MOK rəsmiləri AOK-un 51-ci Baş Assambleyasının iclasında iştirak edirlər
Siyasət

MOK rəsmiləri AOK-un 51-ci Baş Assambleyasının iclasında iştirak edirlər

İyunun 10-11-də Makedoniyanın Skopye şəhərində Avropa Olimpiya Komitəsinin 51-ci Baş Assambleyasının iclası keçirilir. Şimal Makedoniya MOK-un prezidenti Daniel Dimeski, AOK-un prezidenti Spiros Kapralos, BOK-un prezidenti Tomas Baxın iştirak etdiyi iclasda "Paris-2024" Yay Olimpiya Oyunları, "Milano Kartina-2026" Qış Olimpiya Oyunları müzakirə olunacaq. Həmçinin 3-cü Avropa Oyunları - "Krakov və Malopolska-2023" Təşkilat Komitəsinin və "Pekin-2022" üzrə BOK təşkilat komitəsinin hesabatları dinləniləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev və MOK Beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov da AOK-un 51-ci Baş Assambleyasının iclasında iştirak edirlər.

Baş Assambleyanın iştirakçılarına AOK prezidenti Spiros Kapralos, AOK Baş katibi Rafael Paqnozi tərəfindən hesabatlar da təqdim olunacaq. AOK-un 2021-ci il maliyyə hesabatı, 2023-cü ilin büdcəsi, xarici auditorların təyinatı və AOK komissiyalarının hesabatları da iclasın gündəliyinə salınıb.

AZƏRTAC