MİNGƏÇEVİR: MƏZUNLARLA GÖRÜŞ
Region

MİNGƏÇEVİR: MƏZUNLARLA GÖRÜŞ

Təqdirəlayiq haldır ki, məktəblərin pandemiya şəraiti ilə bağlı müəyyən məhdudiyyətlərlə fəaliyyət göstərməsinə baxmayaraq mingəçevirli məzunların göstəriciləri əvvəlki illə müqayisədə yüksəlmişdir. Belə ki, keçən tədris ilində şəhər üzrə 600 bal toplayanların sayı 24 nəfər idisə, bu il bu göstərici 35 nəfər, keçən il 9-cu sinfi fərqlənmə attestatı ilə bitirən şagirdlərin sayı 55 nəfər idisə, bu il bu rəqəm 86 nəfər, keçən il 11-ci sinfi fərqlənmə attestatı ilə bitirən şagirdlərin sayı 27 nəfər idisə, bu il bu rəqəm   51 nəfər olub və bu təhsil sahəsində olan inkişafın bariz göstəricisi hesab oluna bilər. Ənənəyə sadiq qalan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun qəbul imtahanlarında yüksək bal toplamış şagirdlərlə görüş keçirməsi, onları şəxsən təbrik etməsi, valideyn və müəllimlərinə gözaydınlığı verməsi gələcək tələbələrin hədsiz sevincinə səbəb olmuşdu.

Məzunlarla görüşdə çıxış edən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Mingəçevir şəhərində təhsil sahəsində əldə edilən uğurların əsas səbəbi dövlət rəhbəri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı, həmçinin, müəllimlərin fədakar əməyidir” söylədi və əlavə etdi ki, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xüsusi dəstəyi bizim bu nailiyyətlərin əsasıdır. Belə ki, şəhər  məktəblərində maddi-texniki bazanın gücləndirilməsi,  məktəblərin demək olar ki, əksəriyyətinin əsaslı təmir olunaraq ən müasir avadanlıqlarla təchiz olunması məktəblilərimizin təhsil səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynamışdır. İlham İsmayılov diqqətə çatdırdı ki, “Cari il ərzində şəhərimizdəki 13 nömrəli məktəb Heydər Əliyev Fondu tərəfindən yenidən qurularaq ən yüksək səviyyədə təchiz olunmuş, eyni zamanda, hazırda dövlət büdcəsi hesabına 12 nömrəli məktəb və İnteqrasiya təlimli internat tipli gimnaziyanın da əsaslı təmiri həyata keçirilməkdədir”. Bundan sonra şəhər rəhbəri tədbirdə iştirak edən təhsil işçilərinə müraciət edərək  dövlət başçısının bu qayğısının böyük bir məsuliyyət olduğunu bir daha diqqətə çatdırdı və onları yeni-yeni hədəflərə nail olmağı arzuladı.

Tədbirdə iştirak edən şəhər ziyalıları, ictimaiyyətin fəal nümayəndələri məzunları təbrik etdilər və onlara gələcək həyatlarında uğurlar arzuladılar.

Sonda İlham İsmayılov yüksək bal toplayan məzunlara hədiyyələr təqdim etdi və tədbir iştirakçıları ilə  xatirə şəkli çəkdirdi.

Zabit XƏLİLOV,

“Respublika”.