Mirikənd bələdiyyəsi fəaliyyətini təkmilləşdirir
Region

Mirikənd bələdiyyəsi fəaliyyətini təkmilləşdirir

Cəmiyyətin idarə edilməsində, demokratikləşməsində və sakinlərlə sıx şəkildə fəaliyyət göstərməsində yerli özünüidarəetmənin rolu olduqca əhəmiyyətlidir. Ötən dövr ərzində bələdiyyələrin fəaliyyətində baş verən irəliləyişlər və həyata keçirilən ardıcıl islahatlar yerli özünüidarəetmənin inkişafına və təkmilləşdirilməsinə geniş zəmin yaradıb.

Şamaxı rayonunda Mirikənd bələdiyyəsi bu istiqamətdə fəaliyyətini durmadan genişləndirməklə təkmilləşdirir, yerli sakinlərlə əməkdaşlığı sivil formada qurmağa çalışır. Əməkdaşımızla söhbətində bələdiyyənin sədri Zöhrab Əmrahov bildirdi ki, əsas fəaliyyətmizi əhalinin məmnunluğu əsasında qurur, kənd sakinlərinin rahatlığı üçün onların sosial qayğılarını mütəmadi olaraq izləyirik. Şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə daim əlaqə saxlayır, qayğı və problemləri ilə yaxından maraqlanır, lazımi köməklik göstərməyə çalışırıq.

Bələdiyyənin əhatə etdiyi Mirikənd, Qaravəlli və Məlcək kəndlərində yerli sakinlərlə görüşlərdə hər zaman vətənimizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətləri olan şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin vacibliyi vurğulanır. Bunu nəzərə alaraq bələdiyyə tərəfindən Mirikənd kənd məktəbinin girişində Vətən müharibəsində şəhid olmuş Beydiyev Nazim Eynulla oğlunun xatirə kompleksi bələdiyyənin vəsaiti hesabına inşa edilib. Kəndin girişində xatirə kompleksinin ətrafında abadlıq işləri görülüb və bulaq tikilib.

Qaravəlli kəndində də şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün kəndin girişində "Şəhidlər bulağı" inşa edilib və bu iş icra nümayəndəliyinin və bələdiyyənin daxili imkanları hesabına həyata keçirilib. Kənd qəbiristanlığında iməcilik aparılaraq hər iki giriş hissəsində dayanacaq düzəldilib, daxili yollara çınqıl döşənib.

Bələdiyyə sədri qeyd etdi ki, hər üç kənddə mütəmadi olaraq zibilliklər təmizlənir, kəndlərin ərazisindən keçən magistral yollarda və kəndin küçələrində abadlıq işləri görülür. Bununla yanaşı, bələdiyyənin təklifi ilə kənd yollarının bir hissəsinə imkanlı şəxslərin vəsaiti hesabına asfalt döşənib. Mirikənd kəndində istifadəyə verilmiş subartezan quyusunun suyunun borular vasitəsilə kəndin əhalisinə çatdırılması təmin edilib.

Sədr bələdiyyə üzvlərinin fəallıq göstərərək sakinlərlə mütəmadi görüşdüyünü və görülən işlər barədə ətraflı məlumat verildiyini, onların arzu və təkliflərinin öyrənildiyini bildirdi.

Bələdiyyənin vaxtaşırı hesabatı sakinlərin kütləvi toplaşdıqları ərazilərdə xüsusi hazırlanmış lövhələrə vurulur. Bələdiyyənin iməcliklə bağlı təklifləri də sakinlər tərəfindən müsbət qarşılanır, abadlıq işlərinin icra olunmasında hər kəs köməyini göstərməyə çalışır.

M.QULUYEV,

"Respublika".