Mir Cəlal Paşayevin
Mədəniyyət

Mir Cəlal Paşayevin "Ədəbiyyatda romantizm" əsərinin 4 dildə ilk nəşrinin təqdimatı olub

Aprelin 27-də Milli Kitabxanada XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin ilk ədəbi-tənqidi qələm təcrübəsi olan "Ədəbiyyatda romantizm" əsərinin "Milli Kitabxananın qızıl fondundan" seriyasından 4 dildə ilk nəşrinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, dünən görkəmli ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin ad günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib. Bu gün isə Milli Kitabxanada görkəmli ədib Mir Cəlal Paşayevin ilk ədəbi-tənqidi təcrübəsi olan "Ədəbiyyatda romantizm" əsərinin "Milli Kitabxananın qızıl fondundan" seriyasından 4 dildə ilk nəşrinin təqdimat mərasiminə toplaşmışıq. Direktor vurğulayıb ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin 1928-ci ildə qələmə aldığı ilk ədəbi-tənqidi təcrübəsi olan "Ədəbiyyatda romantizm" əsəri öz dərin məzmun əhəmiyyətinə görə XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatşünaslığında bir "ədəbiyyat hadisəsi" kimi qiymətləndirilə bilər. 20 yaşlı bir gəncin belə bir dərin məzmunlu əsər yazması ədəbiyyatımızda çox böyük hadisədir. Lakin bu əsərin Azərbaycan arxivlərindən və kitabxanalarından "səssizcə yoxa çıxarılması" nəticəsində bu qiymətli ədəbi-tənqidi əsər bir əsr ərzində elmi-ədəbi dövriyyədən kənarda qalmışdır. Bir əsr ərzində Mir Cəlalın müəllifi olduğu çoxsaylı kitabları nəşr olunub, lakin çox təəssüf ki, bu əsər indiyə kimi çap olunmayıb.

Direktor bildirib ki, 2018-ci ildə Milli Kitabxana Mir Cəlalın ədəbi-tənqidi məqalələrindən ibarət toplu nəşr etdirib: "Lakin çox təəssüf ki, biz həmin vaxt çoxsaylı arxivlərə müraciət etsək də, həmin əsəri tapa bilmədik. Yalnız iki il öncə Rusiya Dövlət Kitabxanasında həmin əsəri çox çətinliklə əldə etdik və həmin əsəri geniş ictimaiyyətə çatdırmaq üçün dörd dildə - Azərbaycan, rus, ingilis və ərəb dillərində ilk dəfə kitab halında çap olunmasını zəruri hesab etdik".

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, "Milli Kitabxananın qızıl fondundan" layihəsinin ilk təqdimatı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, öz bədii və elmi-publisistik əsərləri ilə ədəbiyyat tariximizdə xüsusi yeri olan professor Mir Cəlal Paşayevin ilk ədəbi tənqidi təcrübəsi olan "Ədəbiyyatda romantizm" əsəri ilə açılır. Çox sevindirici haldır ki, Mir Cəlalın ad günü ərəfəsində "Ədəbiyyatda romantizm" əsəri 4 dildə tərcümə olunaraq nəşr olunub. Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir. Onun qələmə aldığı əsərlər Azərbaycan ədəbiyyatına qızıl hərflərlə yazılıb. Bu əsərlər bütünlükdə cəmiyyət üçün çox əhəmiyyətlidir.

Anar Kərimov qeyd edib ki, bu, bir başlanğıcdır, bundan sonra da ədəbiyyatımıza bəlli olmayan yeni əsərlərin də müəyyən edilərək geniş ictimaiyyətə çatdırılması üçün işlər görüləcək.

Romantizm nəzəriyyəsinin ədəbiyyatşünaslığın bir qolu olduğunu bildirən Xalq yazıçısı Elçin vurğulayıb ki, 20 yaşında gənc kənd müəlliminin belə bir əsər yazması onun böyük gələcəyindən xəbər verirdi. Mir Cəlal birbaşa ədəbiyyata, ədəbiyyatşünaslığa xidmət edən böyük ədibdir: "Bu gün biz Nizami, Füzuli, M.Ə.Sabir, Mirzə Cəlil kimi görkəmli yazarlarımızdan danışanda Mir Cəlal müəllimin xidmətləri yada düşür. Sovet dönəmində çox istedadlı yazarlarımızın olmasına baxmayaraq, mövzu baxımından onların əsərləri bu günümüzlə səsləşmir. Lakin Mir Cəlalın əsərlərinin mövzusu daim aktualdır. Fəxr edirəm ki, Azərbaycan ədəbiyyatında belə ədiblər yetişib".

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin üzvü, akademik Nizami Cəfərov çıxış edərək bu işdə əməyi keçən hər kəsə, Milli Kitabxana rəhbərliyinə və Mədəniyyət Nazirliyinə öz təşəkkürünü bildirib. O vurğulayıb ki, Mir Cəlalın 20 yaşında qələmə aldığı bu əsər ensiklopedik xarakterli bir məqalədir. Bu əsərin təxminən bir əsrdən sonra digər ölkələrin arxivlərindən tapılaraq Azərbaycana gətirilməsi və onun 4 dildə nəşr olunaraq mütəxəssislərə və oxuculara çatdırılması çox təqdirəlayiq bir addımdır.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Qənirə xanım Paşayeva çıxış edərək əvvəlcə kitab ocağına, Milli Kitabxanaya və Mədəniyyət Nazirliyinə belə bir layihəyə başladıqları üçün öz təşəkkürünü bildirib. Vurğulayıb ki, Mir Cəlal müəllimin əsərlərinin hamımızın həyatına bir təsiri olub. Bu gün təqdim olunan əsər sanki 1928-ci ildə deyil, müasir dövrümüzdə yazılıb. O, kitabın tərtibində əməyi keçən bütün kollektivə öz təşəkkürünü bildirib.

Tədbirin davamında təhsil nazirinin müavini Firidun Qurbanov; Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri, professor Asif Rüstəmli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, "Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turan və digərləri çıxış ediblər.

Sonda qonaqlar Mir Cəlal Paşayevin həyat və yaradıcılığını əhatə edən geniş kitab sərgisi ilə tanış olublar.

AZƏRTAC