddət ərzində həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu nəticəsində bütün sahələrdə mühüm nailiyyətlər qazanıb, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib, öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu uğurlu strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq, ölkəmiz bu gün beynəlxalq miqyasda söz və nüfuz sahibidir. Ulu öndər Heydər Əliyevin mütərəqqi inkişaf siyasətinin uğurla davam etdirilməsi sayəsində Azərbaycan qarşıya qoyduğu bütün məqsədlərinə nail olub.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə əsrə bərabər olan inkişaf dövrü, möhtəşəm Zəfər, yeni üfüqlər və perspektivlər dövrü kimi daxil olub. Bu günün reallıqları onu göstərir ki, Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla irəliləyir.

Emin QASIMOV,

"Respublika".