Misir nəşri Ermənistanın ekoloji təxribatından yazıb
Ekologiya

Misir nəşri Ermənistanın ekoloji təxribatından yazıb

Misirin nüfuzlu “Əl Masr Əl Yom” nəşrində Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Oxçuçayı çirkləndirməsi barədə məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Misirdəki səfirliyinin bəyanatına istinadla hazırlanmış məqalədə transsərhəd çayı olan Oxçuçayın Ermənistan ərazisində dağ-mədən kombinatlarının zəhərli tullantıları ilə çirklənməsi diqqətə çatdırılıb. Yazıda qeyd olunub ki,  Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70 faizi qonşu ölkələrdə formalaşıb və transsərhəd su axınları hesabınadır. Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalan çaydır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən bu su mənbəyi sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Çirkli sular təmizlənmədən birbaşa çaya axıdılır və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. 

Oxçuçay Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına tökülür və onun çirklənməsi buradakı su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Kür çayının ən böyük sağ qolu olan Araz çayı isə  Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Bu çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi təsirlərə yol aça bilər.

AZƏRTAC