Möhkəm təməl üzərində qurulan dövlətçiliyimiz
Siyasət

Möhkəm təməl üzərində qurulan dövlətçiliyimiz

1993-cü il iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi

Azərbaycan dövlətinin tarixində əvəzedilməz şəxsiyyət olan Heydər Əliyev xalqının yaddaşında, təfəkküründə güclü dövlət xadimi olmaqla bərabər, həm də dəyişməz əqidəli, öz xalqına, onun adət-ənənələrinə, milli dəyərlərinə qırılmaz tellərlə bağlı olan müdrik rəhbər kimi əbədi yaşayır. Azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişinin, milli özünüdərkin, xalqın tarixi yaddaşının özünə qaytarılmasının, dövlətçilik ənənələrinin güclənməsinin, mənəvi dəyərlərin dirçəldilməsinin, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasının təməlini Heydər Əliyev hələ 70-ci illərdəki fəaliyyəti dövründə qoymuşdu. Bu illərdə Azərbaycanda sürətli inkişaf dövrü başlamış, bütün sahələrdə dahi rəhbərin səriştə və prinsipiallıqla həyata keçirdiyi sosial-iqtisadi və mədəni siyasət öz bəhrəsini verməyə başlamış, ölkə yeni bir intibah dövrünə qədəm qoymuşdu. Respublikaya rəhbərliyinin bütün dövrlərində Azərbaycanın inkişafında yeni bir tarixi mərhələnin əsasını qoyan Heydər Əliyev hər bir dövr üçün xarakterik olan ictimai-siyasi yönlü maneələri məharətlə aradan qaldıraraq tənəzzülün qarşısını almağa və ölkənin bütün sahələrində dinamik inkişaf üçün möhkəm özül yaratmağa müvəffəq olmuşdu.

SSRİ-nin siyasi rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra çox böyük çətinliklə 1990-cı ilin iyul ayında Heydər Əliyevin Bakıya, 2 gün sonra isə təzyiqlər, təqiblər məcburiyyətindən Naxçıvana qayıdışı doğma yurduna yenidən nəfəs verdi. Heydər Əliyev 1990-1993-cü illərdə Naxçıvanın ən ağır günlərində ona dayaq durdu. O, qısa zaman ərzində Azərbaycanın imperiya azadlığından tamamilə xilas olması, müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm, siyasi və ideoloji amilə çevrilən tarixi qərarları da məhz Naxçıvanda qəbul etdi. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olundu. 20 yanvar 1990-cı il Qanlı Yanvar faciəsinə siyasi qiymət verildi. Bundan başqa, SSRİ-nin qorunub saxlanması barədə referendumdan Naxçıvan əhalisinin imtina etməsi, Muxtar Respublikada Kommunist Partiyasının yerli orqanlarının fəaliyyətinin dayandırılması, 20 Yanvar - Ümumxalq Hüzn Günü, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi, ilk demokratik islahatların keçirilməsi, ilk milli Sərhəd Qoşunlarının yaradılması, keçmiş Sovet Ordusu Muxtar Respublikanı tərk edərkən hərbi hissədəki silah-sursatın və texnikanın Azərbaycanın digər bölgələrindən fərqli olaraq tamamilə Naxçıvanda saxlanılması ulu öndərin bacarığının, liderlik qabiliyyətinin göstəricisi idi. Bu vaxtlar isə paytaxt Bakıda savadsız rəhbərlərin məntiqsiz siyasəti nəticəsində Azərbaycanın əbədi-əzəli torpaqları bir-birinin dalınca işğal olunur, qaçqınların, köçkünlərin sayı günbəgün artırdı.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etsə də, o dövrdə hakimiyyət sükanı arxasında dayanan rəhbərlərin səriştəsizliyi ucbatından müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı. Həmçinin, Ermənistanın Dağlıq Qarabağda apardığı işğal siyasəti, ölkə daxilindəki çəkişmələr cəmi bir il əvvəl qazanılmış müstəqilliyi təhlükə altında qoymuşdu. Belə bir zamanda cəmiyyətin sağlam nəzərləri Naxçıvana dikilmişdi...

Azərbaycan üçün çox mürəkkəb olan bu mərhələdə Heydər Əliyevin misilsiz liderlik təcrübəsi onun yenidən hakimiyyətə gəlməsi zərurətini yaratdı. Belə ki, 1993-cü ilin may-iyun aylarında dövlət böhranının, hakimiyyətsizliyin, xaosun son həddə çatması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, xalq təkidlə Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı.

Dünyaşöhrətli dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın, cəmiyyətdə artan iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyin qarşısını aldı. Məhz ulu öndər Heydər Əliyev xalqı və dövləti labüd fəlakətdən xilas etdi. Həmin vaxt Azərbaycanın vəziyyəti son dərəcə mürəkkəb və ümidsiz idi. Belə ki, müstəqilliyini yenicə bərpa edən və onu yetərincə möhkəmləndirə bilməyən Azərbaycan erməni faşizminin hücumuna məruz qalmış, nəticədə ölkə ərazisinin 20%-i işğal olunmuşdu. Azərbaycanın daxilindəki gərgin və qeyri-stabil vəziyyətdən istifadə edən Ermənistan ordusu hücum əməliyyatlarını genişləndirir, daha çox ərazini zəbt etməyə çalışırdı. Nizami ordunun və vahid hərbi komandanlığın yoxluğu fonunda faşist xislətli ermənilərin hücumlarının qarşısını almaq mümkünsüz hala gəlmişdi. Bu isə ölkədə onsuz da gərgin olan vəziyyəti bir qədər də gərginləşdirir, xalqla dövlət arasındakı uçurumun daha da dərinləşməsinə səbəb olurdu. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, respublikamızda sosial-iqtisadi dirçəlişə, ölkəmizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyini gücləndirməsinə imkan verdi. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında çıxış edən Heydər Əliyev demişdir: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm".

Ulu öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən ölkədə sabitliyin təmin olunması, hərc-mərcliyin, özbaşınalığın qarşısının alınması istiqamətində əhəmiyyətli işlər həyata keçirdi. Aşkarlıq prinsipinə üstünlük verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görüldü.

1993-cü il iyunun 17-dən 18-nə keçən gecə Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərən Əbülfəz Elçibəy dövlət orqanlarının rəhbərlərinə xəbər vermədən ölkənin böhranlı günlərində hakimiyyət postunu tərk edərək Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndinə getmişdir. 1993-cü il iyun ayının 21-də Azərbaycan Respublikası Milli Məclisi onun Bakı şəhərinə təcili olaraq qayıtması barədə qərar qəbul etmiş, lakin Əbülfəz Elçibəy bu müraciətə əhəmiyyət verməmiş və bununla da dövlət başçısı səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevə keçmişdir. Elçibəy də 1993-cü il 24 iyun tarixli Fərmanla öz səlahiyyətlərini Azərbaycan Respublikası Ali Sovetinin sədrinə vermişdir.

Parlamentin 24 iyun tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi artıq bütün proseslərin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Həmin ilin 3 oktyabr tarixində isə ulu öndər ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Ulu öndər ilk növbədə ölkədə rəhbərliyi ələ keçirmiş səriştəsiz "rəhbərlərin" yol verdiyi səhvləri düzəltdi, ölkənin daxili və xarici siyasətində mövcud olan yanlışlıqları yoluna qoydu. Xalqın mənafeyinin qorunmasına yönəlmiş islahatlara başlandı. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə yeri, beynəlxalq təşkilatlarla əlaqələri müəyyənləşdirildi. Ölkənin ümummilli mənafelərini müdafiə etmək, bütün sahələrdə inkişafa nail olmaq, xalqın, dövlətin təhlükəsizliyini təmin etmək ən vacib məsələ olaraq qarşıya qoyuldu və bu siyasət ulu öndərin Azərbaycana rəhbərliyinin son gününə qədər məqsədyönlü, düşünülmüş şəkildə həyata keçirildi.

Bu gün ulu öndərin müdrik siyasəti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ulu öndərin təməlini qoyduğu çoxşaxəli islahatlar bu gün qalib Azərbaycanın inkişaf yolunu müəyyən edir. Dahi Heydər Əliyevin müdrikliklə, uzaqgörənliklə qoruyub möhkəmləndirdiyi müstəqil Azərbaycan artıq bütün dünyada etibarlı tərəfdaş, güclü orduya sahib, gələcəyə hesablanmış xarici siyasət yürüdən ölkə kimi qəbul edilir. Regionda reallaşdırılan bütün layihələrdə Azərbaycanın mövqeyi nəzərə alınır. Ölkəmiz regionda söz sahibidir. Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyanın lider ölkələrindəndir. Ulu öndərin düşünülmüş neft strategiyası nəticəsində mühüm layihələrin gerçəkləşdirilməsi respublikamızın beynəlxalq aləmdə layiqli yerini təmin edib.

Müstəqil, bütün dünyaya qapılarını açmış Qalib Azərbaycan, möhkəm təməl üzərində qurulan dövlətçiliyimiz, xoş gələcəyə aparan aydın, nurlu sabahlar xalqımızın dahi oğlu, ümummilli lideri, ulu öndər Heydər Əliyev siyasətinin bəhrəsidir.

Mehparə ƏLİYEVA,

"Respublika".