Misirli tədqiqatçı: İslam ölkələrinin hər biri Xocalı qırğınını soyqırımı kimi tanımalıdır
MÜSAHİBƏLƏR

Misirli tədqiqatçı: İslam ölkələrinin hər biri Xocalı qırğınını soyqırımı kimi tanımalıdır

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlamentləri Xocalı qırğınının soyqırımı kimi tanınması və bu ağır cinayətin təqsirkarlarının Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməsi məsələlərində daha təkidli davranmalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Asiya və Yaxın Şərq üzrə tədqiqatçı, "Qarabağ: Qafqazda sülhə aparan yol" və "Dəmir yumruq...2020-ci ilin Qarabağ müharibəsi" adlı kitabların müəllifi Əhməd Əbdo Tərabik söyləyib.

Misirli tədqiqatçı deyib: "Artıq Xocalı soyqırımının 30-cu ildönümünü qeyd edirik. Təəssüf ki, beynəlxalq ictimaiyyətin bu faciəyə münasibəti hələ də ikili standartlar çərçivəsindən kənara çıxmır. Bəzi qaynar nöqtələrdə baş verən qırğınlarla bağlı səslərini ucaldan siyasi güclər Xocalıya münasibətdə susur və mülki əhaliyə qarşı törədilmiş bu qanlı faciənin təqsirkarlarının cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə tədbir görmürlər. Ermənilərin Xocalıda amansızcasına qətlə yetirdikləri 613 azərbaycanlı, o cümlədən uşaq, qadın və ahıl insanların qanı yerdə qalmamalıdır.

Sevindirici haldır ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğal olunmuş əraziləri düşmən tapdağından azad etdi. Mən bu müharibədə möhtəşəm Qələbəni öz kitabımda xronoloji ardıcıllıqla ərəbdilli oxuculara çatdırmışam. Bu şanlı Zəfərdən sonra Azərbaycanın İslam dünyasında nüfuzu daha da artıb. Artıq əvvəllər erməni işğalı və Xocalı soyqırımı barədə həqiqətləri siyasi və ya iqtisadi mülahizələrə görə danışmağa tərəddüd edən bəzi müsəlman dövlətləri arasında da bu məsələlərə dair müəyyən bir konsensus mövcuddur. Bu yeni reallıqdır və Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinin nəticəsidir. İndi İslam ölkələrində də aydın başa düşürlər ki, Ermənistan və onun havadarları qüdrətli Azərbaycan dövləti və Ordusu qarşısında acizdirlər. Belə olan şəraitdə, düşünürəm ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin hamısının qanunverici orqanları Xocalı soyqırımının tanınması ilə bağlı hərəkətə keçməlidir".

O qeyd edib ki, Azərbaycanın Misirdəki dostları Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla anır, bəşəriyyətə qarşı törədilmiş bu cinayətin təqsirkarlarının cəzalandırılmasını tələb edirlər.

AZƏRTAC