“Möcüzəli Naftalan Müalicə Mərkəzi”ndə şəhid ailələri və qazilərə nümunəvi xidmət göstərilir
Region

“Möcüzəli Naftalan Müalicə Mərkəzi”ndə şəhid ailələri və qazilərə nümunəvi xidmət göstərilir

Möhtərəm Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Naftalan məşhur kurort şəhərinin infrastrukturu tamamilə yenilənmiş və müasir yeni müalicə-istirahət mərkəzləri istifadəyə verilmişdir. Məhz bu baxımdan, sözün əsl mənasında, son illər bu sağlamlıq ocaqları öz əvvəlki şöhrətini qaytarmış, turizm-müalicə məkanına çevrilmişdir. Hər il minlərlə insan burada şəfa taparaq, sağlam əhvali-ruhiyyə ilə   öz diyarlarına dönürlər. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olmuş hərbçilərin ailə üzvlərinin, qazilərin və müharibə iştirakçılarının sağlamlığının bərpası üçün məhz bu müalicə məkanında geniş imkanlar yaradılmışdır.  

Bu günlərdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov “Möcüzəli Naftalan Müalicə Mərkəzi”ndə ölkəmizin müxtəlif bölgələrindən burada müalicə alan şəhid ailələri və qazilərlə görüşüb, onların sağlamlıqları ilə maraqlanıb, onlar üçün yaradılan şəraitlə yaxından tanış olub. Şəhər rəhbəri  onların istək və arzularına uyğun olaraq,  “Möcüzəli Naftalan Müalicə Mərkəzi”nin direktoru Qoca Əmiraslanova tövsiyə və tapşırıqlarını verib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi əsasında Mərkəzə təyinat alan pasiyentlərə yüksəkixtisaslı peşəkar həkimlər sayəsində müasir səviyyədə təşkil edilmiş sağlamlıq - müalicə kursu təyin edilir, effektiv bərpa-müalicə xidmətləri göstərilir.

Zabit XƏLİLOV,

“Respublika”.