Möhtəşəm qələbəmiz hər kəsə qürur yaşadır
Siyasət

Möhtəşəm qələbəmiz hər kəsə qürur yaşadır

Tarixən ermənilər Azərbaycana və qardaş Türkiyəyə ərazi iddiaları qaldırmış və öz havadarlarının yardımı ilə buna qismən nail olmuşlar. Son 100 ildə isə tamamilə azğınlaşaraq dənizdən-dənizə xülyaları ilə yaşamışlar.  Ötən əsrin 90-cı illərinin əvvəllərində onlar “xaç ataları”nın birbaşa dəstəyi ilə  Azərbaycanda hökm sürən xaosdan istifadə edərək səfalı yerlərimizdən olan Qarabağın dağlıq hissəsini və ətraf rayonları işğal edə bildilər. Bu zaman insani hisslərdən tam uzaq olan ermənilər və Rusiyanın 366-cı motoatıcı diviziyası həmin müqəddəs yerlərimizdə dünyada analoqu olmayan faciələr törətdilər. Ancaq ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə atəşkəs imzalandı, gələcək faciələrin qarşısı alındı. Təəssüflə qeyd etmək lazımdır ki, torpaqlarımız 30 ilə yaxın müddətdə işğal altında qaldı. Bu zaman ərzində erməni vandalları işğal etdikləri əraziləri tamamilə viran qoydular. Ağlasığmaz ekoloji cinayətlər törətdilər. İnsanların inanc yerlərini, məscidləri, yüzlərlə mədəniyyət, təhsil ocaqlarını və digər strateji əhəmiyyətli obyektləri tamamilə yerlə yeksan etdilər. İşğal etdikləri torpaqlarda narkotik bitkilər əkib-becərdilər. Hətta daim ermənilərə dəstək olan bəzi ölkələrin nümayəndələrinin  də həmin torpaqlardan qeyri-qanuni olaraq istifadə etmələrinə şərait yaradıldı. Ermənilər bütün dünyaya özlərinin “yenilməz” ordusu, “keçilməz” sədlərinin olduğunu bəyan etməklə guya Azərbaycandan istədikləri vaxt yeni ərazilər ala biləcəklərini zənn edirdilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə dünya birliyinə münaqişənin həlli ilə bağlı müraciət etdi. Məsələnin sülh yolu ilə həllinə çalışsa da, heç bir nəticə əldə olunmadı. Səbəb isə beynəlxalq təşkilatların, eləcə də bir neçə Avropa dövlətinin və bəzi qonşu ölkələrin erməniləri daim dəstəkləməsi olmuşdur. Azğınlaşmış mənfur düşmən atəşkəs rejiminə əməl etməyərək hər an günahsız insanlara atəş açmaqdan belə çəkinmirdi. 2020-ci il iyul ayının 12-si Ermənistan silahlı qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini atəşə tutdular. Məqsədləri yeni ərazilər zəbt etmək idi. Həmin vaxt qüdrətli Azərbaycan Ordusu düşmənin cavabını layiqincə verdi. Ancaq təəssüf hissi ilə bildirmək lazımdır ki, o zaman general-mayor Polad Həşimov və başqa zabit və əsgərlərimiz şəhidlik zirvəsinə ucaldılar. Bu hadisədən sonra Azərbaycan xalqının düşmənə nifrəti daha da çoxaldı. Kiçikdən-böyüyə hər kəs intiqam hissi ilə işğal altında olan torpaqlarımızı yağı düşməndən azad etmək istəyi ilə  yaşayırdı. Nəhayət, 27 sentyabr 2021-ci il tarixdə Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Elə müharibənin ilk günlərindən müzəffər ordumuzun üstünlüyü haqqında xalqa məlumat verildi. Ötən ilin bu vaxtlarında yenilməz, cəsarətli Azərbaycan Ordusunun davamlı qələbələri haqqında Ali Baş Komandan İlham Əliyev efir vasitəsilə Azərbaycan xalqını məlumatlandırır və təbrik edirdi. Hər kəs televiziya ekranları qarşısında, sosial media hesablarında intizarla Ali Baş Komandanın qələbə müjdəsini gözləyirdi. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, xalq ən xoşbəxt və sevincli günlərini yaşayırdı. Azərbaycan xalqı yekdilliklə Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişdi. Xalq-ordu birliyi öz nəticəsini verirdi. Minlərlə insan yaşından asılı olmayaraq könüllü olaraq müharibəyə, torpaqları işğaldan azad etmək üçün çağırış məntəqələrinə yollanırdı. Hər kəs öz ürəyinin səsinə qulaq asaraq əsgərlərimizə maddi yardımlar etməyə, isti geyim, ərzaq və digər zəruri əşyaları çatdırmağa çalışırdı. Bu Vətən müharibəsi xalqımıza qələbə sevincini yaşatmaqla yanaşı, eyni zamanda hər bir Azərbaycan vətəndaşının dövlət başçısına inamını, insanların Vətənə sədaqətini və birliyini sübut etdi. Məlumdur ki, əldə olunan tarixi qələbə şəhidlərimizin və qazilərimizin canı və qanı bahasına başa gəlmişdir. Bu gün dövlət başçımız İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı ilə yanaşır və hər cür dəstək göstərirlər. Eyni zamanda şəhidlərimizin əziz ruhları hər bir vətəndaşın, dünyadakı soydaşlarımızın and yerinə çevrilmişdir. İgid əsgərlərimiz müharibədə mənfur düşməndən fərqli olaraq bəşər tarixində analoqu olmayan döyüş nümunələri göstərdilər. Xalqımız əsrlər boyu 44 günlük Vətən müharibəsində şanlı qələbəmizin xoş təəssüratlarını unutmayacaqdır. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfər edərək Üçrəngli Azərbaycan Bayrağını ucaltması hər kəsə qürur yaşadırdı.

Azad olunan ərazilərdə irimiqyaslı layihələrin həyata keçirilməsi geniş vüsət almışdır. Prezident İlham Əliyev çıxışlarının birində demişdir ki, azad olunan torpaqlarda abadlıq-quruculuq işlərini həyata keçirmək üçün Azərbaycan dövlətinin hər cür imkanları mövcuddur, bizim yalnız zamana ehtiyacımız var. Bu gün bir sıra ölkələr o torpaqlarda abadlıq işlərinin aparılmasında iştirak etməyə təşəbbüs göstərir. Torpaqlarımızın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafına töhfələr verəcəkdir. Həmin bölgələr güclü turizm potensialına, eyni zamanda aqrar sahənin inkişaf etdirilməsi üçün münbit torpaqlara malikdir. Təbii ehtiyatlarla zəngin olan bu ərazilər sənayenin yüksək təşəkkül tapmasına stimul verəcəkdir. Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, İkinci Qarabağ müharibəsi zamanı qardaş Türkiyə Cümhuriyyətinin dövlət rəhbərliyi  dəfələrlə açıq şəkildə bəyan etdi ki, biz həmişə Azərbaycanın yanındayıq. Hazırda işğaldan azad edilmiş rayonların dirçəldilməsində həyata keçirilən genişmiqyaslı layihələrdə türk şirkətlərinin fəaliyyətini xüsusilə vurğulamaq lazımdır. Çox yaxın zamanlarda işğaldan azad edilmiş torpaqların əsl cənnətə çevriləcəyinə heç bir şübhə yoxdur. Həqiqətən qalib ölkənin vətəndaşı olmaq qürurvericidir.

Şadkamal HÜSEYNOV,

“Tovuz Aqro” MMC-nin direktoru.