Mövcud geosiyasi reallığın yaratdığı imkanlardan Ermənistan da bəhrələnə bilər
Digər xəbərlər

Mövcud geosiyasi reallığın yaratdığı imkanlardan Ermənistan da bəhrələnə bilər

Seçkilərin nəticələri göstərdi ki, məğlubiyyətdən sonra demoralizə olunmuş erməni xalqı revanşist meyillərə yox deyir

Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən deyə bilərik ki, erməni cəmiyyəti Paşinyana 44 günlük müharibədə aldığı ağır məğlubiyyəti bağışlamaq məcburiyyətində qaldı, sadə ermənilər daha müharibə istəmir və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi və iradəsi, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində yaranmış yeni geosiyasi mənzərə ilə barışmalı oldu. Bu da aydın oldu ki, ermənilər müharibə çağırışlarından artıq çox qorxur. Onlar sülh proqramlarının həyata keçməsini, bütün kommunikasiyaların açılmasını, firavan həyat, sabitlik, iqtisadi inkişaf istəyir.

Ancaq ermənilərin bu istəkdə olmaları öz-özünə baş vermədi. Əsrlər boyu yalan, böhtan, şovinizm, ekstremizm və terroru özündə ehtiva edən erməni ideologiyasına uyan, heç bir qonşu ölkə ilə normal münasibətlər qurmaq istəməyən erməni cəmiyyəti tarixlərində bəlkə ilk dəfə başları üzərində “Dəmir yumruğu” görüb, reallığın nədən ibarət olduğunu nəhayət anlamağa başladı. Çünki bu növbədənkənar parlament seçkilərinin keçirilməsinin də, erməni cəmiyyətinin parçalanmasının da, ermənilərin müharibə ritorikasına, revanşizm çağırışlarına inanmamasının və Azərbaycanla qarşıdurmadan qorxduqlarının da bir səbəbi var - dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən müdrik və uzaqgörən, müstəqil və milli maraqlarımıza xidmət edən siyasət.

Hazırda Azərbaycan heç zaman olmadığı qədər güclü dövlətdir, regionda baş verən siyasi, sosial-iqtisadi və humanitar proseslərin mərkəzidir. Ulu öndər Heydər Əliyevin müdrik “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamını hamımız yaxşı xatırlayırıq. Bu fikir ümummilli liderimizin ərsəyə gətirdiyi milli inkişaf strategiyasının təməlində yer alır. Məhz ölkəmizin iqtisadi potensialı, böyük maliyyə imkanları, hərbi qüdrəti artdıqca, Azərbaycan dünya miqyasında öz prinsipial maraqlarına söykənən, birmənalı mövqeyi ilə seçilən, yüksək beynəlxalq nüfuz qazanmış bir dövlətə çevrildi. Heç şübhəsiz, böyük lider, qüdrətli İlham Əliyevin qarşısında Ermənistanın istənilən rəhbəri cılız göründüyü kimi, vətənpərvər, qəhrəman, rəşadətli Azərbaycan Ordusu ilə müqayisədə erməni hərbçiləri də, nəhayət, dinamik inkişaf edən Azərbaycanın yanında həm mənəvi, həm də iqtisadi cəhətdən yoxsul Ermənistan da bir o qədər cılız görünür. Bununla yanaşı, Azərbaycan dövləti Ermənistanı regionda həyata keçirilən bütün qlobal beynəlxalq layihələrdən kənarda saxladı. Məhz bu siyasətin nəticəsidir ki, erməni cəmiyyəti artıq xeyli müddətdir ki, sözün əsl mənasında, çıxdaşa çevrilib. Regionun siyasi və iqtisadi həyatından kənarda qalan, iqtisadiyyatı çökən, əhalinin sosial vəziyyəti son dərəcə ağırlaşan Ermənistanın yeganə ümid yeri xarici yardımlar və ianələrdir.

Ermənilər ümid edir ki, Paşinyan və tərəfdarlarının seçkilərdə əldə etdikləri qələbə Cənubi Qafqaz üçün yeni sülh üfüqləri açacaq, Azərbaycan və Ermənistan, habelə Türkiyə və Ermənistanın barışığı üçün imkanlar yaradacaq. Məsələ burasındadır ki, nə Azərbaycan, nə də Türkiyə heç vaxt konstruktiv dialoqdan imtina etməyib, sülhə, sabitliyə, mehriban qonşuluğa yönələn təşəbbüslərə həmişə pozitiv münasibət bildirib. Ancaq bu, görüntü naminə atılacaq addımlar olmamalıdır. Ermənistan ciddi, ardıcıl siyasət aparmalı, qonşularına qarşı ərazi iddialarından əl çəkməli, onilliklərlə dünyada yaydığı anormal ideologiyadan imtina etməlidir. Eyni zamanda, erməni cəmiyyəti revanşist ideyalardan qismən deyil, tamamilə uzaqlaşmalıdır. Hamı yaxşı bilir ki, Paşinyanın siyasi rəqibləri onu kapitulyasiya aktına imza atmaqda ittiham edir və 44 günlük müharibənin məğlubiyyətinin səbəblərini məhz onun özü ilə əlaqələndirirlər. Əlbəttə, bütün istiqamətlərdə sarsıdıcı zərbələrə məruz qalmış Ermənistanın və şəxsən Paşinyanın dövründə itirdikləri əraziləri yenidən işğal etmək üçün müharibəyə başlamaq ideyası absurd görünür. Bu da aydındır ki, 44 günlük müharibədə ağır itkilərlə üzləşmiş ermənilər yenidən eyni acıları yaşamaq niyyətində deyil və Paşinyanın qələbə çalmasında məhz bu amil, heç şübhəsiz, həlledici rol oynayır. Odur ki, ermənilərin seçimi Paşinyana olan simpatiyalardan irəli gəlmir. Azərbaycanın qələbəsindən sonra Paşinyan nüfuzunu əhəmiyyətli dərəcədə itirmişdir, açıq etirazlar, hətta təhqirlərlə qarşılaşırdı. Bütün bunlara baxmayaraq, artıq erməni xalqı Azərbaycanla güc diliylə danışmağın mümkünsüzlüyünü gözəl anlayır və perspektivi olmayan, ölkəyə məhrumiyyətlər gətirəcək işğalçılıq siyasətdən imtina etməyə çalışan kimi görünür. Bunun da əsas səbəbi Azərbaycanın inkişafı, gücü ilə bağlıdır. Ermənistan 44 günlük müharibənin nəticəsində kapitulyasiya aktına da məhz bu səbəbdən imza atmağa, hətta atəşi dayandırmaqla bağlı yalvarmağa məcbur olmuşdur. Öz ordusunun bütün hərbi arsenalının əhəmiyyətli hissəsini, minlərlə canlı qüvvəsini itirmiş ermənilər müqavimət göstərmək imkanında deyildi. Övladlarını başqa ölkənin ərazisini işğal etməyə yönəlmiş müharibəyə göndərmək, onları faktiki olaraq qurban vermək istəməyən erməni cəmiyyəti sülh çağırışlarına səs verməli idi və bunu da etdi. Ermənistanda keçirilən bu növbədənkənar parlament seçkilərinə məhz bu aspektdən nəzər salanda onların niyə məğlub rəhbərə səs verdiklərini başa düşmək çətin deyil.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi xarici siyasət, uğurlu diplomatiya Ermənistanın əsl simasını, niyyətlərini, yalanlarını dəfələrlə beynəlxalq müstəvidə ifşa etmişdi. Cənab Prezidentin diplomatiyası, 44 günlük müharibə zamanı yaratdığı yeni informasiya strategiyası ermənilərin əvvəlki dövrdə yalanlar üzərində qurulmuş üstünlükləri darmadağın etdi.

Nə Paşinyanın, nə də onun sələfləri Koçaryan və Sarkisyanın dövründə erməni cəmiyyətini düşmənçilik ab-havasına kökləyərək öz xalqını qarət olunmasına yönəlmiş sistem Ermənistanın ciddi sosial-iqtisadi problemlərini ört-basdır edə bilməzdi, əksinə, vəziyyət daha da ağırlaşırdı. İndi Paşinyan məcburiyyət qarşısında dərk etməyə başlayır ki, öz siyasətini dəyişməsə, o da Koçaryan-Sarkisyan cütlüyü kimi tarixin arxivinə göndəriləcək. İlham Əliyev 2016-cı ildə həmin cütlüyü hərb meydanında darmadağın etdi, onların onilliklərlə yaydıqları mifi dörd gün ərzində yalanlar üzərində qurulduğunu üzə çıxartdı. Bu gün isə bu üzdəniraq “qəhrəmanlar” həm də siyasi meydanda da dövlət başçımız tərəfindən məhv edildi. Paşinyan bilməmiş deyil ki, cənab İlham Əliyev Koçaryan və Sarkisyan haqqında demişdir ki, onlar Azərbaycan xalqının cəlladları, Xocalı cəlladlarıdır: “Biz sizi məğlub etmişik, sizin ordunuzu məhv etmişik”. Yəni, Azərbaycan öz torpağına, öz vətəndaşına qarşı edilən heç bir şeyi unutmur, heç nəyi bağışlamır. Paşinyan buna şahidlik etməklə qarşısında necə qüdrətli gücün olduğunu anladı, məhz buna görə hərbi ritorikadan, yersiz, axmaq davranışlardan uzaqlaşmalı oldu. İndi ən yaxın perspektivdə Paşinyan gələcəkdə də konstruktiv mövqe sərgiləməkdə davam edəcəyini əməli addımlarla sübut etməli, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qəhrəman Ordumuzun əldə etdiyi möhtəşəm Qələbə nəticəsində regionumuzda formalaşmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan ölkəsinin də bəhrələnə biləcəyi üçün kasad da olsa öz intellektual imkanlarını səfərbər etməli, Soros Fondunun deyil, Azərbaycan Prezidenti cənab İlham Əliyevin cızdığı planla hərəkət etməlidir. Bu, həm də Ermənistanın bir dövlət olaraq yox olmaması üçün lazımdır. Odur ki, Paşinyan erməni xalqına yalnız məhrumiyyətlər bəxş edən “dənizdən-dənizə Ermənistan”, “miatsum” kimi sərsəm ideologiyasından birdəfəlik imtina edilməlidir. Onsuz da bu ideyalar 44 günlük müharibə ilə dəfn edilib. Qalır bunun erməni cəmiyyəti tərəfindən də qəbul edilməsi. Bunun üçün Paşinyan öz xalqının ona ikinci dəfə verdiyi mandatı düzgün istifadə etməyi bacarmalıdır. Hər halda ona səs verənlər revanşizmin, müharibənin əleyhdarlarıdır. 20 iyun seçkiləri bu yöndə Azərbaycanla normal, sivil qaydada yaxınlaşmaq nöqteyi-nəzərdən Paşinyana yeni və unikal imkanlar verir.

Göründüyü kimi, cənab İlham Əliyev strateji hədəfləri düzgün müəyyənləşdirdi, məqsədinə çatmaq istiqamətində bütün lazımi mexanizmləri formalaşdırdı, təkcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, həm də diplomatik və informasiya məkanında da Azərbaycanı favoritə çevirdi və düşməni hərtərəfli şəkildə məhv etdi. Ermənilər gördülər ki, “Qarabağ klanı” onlar üçün artıq yalnız faciə, ölüm, itkilər vəd edir. Başa düşdülər ki, güclü, lideri İlham Əliyev kimi böyük siyasətçi olan Azərbaycanla düşmənçilik onlar üçün son dərəcə təhlükəlidir və məhvə bərabərdir.

Emin QASIMOV,

“Respublika”.