Möhtəşəm uğurları ilə qüdrətlənən Türkiyə
Türk dünyası

Möhtəşəm uğurları ilə qüdrətlənən Türkiyə

Hər hansı bir ölkədə daxili və ya siyasi sabitlik bir neçə əsas strukturun üzərində qurulur. Liderlərin atdığı qətiyyətli addımlar cəmiyyətin, dövlətin və dövlətçiliyin bu gününü və sabahını formalaşdırır. Bu yolda vahid təməlin ərsəyə gətirilməsi xalqla cəmiyyətin bütünlüyünü özlüyündə birləşdirməlidir. Məhz iki əsas gücün vəhdəti uğurlu gələcəyə açılan qapının açarıdır.

Gücünü tarixindən alan qardaş Türkiyə dövləti regional və beynəlxalq güc mərkəzinə çevrilmişdir. Siyasi, iqtisadi, hərbi, tibbi və təhsil sahəsində əldə olunan uğurlar siyasi hərc-mərclik dövrünü geridə buraxmış Türkiyənin dirçəlişində önəmli rol oynayır. Cənab Prezident İlham Əliyevin martın 16-da keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə qeyd etdiyi: "Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmişdir, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşır və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir" fikirlər bunu bir daha sübut edir.

Beynəlxalq nəzərdə "Türkiyə olmadan Avropa Birliyi nə regional problemləri həll edə bilər, nə də qlobal güc ola bilər" düşüncəsi bu gün Rusiya-Ukrayna müharibəsi dövründə Türkiyənin rolunu bir daha təsdiqləmiş oldu. İki nəhəng taxıl ixracatçısı olan Rusiya və Ukrayna arasında körpü rolunu oynayaraq dünyanı böyük bir qida krizindən xilas edən qardaş ölkənin gələcəkdə də müharibənin həlli istiqamətində aparıcı rol oynaması gözləniləndir.

 

İnkişaf mərhələsi

1983-cü ildə yaradılan Rifah Partiyası ilə siyasi həyata təkrar atılan Rəcəb Tayyib Ərdoğan artıq 1984-cü ildə partiyanın Bəyoğlu bölməsinin rəhbəri seçildi. Bir il sonra isə Rifah Partiyasının İstanbul bölməsindəki təşkilatında rəhbər postuna təyin olundu. Partiyanın İstanbul şöbəsinə rəhbərlik etdiyi vaxt Ərdoğan fəal şəkildə şəhərin sakinlərini partiya sıralarına cəlb etməyə başladı. Xüsusən də qadınların və gənclərin siyasətə daha çox cəlb olunmaları üçün xüsusi fəallıq göstərdi. Lakin 1986-cı ildə parlamentə keçirilən seçkilərdə namizədliyini irəli sürsə də, müvəffəqiyyətsizliyə uğradı. 1989-cu ildə Bəyoğluda keçirilən bələdiyyə seçkilərində isə az fərqlə uduzdu. Lakin uğursuzluqla barışmayan  Ərdoğan  uğurlu siyasi xəttini davam etdirərək 1994-cü il martın 27-də İstanbul bələdiyyə sədri vəzifəsinə namizədliyini irəli sürdü və böyük səs çoxluğu ilə bu posta seçildi. Bələdiyyə sədri vəzifəsində Ərdoğan bir sıra uğurlar qazandı. Xüsusən də, İstanbulun yaşıllaşdırılması, şəhərin su ilə təminatı, məişət tullantılarının daşınması, eləcə də bəzi sosial problemlər öz həllini tapdı. Bu postu təhvil aldıqdan sonra isə  bələdiyyənin 2 milyard dollar həcmində borcunun böyük bir hissəsi ödəndi. Şəhərə isə 4 milyard dollar həcmində investisiya yatırıldı. Bütün bunlar sadə insanlar arasında Rəcəb Tayyib Ərdoğanın şöhrətini daha da artırdı. Məhz onun sədrliyi dövründə İstanbulun qazlaşdırılması ilə bağlı layihələr başa çatdırıldı. Ərdoğanın rəhbərliyi ilə şəhərdə 50-dən çox körpü, keçid və yol inşa edildi.

Dosta güvən, sevinc, düşmənə qorxu, göz dağı

Bu gün Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə və bütün türk dünyasının hədəfləri müzakirə olunur. Hakimiyyətinin ilk illərindən başlayaraq daxili rifahı təmin edən, xarici siyasətdə öz dəst-xətti ilə seçilən uğurlu Türkiyə modelinin banisi dünyada xüsusi siyasi çəkiyə sahibdir. Müasir türk cümhuriyyətinin təcrübəsindən çıxış edərək siyasət aparmaqla XXI əsrdə çox da irəli getmək mümkünsüzdür. Bunu Türkiyənin 100 illik tarixi aydın göstərmişdir. Rəcəb Tayyib Ərdoğanın təhlükəsizlik məsələlərinə, beynəlxalq əlaqələr, soyuq müharibə və qloballaşma dövrünün siyasi hadisələrinə, strateji aspektlərinə, müstəqil dövlətlərin regional və beynəlxalq mənfəətlərinin tənzimlənməsinə indekslənmiş siyasi nəzəri fikirləri dünyanın aparıcı beyin mərkəzlərində öyrənilməkdədir.

Uğurlu siyasi-iqtisadi gedişin növbəti göstəricisi isə Ədalət və İnkişaf Partiyasının 14 avqust 2001-ci ildə fəaliyyətə başlaması idi. Rəcəb Tayyib Ərdoğanın qurduğu siyasi partiya Abdulla Gül, Binəli Yıldırım və Bülənt Arınc kimi yenilikçilərdən ibarət idi. Bu birlik Türkiyənin uğurlu inkişaf tarixinin qızıl dövrü idi. Baş nazir vəzifəsinə təyin olunduqdan sonra elə ilk günlərdə Ərdoğan bildirdi ki, müasir Türkiyənin dövlət quruculuğunun əsasını təşkil edən dünyəvi prinsiplərdən geri çəkilmək niyyətində deyil. Ərdoğanın Baş nazir vəzifəsində sonrakı fəaliyyəti isə onun nüfuzunu daha da artırdı. Məhz onun hökumətə başçılıq etdiyi dönəmdə - 2004-2005-ci illər arasında Türkiyədə pul islahatı aparıldı. İnflyasiyanın səviyyəsi aşağı düşməyə başladı, yeni sosial müəssisələrin, elektrik stansiyalarının tikintisi həyata keçirildi. Dövlətdə və cəmiyyətdə demokratik dəyərlər daha da möhkəmləndi. Bütün bunlar isə Türkiyə iqtisadiyyatında "səssiz inqilab" kimi dəyərləndirildi. "Sülhün, rifahın və təhlükəsizliyin qloballaşmadığı bir dünyada kimsə xoşbəxt ola bilməz. Mən İstanbulda bələdiyyə başçısı işlədiyim dövrdə İstanbulu dünyanın maliyyə mərkəzi halına gətirmək arzusunda idim. Artıq bunun həyata keçirilməsinin vaxtı çatıbdır. İstanbul və Türkiyə bu cür böyük və iddialı bir layihəyə hazırdır", - deyən Ərdoğan iqtisadi mexanizmlərin hər birini məharətlə işə salırdı. Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) İstanbul Zirvəsində BVF və DB prezidentləri, 186 ölkədən olan maliyyə nazirlərinin, mərkəzi bank rəhbərlərinin, tanınmış iqtisadçı alimlərin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etməsindən sonra 2009-cu ildə inflyasiya 5,3 faiz olmaqla, BVF və DB Türkiyəyə kredit ayırma risklərini 2 pillə artırmışdır. G-20-yə üzv olan Türkiyənin böhran zamanı həyata keçirdiyi siyasət dünya miqyasında təqdir olunmuşdur. Qlobal iqtisadiyyatda inkişaf etməkdə olan ölkələrin söz sahibi olduğu bir zamanda məhz Türkiyə sərmayədarlar üçün model ola biləcək bir ölkədir.

2009-cu ildə dünyanın ən güclü dövlətlərini diz üstə çökdürən iqtisadi böhrandan Türkiyənin ən az itki ilə ötüşməsi də Ərdoğan hökumətinin manevr qabiliyyətinin nəticəsidir. Məhz iqtisadi böhran dünyanı sarsıtdığı bir zamanda Ərdoğan hökuməti 500 min iş yerinin açılmasına imkan yaradan "təşviq paketi"ni ortaya qoydu, 20 min nəfər üçün dövlət məmuru yeri açdı. ABŞ-da 158 bank bağlanarkən, Türkiyədə nəinki bir bank da bağlanmadı, əksinə, bu sektorda 12 min nəfər gənc üçün iş yeri açıldı. Ölkənin xarici borcları 3 dəfə azaldı. Türkiyənin bank və maliyyə sektorundakı etibarlılığı onu dünyanın aparıcı ölkələrindən birinə çevirdi.

Hərbi və texnoloji sənayenin yüksəlişi

Türkiyə müdafiə sənayesində son illər aparılan islahatların nəticələri son hərbi əməliyyatlarda özünü göstərdi. Ölkə daxilində terror təşkilatları ilə mübarizə, digər tərəfdən, Fərat Qalxanı hərəkatı ilə başlayan, Zeytun Budağı ilə davam edən uğurlu əməliyyatlarda yerli və milli müdafiə sənaye məhsulları istifadə edildi. Yerli silahlar, Pilotsuz Uçuş Aparatları (İHA - İnsansız Hava Araçları), Silahlı Pilotsuz Uçuş Aparatları (SİHA - Silahlı İnsansız Hava Araçları) bütün dünyanın diqqətini çəkdi. 44 günlük Vətən müharibəsi zamanı türk hərbi sənaye məhsullarının istifadəsi də  qeyd edilməlidir. Bununla bağlı cənab Prezident İlham Əliyev demişdir: "Əlbəttə ki, Türkiyədən alınmış müasir silahlar, Bayraktarlar daxil olmaqla, bizim işimizi böyük dərəcədə yüngülləşdirdi və insan itkisinin çox olmamasına da səbəb oldu. Çünki əgər bu silahlar bizdə olmasaydı, əlbəttə, bizim işimiz daha çətin olardı, daha çox şəhidlər olacaqdı, bu, şübhəsiz. Ancaq biz Türkiyədən təkcə silahlı PUA-lar deyil, başqa silahlar da almışdıq".

Türkiyə hərbi sənayesinin inkişafını görmək üçün son 5 ilə nəzər sala bilərik. Ölkəmizin İkinci Qarabağ müharibəsində öz sözünü deməsi Türkiyə hərbi sənayesinin inkişafının göstəricisidir. Türkiyə NATO üzvü ölkələr arasında ABŞ Silahlı Qüvvələrindən sonra ən böyük ikinci hərbi gücdür və NATO-nun nüvə paylaşma siyasətinin bir hissəsi olan beş ölkədən biridir. 2014-2018-ci illər arasında Türkiyə silah ixracatını 170 faiz artırıb. Belə ki, 2018-ci ildə Türkiyə sayca 14-cü ən böyük silah ixracatçısı olub. Bununla da Türkiyə silah bazarında öz yerini tutub.

15 iyul 2016-cı il tarixdə baş verən çevriliş cəhdi Türkiyədə dövlətin hərtərəfli yenidən qurulmasına səbəb oldu. Həmçinin ölkənin Müdafiə Nazirliyi də yenidən quruldu. Türkiyənin sərhədindəki təhdidlərə qarşı başda Suriya və İraq olmaqla, sərhədin o tayında PKK-ya qarşı davam edən əməliyyatlar aparıldı.

Məhz Rəcəb Tayyib Ərdoğanın sayəsində əvvəllər müdafiə sənayesində xarici ölkələrdən daha çox asılı olan Türkiyə artıq milli gəmisini, tankını, radar aparatını, insansız hava vasitələrini, silahını özü istehsal edir, kosmosa peykini göndərir. Ölkənin müdafiə sənayesinin gəldiyi bu məqam bu sahədə fəaliyyət göstərən şirkətlərdə çalışanların xidmətlərinin və xüsusən, son 15 ildə atılan addımların nəticəsidir. Dünyada türk hərbi istehsallarının alıcıları günbəgün artmaqdadır. Bütün bunlarla yanaşı, Türkiyənin yoluna daş qoymaq istəyənlər də az deyil. Türkiyənin Suriyadakı əməliyyatlarından sonra bəzi Qərb ölkələri Türkiyəyə silah satışını qismən və ya tamamilə dayandırması buna dəlalət edir. Bu ölkələr Almaniya, İtaliya, İngiltərə, Fransa, Çexiya, Norveç, Hollandiya, İsveç və Finlandiya kimi, islamofobiyanın təbliğatçısına çevrilən ölkələrdir. Xüsusilə, NATO-ya üzv olan bir çox ölkələr Türkiyə ilə deyil, terror təşkilatları ilə ittifaqlar qururlar.

Müdafiə sənayesində önəmli rolu olan şəxslərdən biri də Səlcuq Bayraktardır. Məhz onun təşəbbüsü ilə bu gün türk hərbi sənayesi dünyanın aparıcı hərbi qüvvəsi hesab olunur.  Bayraktarın növbəti hərbi sənaye uğuru  "Bayraktar TB3" Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə 27 aprel - 1 may tarixləri arasında İstanbul Atatürk Hava Limanında keçiriləcək TEKNOFEST 2023 sərgisində ilk dəfə ictimaiyyətə nümayiş etdiriləcək.  "Bayraktar TB3" qatlana bilən qanad quruluşu ilə "TCG Anadolu" kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb-enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq.

Hərbi sənayedə inkişafla yanaşı, Türkiyə Rəcəb Tayyib Ərdoğanın öndərliyində artıq öz yerli avtomobil markasını da satışa çıxardı. Bu layihə fikri ilk olaraq 2017-ci ilin noyabr ayında Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlandı. Yaxın tarixdə satışına başlanılan "Togg" markalı avtomobil Prezident Rəcəb Tayyib Ərdoğanın özünün şəxsən təqdim etdiyi layihə olaraq Türkiyə üçün çox böyük uğur hesab olunur. "Tesla"nın məşhur avtomobilləri ilə yarışmağa hazır olan maşının üstünlükləri qlobal çərçivədə istifadə prizmasının geniş olacağını göstərir.

Bir millət, iki dövlət

Əsrlərə söykənən qardaşlığın yeni mərhələsi iki dövlətin qarşılıqlı əlaqələrinin ən pik həddi hesab olunur. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri Türkiyə liderini Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Bəyannamənin imzalanması sözsüz ki, mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş Günü - 15 İyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə olunur. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycan və Türkiyənin xeyrinə və maraqlarına uyğun cərəyan edir.

Nurlan ABDALOV,

"Respublika".