Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə gecəsi keçirilib
Digər xəbərlər

Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə gecəsi keçirilib

Azərbaycanın Rusiyadakı səfirliyi Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə gecəsini təşkil edib.

AZƏRTAC xəbər verir ki, gecənin qonaqları arasında tanınmış siyasi və ictimai xadimlər, Heydər Əliyevin dostları və məsləkdaşları, dost ölkələrin səfirləri vardı.

Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu gecəni açaraq qeyd edib ki, 2006-cı ildən Azərbaycan Respublikanın Rusiya Federasiyasındakı səfirliyinin binasında Azərbaycan xalqının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirə günü keçirilir.

Səfir deyib: "Bu bina xüsusi məkandır. Moskva və Rusiya Heydər Əliyevin həyatında xüsusi mərhələlər olub. Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi, Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olub. Buna görə iki ölkə, iki şəhər Heydər Əliyevin taleyində xüsusi rol oynayıb: onun doğma vətəni Azərbaycan, Bakı və Moskva, Sovet İttifaqı, Rusiya. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən 30-dan çox nazirliyə, bir sıra sahələrə kuratorluq edib. Biz hər il bu zalda onun çoxsaylı məsləkdaşları ilə görüşürük. O həm də SSRİ Ali Sovetinin deputatı olub və öz seçiciləri üçün çox iş görüb.

1990-cı il yanvarın 21-də, yəni Qara Yanvarın ertəsi gün Heydər Əliyev bu binaya gəlib, burada çıxış edib və Bakıda törədilmiş cinayətə görə sovet rəhbərliyini ittiham edib. Sovet İttifaqı dövründə ölkənin siyasi rəhbərliyinə qarşı çıxış etməyin nə demək olduğunu yaşlı nəslə izah etməyə ehtiyac yoxdur. Buna baxmayaraq məhz Heydər Əliyev 20 Yanvar hadisələrinə birinci olaraq siyasi qiymət verdi, hamının eşidəcəyi səslə bunu söyləməyə çəkinmədi, o vaxt Azərbaycan Respublikasının düşdüyü informasiya blokadasını aradan qaldırdı. İnsanlar başa düşdülər ki, belə bir rəhbər, belə bir dünyamiqyaslı insan Azərbaycanda olmadığına görə respublika çox çətin vəziyyət düşüb.

1993-cü ildə Heydər Əliyev artıq suveren Azərbaycanın rəhbərliyinə qayıtdı və çox qısa müddətdə görkəmli addımlar atdı, o cümlədən qərb ölkələrinin neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Bu gün bu barədə danışmaq bəlkə də asandır, lakin o dövrdə bu, əsl qəhrəmanlıq idi və qısa müddətdə respublika tamam başqa şəkildə inkişaf etməyə başladı. Heydər Əliyev Azərbaycana qayıdanda respublika vətəndaş müharibəsi həddində idi və inanmaq çətin idi ki, o, qısa müddətdə cəmiyyəti sakitləşdirməyi, qayda yaratmağı bacaracaq".

Polad Bülbüloğlu daha sonra deyib: "Heydər Əliyev haqqında saatlarla danışa bilərəm, çünki bu insan mənim taleyimdə xüsusi rol oynayıb. Sovet dövründə mən bir bəstəkar, artist olmaqla onunla ünsiyyətdə olmuşam. Təbii ki, 1960-1970-ci illərdə Azərbaycanın yaradıcı insanlarının bütün uğurları Heydər Əliyevin adı ilə bağlı idi. Sonra mən mədəniyyət naziri oldum. 1993-cü ildə Heydər Əliyev qayıdanda məni bu vəzifədə saxlamağı lazım bildi. Mən onun komandasında 10 il mədəniyyət naziri vəzifəsində işləmişəm. Bu, çox böyük bir məktəb idi - insanlıq məktəbi, həyat məktəbi, ümumiyyətlə necə yaşamalı və işləməli, öz xalqına, öz dövlətinə necə fayda verməyi öyrədən məktəb. Mənim həyatımda Heydər Əliyev çox böyük rol oynayıb".

RF Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev öz dahi atasının iradəsini həyata keçirərək Azərbaycanı iqtisadi cəhətdən firavan, enerji təchizatı baxımından müstəqil dövlətə çevirdi, Azərbaycanın qanlı yarası olan Qarabağ probleminin həllini uşaqlar və nəvələr üçün saxlamadı. Azərbaycan bütün dünyaya göstərdi ki, o, ən çətin və qeyri-standart məsələləri həll etməyə qabildir.

L.Slutski deyib: "Müasir Azərbaycan bir sıra əlamətdar layihələri gerçəkləşdirib - Birinci Avropa Oyunları, Bakı Humanitar Forumu və sair. Elmi institutlar, ali məktəblər, təbabət, mədəniyyət sahələri inkişaf edir. Bütün bunlar dahi insan, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin vəsiyyətlərinə əsasən həyata keçirilir. Son dərəcədə müdrik insan olan Heydər Əliyev həmişə öz xalqının mənafelərini əsas götürür, minlərlə insanı öz ətrafında sıx birləşdirirdi. Heydər Əliyev öz yurduna ona görə qayıtdı ki, başqa cür hərəkət edə bilməzdi. O öz xalqının liderinə çevrildi və həmişəlik lider kimi qalacaq. Yüzilliklər keçəcək və bundan sonra Azərbaycana rəhbərlik edənlər özlərini, öz gələcəyini, həyatını və karyerasını Heydər Əliyev koordinat sistemində müəyyən edəcəklər".

Leonid Slutski daha sonra qeyd edib ki, bu gün Rusiya ilə Azərbaycanı sıx əməkdaşlıq telləri bağlayır. Deputat deyib: "Bizdən ötrü Azərbaycandan daha etibarlı tərəfdaş yoxdur. Özü də bu, təkcə postsovet məkanına aid deyil. Mən qürur duyuram, xoşbəxtəm ki, biz bir sıra maraqlı məsələləri birlikdə həll etmişik. O cümlədən İlham Heydər oğlu Avropa Şurasında Milli Məclisin nümayəndə heyətinin rəhbəri olanda biz çoxlarına sübut etdik ki, həm Azərbaycanla, həm də Rusiya Federasiyası ilə bağlı faktların təhrif edilməsi xalqın amalları ilə, ölkədə baş verən reallıqlarla heç cür bağlı deyil".

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, tanınmış siyasətçilər və ictimai xadimlər ulu öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüblər.

Xatirə gecəsi çərçivəsində Rusiya Uşaq Fondunun sədri Albert Lixanovun "Xatirimdən silinmir" adlı kitabının təqdimatı keçirilib. Kitabda A.Lixanovun bu Fondun formalaşdığı dövr və bu məsələdə SSRİ hökuməti sədrinin birinci müavini Heydər Əliyevin rolu barədə xatirələri toplanıb.

Heydər Əliyev haqqında parlaq, canlı xatirələr, onunla söhbətlər, o illərin gündəliklərində aparılmış qeydlər əsasında bu insan haqqında fikirlər nadir fotoşəkillərlə tamamlanıb.

Xatirə gecəsi beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadənin və M.M.İppolitov adına Dövlət Musiqili Pedaqoji İnstitutunun rektoru professor Valeri Voronanın rəhbərliyi ilə gənclər orkestrinin ifasında klassik musiqi konserti ilə davam edib.

AZƏRTAC