Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Qazax Müəllimlər Seminariyasında görüş keçirilib
Mədəniyyət

Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Qazax Müəllimlər Seminariyasında görüş keçirilib

Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Qazax Müəllimlər Seminariyasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə seminariyanın baş məsləhətçisi Yeganə Göyüşlü çıxış edib. Bildirib ki, ADA Universiteti 2021-ci ilin may ayında "Bir müəllimin manifesti" adlı layihə təşəbbüsü ilə çıxış edərək, milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan Qazax Müəllimlər Seminariyasının təlim-tədris ənənələrini yaşatmaq üçün onun tarixi binasının bərpasını və təhsil missiyasını yerinə yetirib: "Qazax Müəllimlər Seminariyası istər Cümhuriyyət, istər də sovet dövrlərində bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı köklü təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Hətta 1920-ci ildən seminariyanın nəzdində qızlar qrupu da açılıb. 1925-ci ildən seminariya Qazax Pedaqoji Texnikumuna çevrilib və fəaliyyətini 1959-cu ilədək davam etdirib. ADA Universitetinin "Bir müəllimin manifesti" təşəbbüsü çərçivəsində maarifçilik tariximizin qürurlu ünvanlarından olan Qazax Müəllimlər Seminariyasının binasının bərpa edilməsi ilə onun yenidən, müasir təhsil üsulları səviyyəsində fəaliyyəti təmin olunacaq".

 Görüşdə çıxış edən BDU-nun rektoru Elçin Babayev seminariyanın müasir görkəm almasında böyük rol oynadığına görə ADA Universitetinin rektoru, professor Hafiz Paşayevə minnətdarlığını bildirib. Rektor diqqətə çatdırıb ki, professor Hafiz Paşayevin rəhbərliyi ilə Qazax Müəllimlər Seminariyasının tarixi binasının bərpası, 1918-1920-ci illərdə çap edilmiş "Azərbaycan" qəzeti və XIX əsrin axırlarında işıq üzü görmüş iki hissədən ibarət "Vətən dili" dərsliyinin latın qrafikasında nəşrləri, "Bir müəllimin manifesti" kimi dəyərli layihələr milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xidmət edir. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Qazax Müəllimlər Seminariyası bu gün artıq müasir dövrün tələblərinə cavab verən təhsil mərkəzinə çevrilib.

ADA Universitetinin rektoru Hafiz Paşayev Qazax Müəllimlər Seminariyasının bərpasının Azərbaycan təhsilinin inkişafına xidmət edəcəyini bildirib və bu istiqamətdə BDU ilə birgə əməkdaşlıq layihələrinin keçirilə biləcəyini vurğulayıb.

Tədbirin sonunda BDU tələbələrinin ifasında Mir Cəlal Paşayevin "Müalicə" hekayəsindən səhnəcik və Universitetin Mədəniyyət-yaradıcılıq Mərkəzinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.