MİNGƏÇEVİR: ŞƏHƏR GÜNÜ KEÇİRİLİB
Region

MİNGƏÇEVİR: ŞƏHƏR GÜNÜ KEÇİRİLİB

Mingəçevirin şəhər statusu almasının 74-cü ildönümü münasibətilə  silsilə tədbirlər  keçirilib. Tədbirdə  Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, YAP şəhər təşkilatının sədr müavini, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin, mətbuat və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. İlk öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyulub. Sonra Zəfər Günü şərəfinə hazırlanan istirahət zonasına baxış keçirilib. İstirahət zonasının yaxınlığındakı ərazidə Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi münasibətilə ağacəkmə kampaniyası keçirilib. Ağacəkmə kampaniyasında şəhər rəhbərliyi ilə yanaşı, YAP fəalları və ictimaiyyət nümayəndələri də iştirak edib. 150-yə yaxın ağac tingləri əkilib.Tədbir sonra Mingəçevir Dövlət Dram Teatrı dairəsindəki Teatr Meydanında davam etdirilib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  Mingəçevirin şəhər statusu almasından ətraflı danışaraq, şəhərin zəngin  tarixindən danışıb. Hər bir şəhər sakininə  Mingəçevirin ad günü münasibətilə ürəkdən təbriklərini çatdırıb. Ulu öndər Heydər Əliyevin şəhərimizə göstərdiyi diqqət və qayğılardan danışıb. Dövlətimizin başçısı İlham Əliyevin şəhərə  qayğısından ətraflı söz açaraq regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən quruculuq işlərindən, 44 günlük Vətən müharibəsindəki Şanlı qələbədən söz açıb.

Tədbirin sonunda Mingəçevirin inkişafındakı xidmətlərinə görə  energetik Adil İsmayılova, Mingəçevir kənd icmasının sədri Etibar Əhmədova, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirova və Tibb Kollecinin direktoru Fikrət Zeynalova Mingəçevir Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunub.

Zabit XƏLİLOV,

“Respublika”.