Mingəçevir:  Son zəng sevinc və fərəh hissi ilə qeyd olundu
Region

Mingəçevir:  Son zəng sevinc və fərəh hissi ilə qeyd olundu

Mingəçevir şəhərinin  bütün məktəblərində son zəngə ciddi hazırlıq işləri görülmüşdü. Şagirdlərin və müəllimlərin sevincinə qoşulan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər təhsil Şöbəsinin müdir əvəzi Zamiq Cəbiyev, 13 saylı tam orta məktəbin direktoru Daşqın İbrahimov tədbirdə iştirak edərək sevinc hisslərini şagirdlərlə bölüşdülər. Tədbirin aparıcıları olan şagirdlər tədbir önünə Azərbaycan bayrağını gətizdirdikdən sonra dövlət himni səsləndirildi və Vətən müharibəsində şəhid olanların xatirələri bir dəqiqəlik sükutla yad edildi.

Sonra məktəbin direktoru Daşqın İbrahimov çıxış edərək əldə etdikləri nailiyyətlərdən, məktəbin uğurlarından söhbət açdı. Onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım  Əliyevaya dərin təşəkkürünü bildirdi. Əminliklə vurğuladı ki, bu il məktəbi bitirən şagirdlər gələcək əməli fəaliyyətləri ilə məktəbin adını uca edəcəklər.

Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov müəllim və şagirdləri uğurlu nəticələrinə görə təbrik etdikdən sonra ölkə rəhbərinə Mingəçevirə və mingəçevirlilərə, eləcə də təhsilə göstərdiyi diqqət və qayğıya görə  təşəkkürünü bildirdi.

Şəhər təhsil şöbəsinin müdir əvəzi Zamiq Cəbiyev 2020-2021-ci tədris ilində ümumən Mingəçevir məktəblərinin nailiyyətlərindən bəhs edərək, bildirdi ki, bu il şəhər məktəblərini 881 nəfər şagird başa vurur. Onlar ali və orta ixtisas məktəblərinə daxil olmaqla şəhərimizin nüfuzunu daha da uca tutacaqlar. Çünki onların ayrı-ayrı fənlər üzrə keçirilən respublika əhəmiyyətli olimpiadalarda yüksək yerlər tutması buna əminlik yaradır.

Sonda məktəbin müəllimləri, valideynlər çıxış edərək məzunlara və şagirdlərə öz ürək sözlərini bildirdilər. Birincilər son zəngin sədasını səsləndirdilər.   Təşkil olunan əlamətdar son zəng mərasimi sevinc və fərəh hissi ilə başa çatdı.

Zabit XƏLİLOV,

“Respublika”.