MİNGƏÇEVİR: XATİRƏ BULAĞININ AÇILIŞI
Region

MİNGƏÇEVİR: XATİRƏ BULAĞININ AÇILIŞI

Mingəçevirdə Vətən müharibəsi şəhidi Nəcəfli Oruc Rövşən oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub. Bulaq  şəhidin yaşadığı binanın qarşısında   inşa olunub. Açılış mərasimində şəhidin ailəsi, şəhid anaları, cəbhə yoldaşları, məktəblilər və oxuduğu universitetin (MDU) tələbə-müəllim heyəti  iştirak ediblər. 

Öncə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri təşkil edən “Nur”dəstək qrupunun üzvləri İkinci Qarabağ müharibəsində 30 illik işğal altında olan torpaqlarımızın ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə azad edilməsinin tarixi əhəmiyyətindən, igid vətən oğullarımızın qəhrəmanlıqlarından ürəkdolusu  danışıblar.

Şəhid anaları bulağın üstündəki örtüyü götürüblər. Oğul həsrətindən xəstə düşmüş ana-Flora Nəcəfova bulağın onun üçün daimi ziyarət yeri  olacağını bildirib və əməyi olan hər kəsə dərin minnətdarlığını bildirib.

Açılış mərasiminə  Bakı şəhərindən 258 saylı məktəbin 15 yaşlı şagirdi, gənc rəssam İsayev Ayxan Elşən oğlu da qatılıb. Onlar ailəliklə öz vəsaitləri hesabına Vətən müharibəsində şəhid olanların hər birinə xatirə  çələngi hazırlayıblar.  Ayxan tədbirdə Mingəçevirdən olan 51 şəhidin ailə üzvlərinin hər birinə xatirə  çələngini  təqdim edib. Gənc rəssamın atası Elşən İsayev bildirib ki, bundan sonra Gəncə və Ağstafa şəhidlərinin də çələnglərini də yerində təqdim edəcəklər. Bu xeyirxah işlərinə görə şəhid anaları və iştirakçılar gənc rəssamı alqışlayıblar.

Şəhid Oruc Nəcəfli 1989-cu il oktyabrın 6-da Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub, 1996-2007-ci illərdə Mingəçevir şəhərində Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə təhsil alıb. Məktəbi müvəffəqiyyətlə bitirən Oruc Nəcəfli 2007-ci ildə Mingəçevir Politexnik İnstitutunda (indiki Mingəçevir Dövlət Universiteti) “İnformatika və hesablama texnikası” ixtisası üzrə bakalavriat səviyyəsinə qəbul olub və 2011-ci ildə ali təhsilini başa vuraraq hərbi xidmətə yollanıb. Kəşfiyyatçı vəzifəsində hərbi xidmətdə olduğu bir il ərzində hər zaman yüksək fiziki hazırlığı ilə fərqlənib. 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda, həmçinin Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə savaşan Oruc Nəcəfli oktyabrın 17-də Suqovuşanda şəhid olub. Noyabrın 6-da Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Oruc Nəcəfli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Bəli, torpaqlarımızın azad edilməsi, vətənimizin bütövlüyü uğrunda canından və qanından keçərək müqəddəs şəhidlik məqamına yüksəlmək ən böyük şərəf və qürur hesab edilir. MDU-nun məzunu Nəcəfli Oruc Rövşən oğlunun da taleyinə Vətən müharibəsində şəhidlik zirvəsinə qovuşmaq yazılıbmış. Onun 2 yaşlı qız övladı bizlərə yadigar qaldı.

 Zabit XƏLİLOV,

“Respublika”.