Misir səfiri: AZƏRTAC ilə MENA agentliyi arasında əlaqələrin genişlənməsini dəstəkləməyə hazırıq
Siyasət

Misir səfiri: AZƏRTAC ilə MENA agentliyi arasında əlaqələrin genişlənməsini dəstəkləməyə hazırıq

AZƏRTAC və Misirin Yaxın Şərq xəbər agentliyi (MENA) arasında əlaqələrin daha da genişlənməsini dəstəkləməyə hazırıq. Əməkdaşlıq əlaqələrinin müasir dövrün tələbləri səviyyəsinə yüksəldilməsinə ehtiyac duyulur.

Bu sözləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfiri Hişam Məhəmməd Naci Əbdulhəmid deyib.

Misirlə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu bildirən səfir qeyd edib ki, dost ölkələrimiz və xalqlarımız bir-birinə qədim mədəni və tarixi köklərlə bağlıdır. İnformasiya sahəsində əməkdaşlıq və xəbər mübadiləsi xalqların daha da yaxınlaşmasına töhfə verir. Bu baxımdan AZƏRTAC-la MENA agentliyi arasında 2007-ci ildə imzalanmış əməkdaşlıq sənədinin müasir dövrün tələblərinə uyğun şəkildə yenilənməsi xüsusi önəm daşıyır.

Qırx dörd günlük Vətən müharibəsi zamanı münaqişə ilə bağlı əsl həqiqətlərin ərəb dünyasına çatdırılmasında göstərdiyi dəstəyə görə misirli həmkarlarına minnətdarlığını ifadə edən İdarə Heyətinin sədri Azərbaycan-Misir əməkdaşlığının inkişafında və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mühüm rolunu vurğulayıb.

Söhbət zamanı qeyd olunub ki, AZƏRTAC beynəlxalq əlaqələrinin genişlənməsi istiqamətində davamlı addımlar atır və bu, öz müsbət nəticəsini verməkdədir. Agentlik dünyanın bir çox aparıcı media qurumları ilə həm ikitərəfli əsasda, həm də Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) və İƏT-ə üzv ölkələrin xəbər agentlikləri birliyi (UNA) çərçivəsində uğurla əməkdaşlıq edir.

Müasir dövrdə media sahəsində qlobal əməkdaşlığın, xüsusən dost ölkələrin mətbuatı ilə sıx əlaqələrin əhəmiyyətindən söhbət açılan görüşdə o da vurğulanıb ki, Azərbaycan və Misir mediasının genişlənməkdə olan münasibətləri təqdirəlayiqdir. Bu baxımdan AZƏRTAC ilə MENA agentliyi arasında imzalanmış əməkdaşlıq sənədinin yenilənməsi müsbət addım olar.

AZƏRTAC