Misir və Livan tədqiqatçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
Digər xəbərlər

Misir və Livan tədqiqatçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Misir və Livan tədqiqatçılarından ibarət nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, komplekslə tanışlıq zamanı qonaqlar ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb.

Qonaqların nəzərinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı nəticəsində yarandığı müəyyən edilib.

Nümayəndə heyətinin üzvləri Soyqırımı Memorial Kompleksindəki Xatirə kitabına ürək sözlərini yazıb.

AZƏRTAC