Modern, çevik, şəffaf idarəetmə sistemi
Digər xəbərlər

Modern, çevik, şəffaf idarəetmə sistemi

Yüksəkkeyfiyyətli “Elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır, ölkəmizin sosial gücünü nümayiş etdirir

“Elektron hökumət” müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən ölkə ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradır.  e-sosial.az portalı  ölkənin sosial reyestri olmaqla vətəndaşlara 100-dən çox sosial xidmət növündən yararlanmaq imkanı verir

Respublikamızda  “Elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və dövlət başçısının  “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ-hüquqi aktlarla fəaliyyəti üçün hüquqi baza yaradılıb.  Yaradılan  imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında  “məsafəni” azaltmaq olduğu vurğulanan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu barədə verdiyi məlumatda bildirilir ki, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.  Dövlət orqanları tərəfindən e-xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir.  Beynəlxalq təcrübəyə uyğun olaraq vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi tətbiq olunur.  Dövlət orqanlarının göstərdiyi e-xidmətlərin cəmləşdirildiyi portal istifadəyə verilir. “Elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə birgə işlər görülür və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirilir. Elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulub, həmçinin, “Elektron hökumət” portalı hazırlanaraq istifadəyə verilib.  Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər.

Modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə əhaliyə göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi istiqamətində Azərbaycanda əhəmiyyətli işlər görülmüşdür. Bununla belə, vətəndaşlara xidmət göstərilməsində şəffaflığı və operativliyi təmin etmək üçün əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya sistemlərinin formalaşdırılması, informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması yönündə bir sıra əlavə tədbirlərin görülməsinə zərurət vardır. Göstərilən sahələrdə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında”  5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan “e-sosial” internet portalında  əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətləri vahid platforma üzərindən elektron formada təqdim edilir.  Ümumilikdə, nazirliyin bütün xidmətləri avtomatlaşdırılmış, əhatəli funksional imkanları özündə cəmləşdirəcək portal, eyni zamanda, müvafiq xidmətlərin sistemli, bir-biri ilə əlaqələndirilmiş şəkildə təqdim olunmasına təminat verir.  Dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı ilə nazirliyin tabeliyində fəaliyyətə başlayan  DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və DOST mərkəzlərində həyata keçirilən xidmətlər üçün elektron infrastrukturda “e-sosial” internet portalı əsas alətlərdən biridir.  Portal  sosial reyestr xarakteri daşıyır.  Vətəndaşlara ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatlara çıxış imkanı verir.  Portalda vətəndaşa proaktiv xəbərdarlıqlar, məsləhətlər bölməsi fəaliyyət göstərir.  Bir sıra hallar üçün vətəndaşa əvvəlcədən mütəmadi xatırlatmalar aparılmaqla, hüquqları barədə məlumat verilir.  Nazirlik müvafiq hallarda portal vasitəsilə vətəndaşlarla bağlı artıq onların müraciətini gözləmədən, intellektual analizlər apararaq interaktiv təşəbbüslərlə çıxış edir.  Portala istifadəçi adı və şifrə əldə etməklə, e-imza və ASAN imza ilə daxil olmaq olar. Nazirliyin yeni loqosu ilə bağlı qeyd olunub ki, burada istifadə olunan komponentlər nazirliyin məram və hədəfləri barədə mesajları çatdırır.  Bu komponentlər sosial müdafiədə aktiv dəstəyi, demoqrafik inkişafı, etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmanı, sosial rifahı və cəmiyyətlə münasibətlərdə şəffaflığı ifadə edir.  Loqo “İnsan amili ölkəmizdə aparılan siyasətin ana xəttidir” mesajını çatdırır.  “Elektron keys menecment” sistemi  də  sosial xidmətlər sahəsində keyfiyyəti artıracaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyatda olan 1,7 milyonadək əmək müqavilələrinin ən çox hissəsi, yəni 28,1%-i və ya 464,3 mini 31-40 yaşlarında olan şəxslərlə bağlanıb.  Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən daimi nəzarət həyata keçirilir və 15 yaşına çatmamış şəxslərlə əmək müqavilələri bağlanmasına yol verilmir.  Bu ilin yanvar-may aylarında 57,2 min şəxsə sosial ödənişlərin, o cümlədən 12,6 min şəxsə pensiyaların, 44,6 min şəxsə müavinət və təqaüdün elektron qaydada təyinatı həyata keçirilib. 2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyaların, sonralar 24 növ müavinət və təqaüdün təyinatı avtomatlaşdırılıb.  Bu proaktiv xidmətlər nəticəsində vətəndaşların hüquqları yaranan zaman hansısa quruma müraciət etmələrinə ehtiyac qalmadan, müvafiq sosial ödənişlər avtomatik olaraq, tam şəffaf şəraitdə onlara təyin olunur. Ötən dövrdə ümumilikdə 183 min şəxsə həmin sosial təminat növləri üzrə ödənişlər e-qaydada təyin edilib.  Onlardan 38,2 mini pensiya təyinatları olub.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST İş” Mərkəzi və  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşlığı çərçivəsində  elektron kənd təsərrüfatı informasiya sisteminin icrası sahəsində də ödənişli ictimai işlər təşkil olunub.  Son bir ildə ödənişli ictimai işlər proqramı üzrə 500-ə yaxın şəxs bu sahədə işlərlə təmin edilib.  Onlar müxtəlif kənd təsərrüfatı sahələri üzrə subsidiyaların alınması üçün vətəndaşların müraciətlərinin qəbulu, bu müraciətlərin qeydiyyatı, sənədləşmənin aparılması prosesində texniki işlərin yerinə yetirilməsini təmin edirlər.  Keçən ilin son aylarından Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin işçilərlə icbari sığorta müqaviləsi bağlamalarına nəzarəti “Əmək müqaviləsi bildirişləri” altsistemi üzərindən həyata keçirir. Həmin müqavilə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasını nəzərdə tutur. Ötən dövrdə e-sistem üzərindən həyata keçirilən nəzarət zamanı 72 işəgötürənin icbari sığorta müqaviləsi bağlamadığı və ya sığorta haqqını ödəmədiyi üçün müqavilələrinə birtərəfli qaydada xitam verildiyi aşkar edilib.  Xidmətin qanunvericiliyin tələbləri əsasında gördüyü tədbirlər nəticəsində onların hər birinin işçilərlə icbari sığorta müqaviləsi bağlamaları təmin olunub.  Habelə, 156 işəgötürənin bu sahədə  inzibati xəta hallarına yol verdikləri aşkarlanıb və onlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.  Qeyd edək ki, İcbari Sığorta Bürosunun elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişləri” altsisteminə inteqrasiyası bu sahədə e-sistem üzərindən operativ və effektiv nəzarətin təmin olunmasına imkan verib.  Bu isə işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanan işçilərin sayında artımla nəticələnir. Ümumiyyətlə, e-sosial.az portalı ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə əmək, məşğulluq, sosial müdafiə, pensiya, müavinət, əlillik, reabilitasiya və s.  üzrə məlumatlara çıxış və 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində çevik rejimdə faydalanmaq imkanı verir. Təqdirəlayiq haldır ki, alexa.com saytının (ABŞ, San-Fransisko) ötənilki məlumatına görə, “Azərbaycanın top saytları” siyahısında Portal ölkəmizdə ən çox müraciət olunan google.com,  youtube.com, google.az və wikipedia.org saytlarından sonra ziyarətçi və baxış sayına görə 5-ci yeri tutur.

Cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib. Əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s.  sahələr üzrə əhaliyə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində Nazirlik tərəfindən son iki ildə 30-dək e-arayış xidməti yaradılıb. Bununla da vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta, əlillik, sosial təminat növləri, mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s.  barədə arayışları hər hansı quruma müraciət etmədən, real vaxt rejimində e-qaydada əldə edə bilmək imkanı yaradıb.

Daha bir yeniliyi xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev “Veteranlar haqqında” və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunları təsdiq edib və hər iki Qanunun tətbiqi haqqında 17 iyun 2021-ci il tarixli fərmanlar imzalayıb. Bu sənədlər nəticə etibarilə şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının daha dolğun təminatına, onlara göstərilən dövlət xidmətlərinin müasir tələblərə uyğun təkmilləşərək keyfiyyətinin yüksəlməsinə xidmət edir. Yeni qanunlara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən  vahid informasiya bazasının yaradılması məqsədilə Nazirliyin elektron informasiya sistemində müharibə veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrləri elektron formada aparılacaq. Beləliklə, e-reyestrin əsas təyinatı şəhidlər, şəhid ailəsi üzvləri, müharibə əlilləri və veteranları barədə vahid informasiya bazasının yaradılmasıdır.  Həmçinin bununla əlaqədar müvafiq məlumatların toplanılması, işlənməsi, saxlanılması və axtarışının avtomatlaşdırılmasıdır. Şəhidlər, şəhid ailə üzvləri, müharibə əlilləri və veteranlarının elektron əsasda vahid informasiya bazasının yaradılması gələcəkdə müvafiq kateqoriyalardan olan şəxslərin dövlət orqanlarına müraciətləri zamanı statuslarının real vaxt rejimində operativ müəyyənləşdirilməsinə şərait yaradacaq, sosial təminat hüquqlarına çevik və proaktiv qaydada baxılmasına imkan verəcək.

Mustafa KAMAL,

“Respublika”.