Minlərlə insan  işlə təmin ediləcək
Sosial həyat

Minlərlə insan  işlə təmin ediləcək

Ağdam təbiətin yaratdığı canlı muzeyi xatırladırdı, bu qədim diyarın hər daşının altında bir tarix yatırdı, burada zəngin yataqlar var idi. Ermənistanın hərbi təcavüzü rayonun iqtisadiyyatına, mədəni həyatına, insanların taleyinə çox ağır zərbələr vurub. Erməni vandalizmi qədim bir şəhəri yer üzündən silib, onun xarabalıqları haqdan və ədalətdən danışmağı sevən dünyanın gözü qarşısında yüz minlərlə insanın acı taleyindən xəbər verir.

Düşmənin yer üzündən silməyə çalışdığı Ağdam indi qəlbimizin döyüntüsünə, düşüncəmizə və ruhumuza qayıdıb. Erməni canilər elə bildilər ki, Ağdamı yerlə-yeksan edəndən sonra o unudulacaq, yaddan çıxacaq. Türkün qatı düşməni olan erməni hətta Ağdamın quru torpağından belə hayıf çıxıb, yandırıb, onun bağrına köz basıb və oranı mərmilərlə dağıdıb.

Qisas qiyamətə qalmadı, gün gəldi, müzəffər ordumuz Ermənistan ordusunun belini qıraraq, 30 ilə yaxın işğalda saxladıqları torpaqları azad edərək bizi Ağdama qaytarıb, qisasımızı, intiqamımızı yağılardan alıb. Eləcə də mənim kimi minlərlə ağdamlı ailəsində böyüyən, ata-babalarının torpağına getmək üçün hər an döyüşə hazır olan igidlər yetişir, oğulların sıx cərgəsi sinəmizdə qürur hissi yaradır. Sıralarımız artır, möhkəmlənir və güclənir, bu birliyi daha heç kəs poza bilməyəcək. Qalib Ali Baş Komandan İlham Əliyev illər boyu bizə əziyyət verən məcburi köçkünlüyü ləğv edib, insanların əzmi yenidən dirçəlib.

Keçmiş Sovet dönəmində Ağdam rayonu həm də sənaye mərkəzi kimi inkişaf edərək ittifaq miqyasında tanınıb. Şəhərdə 17 sənaye, 12 nəqliyyat müəssisəsi var idi. Burada ət kombinatı, xalça fabriki, rayonlararası təchizat idarəsi, dəzgahqayırma zavodu, metiz-furnitur zavodu, rayonlararası traktor təmiri zavodu, taxıl məhsulları kombinatı, yük və nəqliyyat xidməti avtobazaları, 4 nəqliyyata texniki xidmət idarəsi fəaliyyət göstərib. Taxıl məhsulları kombinatı 80 min tonluq elevator, 245 tonluq dəyirman, 245 tonluq çörək zavodu, 640 tonluq yem zavodundan ibarət idi.

Ağdamda istehsal olunan məhsullar nəinki Azərbaycanın, eləcə də keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə göndərilib. Burada həmçinin yağ-pendir, konserv, şampan, şərab, barama zavodları, elektrik lampaları istehsalı fabriki də var idi. Rayonun digər ərazilərində isə 2 tikinti materialları kombinatı, 11 şərab zavodu fəaliyyət göstərib. 1993-cü ilin iyul ayında Ağdam şəhərini işğal edən erməni canilər bütün bu var-dövləti qarət ediblər və sonra oranı xarabalığa çeviriblər. Ağdamda bütün infrastruktur, yaşayış evləri, sosial obyektlər, tarix-mədəniyyət abidələri kimi sənaye müəssisələri də talan edilib.

Şəhər sakini Zülfü Qasımov ötən əsrin 80-ci illərində Ağdamda sənayenin inkişafının şahidi olub. Deyir ki, həmin müəssisələrdə minlərlə insan çalışıb. Yüksək əməkhaqqı alan insanlar özlərinə yaxşı evlər tikib, yüksək güzəran qurublar. Ticarət, kənd təsərrüfatı, heyvandarlıq, turizm və digər sahələr Ağdamı ən varlı rayon kimi tanıdıb.

Prezident İlham Əliyev mayın 28-də Ağdama səfəri çərçivəsində bir sıra obyektlərin, o cümlədən Sənaye Parkının təməlini qoyub. 200 hektara yaxın ərazini əhatə edən Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TİR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də nəzərdə tutulub. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq.

Yeri gəlmişkən Ağdam Sənaye Parkının təməli də məhz işğaldan əvvəlki sənaye zonasında qoyulub. Ağdamda sənaye parkının yaradılması əhalinin məşğulluğunun təmin olunmasına, qeyri-neft sektorunun inkişafına, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılmasına səbəb olacaq.

Bundan başqa, burada nəqliyyat dəhlizləri yaradılır. Artıq Bərdə-Ağdam dəmir yolunun və avtomobil yolunun tikintisinə başlanılıb. Mütəxəssislərin fikrincə, Yevlax Nəqliyyat qovşağı ilə birləşmə həm də Bakı-Tbilisi-Qars ixrac dəhlizinə qoşulma deməkdir.

Sənaye parkında tək istehsal müəssisələri deyil, həm də xidmət sahələri və soyuducu kameraları yaradılacaq. Fermerlərin istehsal etdikləri məhsulların saxlanılması və emalı təmin olunacaq. Bu isə əhalinin geri qayıtması prosesini təmin edəcək. Yaxın gələcəkdə Ağdamda istehsal olunacaq məhsullar “made in Azerbaijan” brendi ilə dünya bazarlarına ayaq açacaq.

Müharibə tarixi qələbə ilə başa çatıb. İndi işğaldan azad edilmiş rayonlarda quruculuq dövrü başlayıb. Ağdam yenidən qurulur, burada “Smart-city” salınacaq, bu qədim diyar yenidən Qarabağın sənaye mərkəzinə çevriləcək, minlərlə insan işlə təmin ediləcək.

 

Salman ALIOĞLU,

“Respublika”.