MİSİR ƏRƏB RESPUBLİKASI
Digər xəbərlər

MİSİR ƏRƏB RESPUBLİKASI

Sivilizasiyanın beşiyi adlandırılan Misir Ərəb Respublikası iki qitədə, Afrikanın şimal-şərqində və Asiyanın cənub-qərbində Sina yarımadasında yerləşir. "Ta-kemet" ("qara torpaq") adlandırılan qədim ölkənin ərazisinin təqribən 3 faizi Asiyada yerləşir. Bu iki qitəni bir-biri ilə Süveyş kanalı ilə kəsilmiş Süveyş bərzəxi birləşdirir. Dünyanın ən çox əhalisi olan ölkələr sırasında 14-cü yerdə olan Misirin əhalisi təxminən 100 milyondur. Misir qərbdən Liviya, cənubdan Sudan, şərqdən Fələstin, İsrail və Qəzza zolağı ilə həmsərhəddir. Ərazisinin 96 faizini səhralıq təşkil edən ölkənin şimalında Aralıq, şərqində isə Aqaba körfəzi ilə Qırmızı dənizə çıxışı var. Misirin geosiyasi mövqeyinin üstünlüyü isə onun mühüm dəniz və hava yolları kəsişməsində yerləşməsidir. Ölkənin paytaxtı ərəb mədəniyyətinin, elminin və incəsənətinin mərkəzi olan Qahirə, ikinci ən böyük şəhəri isə İsgəndəriyyədir.

Dünyanın ən böyük mədəni dəyərlərinə sahib olan Misir Qədim Şərqin inkişaf etmiş və ən uzunömürlü dövlətlərindən biridir.

Misirdə hasilat sənayesinin xüsusi yeri var. Ölkə təbii ehtiyatların müxtəlifliyi ilə fərqlənir. Ölkədə daş kömür, volfram, qızıl, mis, dəmir və manqan filizləri, fosforlar, müxtəlif inşaat materialları, neft və təbii qaz yataqları geniş yer alır. Polad, çuqun, alüminium istehsal edən mühüm metallurgiya müəssisələri Heluanda, əlvan metallurgiya müəssisələri isə Hər-həmmadi və İsmailliyyədədir. Faydalı qazıntılarla təmin olunmuş ölkənin Sina yarımadasının cənub-qərb hissəsində və Qırmızı dənizin sahil bölgələrində polimetal filizlər və gips, Süveyş kanalının qərb sahilində və Liviya səhrasının şimal hissəsində isə neft yataqları var. Həm Ərəbistan, həm də Liviya səhralarında dəmir filizi və məhdud halda qızıl yataqlarının olması məlumdur. Sinanın dağlıq bölgəsində isə volfram, qızıl və mis yataqları mövcuddur. Səhralarda qiymətli tikinti materiallarına da rast gəlmək olur. Bundan başqa, ölkənin müxtəlif yerlərində fosfor, xörək duzu, kömür yataqları yer alır. Dəmir, alüminium, kalsium, maqneziumla zəngin torpaq bitkilərinin inkişafı üçün böyük əhəmiyyətə malik fosfor turşusu və kalium duzları ilə də zəngindir. Ölkə nadir xammal olan müxtəlif efir yağları istehsal edildiyi üçün parfümeriya-kosmetika istehsalı sahəsində də ön sıralardadır.

Misirdə yetişdirilən əsas kənd təsərrüfatı bitkiləri pambıq, buğda, qarğıdalı, çəltik və müxtəlif tərəvəzlərdir. Bununla yanaşı, şəkər çuğunduru, paxla, sitrus bitkiləri, üzüm, alma da yetişdirilən ölkədə ildə 2-3 dəfə məhsul yığılır. Pambıq istehsalının həcminə görə dünyada qabaqcıl yerlərdən birini tutan Misirdə balıqçılıq da geniş yayılıb.

Qədim Misirin mədəniyyəti və sivilizasiyası bir çox xalqların sonrakı mədəni inkişafının əsasını qoydu. Özünəməxsus memarlıq formaları: əzəmətli piramidalar, məbədlər, saraylar və obelisklər əsrlər boyu səyahətçilərin və kəşfiyyatçıların təxəyyülünü ilhamlandırıb. Misir ustaları gözəl divar rəsmləri və heykəllər yaratmış, şüşə və saxsı istehsal üsullarını mənimsəmiş, şair və yazıçılar ədəbiyyatda yeni formalar yaratmışlar. Qədim tarixə malik Misir mədəniyyətinin xüsusiyyətləri əsrarəngiz gözəlliyi və mürəkkəbliyi ilə insanı valeh edir. Məhz buna görə Misirdə dekorativ-tətbiqi sənət yüksək səviyyəyə çatmışdır. Bu sənət sahəsinin əsas aparıcı nümunələri - alebastr, büllur, taxta və fil sümüyündən hazırlanmış məişət və zərgərlik abidələridir. Qablar, dolçalar, qızıl qolbaq, sinə boyunbağıları və üzüklər ən bahalı və zəngin daş-qaşla bəzədilirdi. Misirlilər həmçinin toxuculuq, dulusçuluqla məşğul olurlar.

Təbiətcə olduqca nizamlı və yardımsevər misirlilər ailə dəyərlərinə böyük önəm verirlər. Milli adət-ənənələrini bu günə kimi qoruyub saxlayan ölkədə belə bir deyim də var: "Böyük ailə duz kimi lazımdır - onsuz yaşamaq olmaz".

Misir-Azərbaycan əlaqələrinin tarixini tədqiq etdikdə, iki ölkə arasında bağlılığın lap qədim dövrlərdən qaynaqlandığını görmək mümkündür. Müasir müstəvidə qarşılıqlı əməkdaşlığa əsaslanan Misir-Azərbaycan münasibətləri siyasi, iqtisadi, mədəni sahələrdə həyata keçirilən bir sıra səfərlər, görüşlər və razılaşmalar nəticəsində əldə olunmuşdur. 26 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan Misir Ərəb Respublikası 4 aprel 1992-ci ildə diplomatik münasibətlərin yaradılması haqqında Protokol imzalamışdır. 1994-cü ilin aprel ayında BMT-nin Cenevrədəki İnsan Hüquqları Komissiyasının 52-ci sessiyasında isə Misir Azərbaycanın mövqeyini dəstəkləmişdir.

Hələ 1994-cü ilin sentyabr ayında Qahirədə "Dünya əhalisi və inkişaf mövzusunda" Benəlxalq Konfransda iştirak etmək üçün Misirdə işgüzar səfərdə olan ümummilli lider Heydər Əliyev söyləmişdir: "Misirlə Azərbaycan arasında əlaqələrin tarixi çox böyükdür. Bizim xalqlarımız uzun əsrlər boyu bir-biri ilə əlaqə saxlayıb, bir-birinə kömək ediblər. Bizim milli, dini, tarixi ənənələrimizdə çox oxşarlıq, eynilik vardır".

Dövlət başçımız İlham Əliyevin bu istiqamətdə apardığı siyasi kurs da ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurlu inkişafını təmin etmişdir. Belə ki, 2007-ci ilin 6-8 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin MƏR-ə rəsmi səfəri hər iki ölkənin həyatında çox mühüm hadisə olmuşdur. Həmin səfər zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, misirli iş adamlarının Azərbaycana sərmayə qoyulmasına cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin və Misirin Baş naziri Əhməd Nazifin iştirakı ilə iki ölkə arasında müxtəlif sahələri əhatə edən 12 sənəd imzalanmışdır. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Baş katib Əmr Musa ilə təkbətək görüşündə Azərbaycan ilə ƏDL arasında əməkdaşlığın vəziyyəti, bu əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunmuş, AR Prezidenti həmçinin Ərəb Dövlətləri Liqasına üzv ölkələrin səfirləri ilə görüşmüşdür.

Ölkəmiz üçün həyati vacib olan keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində də Misir hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı prinsipi əsasında sülh yolu ilə ədalətli həllinə tərəfdar olduğunu bəyan etmişdir.

Misir Ərəb Respublikasının nüfuzlu univesitetlərində, elm mərkəzlərində azərbaycanşünaslıq fakültəsinin açılması, Misirdə azərbaycandilli məktəblərin fəaliyyətinin genişləndirilməsi, qarşılıqlı surətdə alimlərimizin əsərlərinin tərcümə edilməsi və ezamiyyətlərin təşkili, elm və təhsil sahəsinə kapital qoyuluşunun gücləndirilməsi, birgə elmi konfransların təşkili də əhəmiyyətli addımlardan biridir.

Misirin Qalyubiyyə əyalətinin əl-Ubur şəhərində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın adını daşıyan orta məktəb fəaliyyət göstərir.

2020-ci ilin 4 may tarixində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşündə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi iştirak etmişdir.

2021-ci ilin 14 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin "Nizami ili" elan olunması ilə bağlı verilən Sərəncamdan irəli gələrək Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Misirin Mərkəzi Kitabxanasında konfrans təşkil edilmişdir.

2022-ci ilin 25 fevral tarixində Bakıda Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası keçirilmişdir. Bu iclas zamanı Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclasının Protokolu və bir sıra sənədlər imzalanmışdır.

Şübhəsiz, iki ölkə arasında yaranmış dostluq münasibətləri, sıx əməkdaşlıq bundan sonra da inkişaf edəcək və daha yeni mərhələyə yüksələcək.

Arzu ASİFQIZI,

"Respublika".