Minalanmış ərazilərlə bağlı Ermənistanın təqdim etdiyi formulyarlarla ilkin tanışlıq onların etibarsız və qeyri-dəqiq olması təəssüratını yaradır
Digər xəbərlər

Minalanmış ərazilərlə bağlı Ermənistanın təqdim etdiyi formulyarlarla ilkin tanışlıq onların etibarsız və qeyri-dəqiq olması təəssüratını yaradır

Məlum olduğu kimi, ötən həftə Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər müəyyən ərazilərinin mina sahələrinin formulyarlarını da Azərbaycan tərəfinə təqdim edib. Mina sahələrinin formulyarlarında adətən ərazinin koordinatları, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə qaydalarına dair məlumatlar qeyd olunur. Lakin bildirmək istərdim ki, təqdim edilmiş formulyarlarla ilkin tanışlıq onların etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratını yaradır.

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) idarə heyətinin sədri Vüqar Süleymanov AZƏRTAC-a açıqlamasında deyib.

V.Süleymanov bildirib ki, Ermənistan tərəfi müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədilə bütün mina sahələrini əhatə edən formulyarların verildiyi iddiası ilə çıxış edir. Ancaq Ermənistan tərəfindən təqdim edilmiş formulyarların işğaldan azad olunmuş bütün əraziləri tam əhatə etməsi ilə bağlı da ciddi narahatlığımız mövcuddur.

"ANAMA və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən formulyarlar üzərində təhlil və emal işlərinə artıq başlanılıb. Formulyarların təhlil edilməsindən sonra məlumatlar xəritələr üzərinə köçürülərək, müvafiq ərazidə uyğunluğu yoxlanılacaq.

Ermənistan tərəfindən Ağdam, Füzuli və Zəngilan rayonları ilə bağlı daha əvvəl verilmiş mina sahələri üzrə məlumatlarının dəqiqliyi 25 faiz təşkil edir.

Təqdim olunan formulyarlar hərtərəfli təhlil olunduqdan sonra onların nə dərəcədə dəqiqliyi və hansı əraziləri əhatə etdiyi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə V.Süleymanov vurğulayıb.

AZƏRTAC