MİNGƏÇEVİR:  VƏTƏN FƏDAİLƏRİ ABİDƏSİ 
Region

MİNGƏÇEVİR:  VƏTƏN FƏDAİLƏRİ ABİDƏSİ 

Vətən müharibəsində qazanılan möhtəşəm zəfərdə pay sahibi olanların xatirəsini əbədiləşdirmək üçün ölkədə ilk dəfə Mingəçevirdə (Mingəçevir kəndində) “Vətən fədailəri” abidəsi ucaldılıb.

Böyük Zəfərin şərəfinə ucaldılan bu möhtəşəm abidənin açılış mərasimində abidəni ucaldan və layihəsini işləyib hazırlayan təşkilatçı, kənd sakinlərindən biri Ehtibar Əhmədov çıxış edərək qeyd etdi ki, “kəndimiz vətənpərvərlik, birlik nümayiş etdirərək, fəxarətlə bu abidəni ucaltdı. Bundan əvvəl də 2003-cü ildə Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə abidə ucaltmışıq. Hər birimizin, bizə bu zəfəri yaşadan igid oğullarımıza borcu var. Biz kənd sakinləri də vətən oğullarına o borcun kiçik bir hissəsini ödəməkdən qürur duyaraq, bu nəcib təşəbbüsü göstərdik. Qoy ruhları şad olsun”.

Tədbirdə iştirak edən şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov bildirdi ki, biz Vətən üçün canından keçən igidlərimizi daima yaşatmalıyıq, onlar bizim qəlbimizdə, ürəyimizdə daimi yaşamalıdırlar: hər bir şəhid valideyni qarşısında baş əyirəm, siz ən yüksək ehtirama, ada layiqsiniz. Təşəkkürümü bildirirəm bu abidəni ərsəyə gətirən kənd sakinlərinə.

Şəhid anaları, kənd ağsaqqalları və Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli çıxış edərək, Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinin gələcək nəsillər üçün bir örnək olduğunu diqqətə çatdırdılar. Zəfər yürüşündə qəhrəman oğullarımızın igidliyindən ətraflı söhbət açaraq bildirdilər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun şücaəti nəticəsində ərazi bütövlüyümüz təmin edildi, şəhidlərimizin qisası alındı.

Qeyd edək ki, Mingəçevir kəndinin vətənpərvər oğulları Qarabağ savaşında canla-başla, rəşadətli döyüş yolu keçmişlər. Ümumiyyətlə, Mingəçevir kəndindən İkinci Qarabağ müharibəsində 104 nəfər iştirak edib. Onlardan 5 nəfəri şəhid olub. Birinci Qarabağ müharibəsində isə kənddən 107 nəfər iştirak edib, onlardan 12 nəfəri şəhidlik zirvəsinə ucalıb.

Z.CƏMŞİDOĞLU,

“Respublika”.