Mötəbər tədbirlərin ideal məkanı
Siyasət

Mötəbər tədbirlərin ideal məkanı

Ölkəmiz sülhün, həmrəyliyin və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfələr verməkdədir

Dinamik inkişaf yolunda inamla addımlayan, beynəlxalq miqyasda mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirən Azərbaycan regional və qlobal səviyyədə söz sahibi olan dövlətə çevrilib. Bu reallığı son illər dövlətimizin təşəbbüsü və evsahibliyi ilə keçirilən beynəlxalq tədbirlər də bir daha təsdiqləyir. Bölgənin lideri, müstəqil siyasət yürüdən Azərbaycan Vətən müharibəsindəki zəfəri ilə dünyanın rəğbətini qazanıb. Respublikamız sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə dəyərli töhfələr verir.

Bakıda Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin prezidenti, üç ölkənin vitse-prezidenti, 2 ölkənin Baş naziri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin bir sıra beynəlxalq təşkilatların rəhbərləri, eyni zamanda nazirlər, nazir müavinləri, səfirlər iştirak ediblər. Toplantıda Azərbaycan qətiyyətlə təsdiq etdi ki, ölkəmiz özünün ideya və məqsədlərini ifadə etməklə yanaşı, gündəlikdə duran əsas məsələlərin həlli üçün beynəlxalq birliyin üzvlərini səfərbər etməyi bacarır. Tədbir Azərbaycanın diplomatik potensialının artdığını, regiondan uzaq dövlətlər arasında münasibətlərin inkişaf etdiyini, Afrika, Asiya və Latın Amerikasında inkişaf etməkdə olan ölkələrin Azərbaycana hörmət və ehtiramının yüksəldiyini göstərdi. Ölkəmizin həm də qlobal və regional səviyyəli tədbirlərə evsahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan, mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar məkan olduğunu nümayiş etdirdi.

Bu kontekstdən yanaşaraq, qeyd etmək lazımdır ki, nüfuzlu Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və digər tədbirlər də məhz Azərbaycanda keçirilir. Dünyanın müxtəlif dövlətlərindən siyasətçilərin, ictimai xadimlərin, akademik dairələrin təmsilçilərinin qatıldıqları qlobal əhəmiyyətli bu toplantılarda bəşəriyyəti narahat edən bir sıra məsələlər müzakirəyə çıxarılır. Hər kəsin marağında olan suallara cavablar, problemlərin həll yolları axtarılır. Bakıdan dünyaya çağırışlar ünvanlanır.

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ötən il "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunun keçirilməsi də aktual məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətli hadisə olmuşdu. IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu forumun dünyada cərəyan edən prosesləri müzakirə etmək üçün mühüm beynəlxalq platformaya çevrildiyini bildirmiş, beynəlxalq birliyi qlobal təhdidlərə qarşı həmrəyliyə çağırmışdı.

Ümumiyyətlə, Qlobal Bakı Forumu fərqli siyasi görüşləri olan insanların öz fikirlərini dünyaya çatdıra biləcəyi platformadır. Dünyanın bir sıra ölkəsinin siyasi xadimlərinin iştirak etdiyi forumda yeni reallıqlarla bağlı mühüm əhəmiyyətə malik təkliflər səsləndirilir. Qlobal Bakı Forumunun Azərbaycan və region üçün əhəmiyyəti böyükdür.

Belə bir Forumun Bakıda baş tutması Azərbaycanın regionda müxtəlif qlobal tədbirlərin keçirildiyi mərkəz olduğunu, dialoq və mədəniyyət məkanı sayıldığını bir daha bütün dünyaya sübut edir. Beynəlxalq əhəmiyyətli istənilən forum, istənilən konfrans ona evsahibliyi edən ölkənin imicinə, nüfuzuna müsbət təsir göstərir. Bu mənada, paytaxt Bakı şəhərində keçirilən beynəlxalq tədbirlər ölkəmizin dünyada daha da tanınmasına səbəb olur. Bununla yanaşı, bu kimi tədbirlər Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rola dinamika gətirir. Bu baxımdan da Qlobal Bakı Forumunu dünyanın siyasi-ictimai elitasını birləşdirən diskussiya və dialoq məkanı adlandırırlar.

Bakıda Beynəlxalq Humanitar Forumların da keçirilməsi artıq ənənə halını almışdır. 2008-ci il "Bakı Prosesi" ilə başlayan belə mühüm beynəlxalq tədbirlər beynəlxalq əməkdaşlıq platforması kimi çıxış edir. Bu tədbirlər istər regional, istərsə də qlobal əməkdaşlıq baxımından olduqca mühümdür. Qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan qlobal əhəmiyyətli tədbirlərin keçirilməsi üçün həqiqətən də nümunəvi məkandır. Digər tərəfdən, xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan nüfuzunun şahidinə çevrilir. Elə bu amillər də Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfə verən ölkə statusunu daha da möhkəmləndirir və bu mövzuda dünyanı düşündürən məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin məhz ölkəmizdə keçirilməsini şərtləndirir. Həmçinin, sivilizasiyalararası dialoq, multikulturalizm meyilləri hər il dərinləşir və qlobal problemlərin həllində humanitar forumların keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Regionda sabitliyin və həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi humanitar inteqrasiyadan və dialoqdan çox asılıdır. Çünki humanistlik multikulturalizm deməkdir, başqa xalqın nümayəndəsinə hörmət və başqa dinə ehtiramdır. Öz dininə hörmət isə başqa dinə hörmətdən başlayır. Humanitar inteqrasiya bütün xalqları birləşdirir, sülh şəraitində dostluğa və qardaşlığa doğru meyilləndirir. Humanitar çağırışların yeni müstəvisində bütün dünya ölkələrini birləşdirməyə nail olan Azərbaycan regionun və bütövlükdə, dünyanın böyük dövlətlərlə mehriban və səmimi dostluq münasibətlərini inkişaf etdirməkdədir. Respublikamızın əməkdaşlıq etdiyi ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri arasında yüksək etimadın mövcudluğu və siyasi dialoqun davam etdirilməsi dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. BMT təşkilatları, Avropa Şurası və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının birgə əməkdaşlığı ilə Azərbaycan tərəfindən iki ildən bir təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlər və dinlərarası dialoqun təşviqi üzrə əsas qlobal platformalardan biridir.

Qlobal təhdidlərlə mübarizənin önündə gedən Azərbaycan beynəlxalq miqyasda getdikcə daha sürətlə artmaqda olan nüfuzundan istifadə edərək dünya miqyasında ədalətin və sülhün bərqərar olmasına təkan verəcək və tarixi liderlik missiyasını uğurla davam etdirəcəkdir.

Mustafa KAMAL,

"Respublika".