Minatəmizləmə prosesi sürətlənir
Digər xəbərlər

Minatəmizləmə prosesi sürətlənir

Mənfur düşmənlərimiz 30 il ərzində işğalda saxladıqları əraziləri - şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin olduğu yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ərazilərin minalardan təmizlənməsi prosesinə başlandı.

1999-cu il Ottava Konvensiyası piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edir. Həmçinin Konvensiyaya əsasən, əraziləri minalamış tərəf müharibə bitdikdən sonra dəqiq hazırlanmış mina xəritəsini qarşı tərəfə verməyə borcludur. Lakin beynəlxalq hüquq və normalara əməl etməyən Ermənistan hökuməti bu məsuliyyətdən də boyun qaçırdırdı. Azərbaycan tərəfinin məsələni bir çox beynəlxalq platformalarda və yüksək səviyyəli görüşlərdə dəfələrlə qaldırmasından sonra müxtəlif təzyiqlərin nəticəsi olaraq Ermənistan mina xəritələrini ölkəmizə təqdim etdi. Lakin təqdim edilən mina xəritələrinin dəqiqliyi cəmi 20-25 faiz oldu. 44 günlük müharibə başa çatdıqdan sonra da ermənilər hərbi cinayətlərindən əl çəkməyərək ərazilərimizi minalamaqda davam etmişlər. Laçın rayonu ərazisində 2022-ci ildə 15 avqustdan 31 avqust tarixinədək 1318 ədəd PMN-E növlü minaların aşkar edilməsi bunu deməyə əsas verir. Aşkar olunan minalar Vətən müharibəsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunmuşdur.

İşğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizliyin bərpası istiqamətində tədbirlər davam edir. Məcburi köçkünlərin yurd yerlərinə təhlükəsiz qayıdışı üçün "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına dəstək" layihəsi çərçivəsində yaradılacaq qadınlardan ibarət sapyor heyəti işğaldan azad edilmiş ərazilərimizdə minaların təmizlənməsi prosesini sürətləndirəcək. Belə ki, ötən il BMT İnkişaf Proqramının Azərbaycanda minaların təmizlənməsinə dəstəyi çərçivəsində ölkəmizdəki daimi nümayəndəsi Çaru Bistinin minatəmizləmədə qadın qruplarının yaradılması ilə bağlı çıxışını da qeyd etmək olar. Ölkə başçımızın təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" Azərbaycanda 2026-cı ilə qədər ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işlərinin davam etdirilməsini nəzərdə tutur. Sənədə əsasən, ərazinin minalardan təmizlənməsi üzrə işlərin davam etdirilməsi məqsədilə illik plan hazırlanacaq.

Qeyd edək ki, 2020-2022-ci illərdə 57,6 min hektar ərazi minalardan təmizlənib. 2023-2026-cı illərdə 215 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Beləliklə, 2026-cı ilin sonunda 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq.

N.ABDALOV,

"Respublika".