MİNGƏÇEVİR: QƏHRƏMAN ŞƏHİDİMİZ EHTİRAMLA ANILDI
Region

MİNGƏÇEVİR: QƏHRƏMAN ŞƏHİDİMİZ EHTİRAMLA ANILDI

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan, əslən Ağdam sakini Mingəçevirdə doğulub boya-başa çatan Həsənov Əzim Fikrət oğlunun bu gün yaşasaydı 23 yaşı olacaqdı. Şəhidin ilk doğum günü uyuduğu Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında məzarı yanında anıldı.

Anım mərasimində ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit, polkovnik-leytenant  Seymur Hidayətov  şəhər icra hakimiyyəti başçısı İlham İsmayılovun adından  şəhidin ailəsinə başsaglığı verdi, ailəsinə və qohumlarına səbir dilədi. Sonra Şəhidin oxuduğu məktəbin direktoru  Ülviyyə Fətəliyeva  çıxış edərək, şəhidin keçdiyi qısa  mənalı  və şərəfli həyat yolundan ətraflı söz açdı. Əzimin  qısa, lakin  şərəfli ömür yolundan, onunla bağlı xatirələrdən  danışılan mərasimdə qeyd olundu ki, 44 günlük Vətən müharibəsində  güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini, cəsurluğunu  bütün dünyaya nümayiş etdirdi.

Şəhid  Həsənov Əzim Fikrət oğlu 2001-ci ildə anadan olmuşdur. 2014-cü ilin sentyabrında  müvəqqəti məskunlaşdıqları Mingəçevir  şəhərində 19 nömrəli məktəbin birinci sinfinə daxil olub. Ailənin ilk və yeganə oğlu olan Əzim, orta məktəbi 2015-ci ildə əla qiymətlərlə bitirib. Elə həmin ili yüksək balla Azərbaycan Dillər Universitetinə daxil olub. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanır. Əzim hərbi xidmətinin bitməsinə sayılı vaxt qalmağına baxmayaraq, paytaxtda xidmət etdiyi hərbi hissədən könüllü olaraq həmlə taborundan döyüşlərə qatılır. Ötən ilin sentyabr ayının 27-də başlayan döyüşlər zamanı cəbhədə kəşfiyyatçı kimi xidmətini davam etdirir. Cəbrayıl, Hadrut, Horadiz, Füzuli istiqamətlərində  gedən döyüşlərdə igidliklə döyüşüb. Qızğın döyüş zamanı bir neçə dəfə qəhrəmanlıq göstərərək özünü və əsgər yoldaşlarını mühasirədən çıxara bilib. Sonuncu dəfə Füzulinin Seyidəhmədli kəndi yaxınlığındakı döyüşlərdə yaralı əsgər yoldaşını xilas edərkən, düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini dilə gətirərək “ Təki Vətən sağ olsun” söylədilər və ölkə Prezidentinin   şəhid  ailələrinə daim göstərdiyi  diqqət və qayğıya görə dərin  minnətdarlıqlarını ifadə etdilər.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Əzim Fikrət oğlu Həsənov ölümündən sonra   “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Zabit XƏLİLOV,

“Respublika”.