Misirdə görkəmli şərqşünas-alim Aida İmanquliyevaya həsr olunmuş kitab çapdan çıxıb
Mədəniyyət

Misirdə görkəmli şərqşünas-alim Aida İmanquliyevaya həsr olunmuş kitab çapdan çıxıb

Misirdə şərqşünaslıq elminin Azərbaycanda və dünyada aparıcı xadimi, görkəmli şərqşünas-alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva haqqında "Məhcər ədəbiyyatında şərqşünasların əsərləri sırasında Aida İmanquliyeva nümunəsi" adlı kitab çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə ərsəyə gələn əsərin müəllifi misirli alim, professor Raşa Ğanimdir. "Ərəb Mütəfəkkirləri Evi" nəşriyyatında ərəb dilində nəfis şəkildə çap olunmuş kitab müqəddimə və üç fəsildən ibarətdir.

Görkəmli şərqşünas-alimin "Yeni ərəb ədəbiyyatı korifeyləri" fundamental monoqrafiyasını təhlilini aparan müəllif qeyd edib ki, Aida İmanquliyeva ən yüksək peşəkarlıqla ərəb ədəbiyyatında modernləşmə cərəyanını araşdırıb, məhcər ədəbiyyatı nümunələrini dərinliyi ilə tədqiq edib, ərəb ədiblərinin yaradıcılığında liberal meyilləri və ənənəvi yaradıcılıq üslubuna xas olan əsərlərin xüsusiyyətlərini araşdırıb.

Kitabda qeyd olunub ki, 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva, həmçinin Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən "Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları" ixtisası üzrə müdafiə şurasının sədri olub. O, Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib. Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan görkəmli alim uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub. Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, bütövlükdə müasir Şərq ədəbiyyatının həmin aspektdə tədqiqi üçün mühüm zəmin yaradır.

Aida İmanquliyevaya həsr olunmuş kitabın işıq üzü görməsi Misir mətbuatının da diqqət mərkəzində olub. "Cümhuriyyə", "Əl Vəsilə" "Dar Əl Marif" qəzetləri, "Əl Diplomasi", "Yeni dünya xəbərləri" informasiya portalları, "Diplomasy magazine" jurnalı, "Asiaelyom" agentliyinin saytında və digər KİV-də bu barədə materiallar yayımlanıb.

AZƏRTAC