Mirələkbər İbrahimov
Sosial həyat

Mirələkbər İbrahimov

Torpaqlarımızın müdafiəsi, işğaldan azad olunması uğrunda cəsarətlə, inamla vuruşan vətən oğullarımız uzun illər keçsə də, tez-tez xatırlanır və gələcək nəsillər üçün nümunəyə çevrilirlər. Vətənin bütövlüyü naminə şirin canından keçən oğulların qanları ilə yazdığı şanlı zəfər tariximiz qürur mənbəyimizdir.

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi İbrahimov Mirələkbər Mirələsgər oğlu 30 sentyabr 1961-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində doğulmuşdur. Birinci sinfə burada getmiş, sonra Bakı şəhərinə köçmüşlər. 1978-ci ildə Bakı şəhərindəki 158 saylı orta məktəbi bitirmiş və hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda 153 saylı orta məktəbdə ibtidai hərbi hazırlıq müəllimi işləyirdi.

1987-ci ilin sonlarından Ermənistan Qarabağın dağlıq hissəsini özünə birləşdirmək məqsədilə Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərə başladı. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşdi. 1988-ci ildə doğma vətəninin üzərini qara buludlar aldığı bir zamanda heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Mirələkbər də Azərbaycan övladı olaraq bu torpaqların müdafiəsinə qalxmağa borclu olduğunu hiss etdi. Qarabağda ermənilərin törətdikləri ağlasığmaz vəhşiliklər Mirələkbəri bərk narahat edirdi. O, könüllü olaraq cəbhəyə göndərilməsini xahiş edir.

1993-cü ildə onu yenicə yaradılmış Yasamal taboruna komandir təyin edirlər. Mirələkbər öz taboru ilə Füzuli rayonunun Kürdmahmudlu, Aşağı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur.

5 mart 1994-cü il… Mirələkbərin son döyüşü… Döyüşçülərimiz Qorqan kəndini erməni işğalçılarından azad edib, bir az dincəlməyi qərara almışdılar. Elə bu vaxt kəşfıyyatçı xəbər gətirir ki, yaraqlılar iki kəndi işğal ediblər. İgid komandir öz döyüşçüləri ilə silaha sarılır. Ağır döyüş başlayır. Döyüşçülərimiz yorulmağına baxmayaraq fədakarlıqla düşmənə müqavimət göstərirdi. Nəhayət hücum öz bəhrəsini verir. Hər iki kənd geri qaytarılır. Lakin düşmən gülləsi Mirələkbərdən yan ötmür. O, Füzulinin döyüş bölgəsində gözlərini əbədi yumdu. Bu döyüşdə faşist ermənilərin gülləsinə tuş gələn Mirələkbər qəhrəmancasına şəhid oldu. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Bir övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə kapitan İbrahimov Mirələkbər Mirələsgər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Vaxtilə dərs dediyi 153 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

Mirələkbər kimi qəhrəmanlar heç vaxt ölmür, ölümsüzlüyə qovuşurlar. Onlar həmişə bizim qəlbimizdə, qan yaddaşımızdadırlar. Qəhrəmanlar mənsub olduğu xalqın, dövlətin və bəşəriyyətin rifahı üçün əlindən gələni edən, bu yolda canından keçməyə hazır olan insanlardır.

Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ömür yolu hamımıza örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Vətənimizin müdafiəsi uğrunda savaşmaq və şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.

Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Bu möhtəşəm Qələbə xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə mətinliyini, mübarizliyini göstərdi. Neçə-neçə qəhrəmanların qanı, canı bahasına azadlığa qovuşdu Qarabağımız. İndi həmin o oğullar əbədi olaraq vətənin qoynunda uyuyurlar.

M.MİRZƏ,

"Respublika".