Mina təhlükəsi: beynəlxalq həmrəyliyə ehtiyac var
Siyasət

Mina təhlükəsi: beynəlxalq həmrəyliyə ehtiyac var

Ermənistanın döyüş meydanında məğlubiyyətindən üç ilə yaxın bir vaxt keçir. Düşmən kapitulyasiya aktını imzalasa da, Azərbaycanla sülh müqaviləsi bağlamaq istəmir. Üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, tez-tez təxribatlar törədir, qarşıdurmalar yaradır.

İki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində müxtəlif formatlarda aparılan görüşlərdə özünü cığal oyunçular kimi aparır. Sözdə bir, əməldə başqa cür olan, müstəqil siyasət yürütməkdə çətinlik çəkən Ermənistan maraqlı tərəflərin şirin vədlərinə inanaraq hələ gözləmə mövqeyindədir.

İşğal dövründə torpaqlarımızı xarabalığa çevirən ermənilər ekologiyamıza, mədəniyyətimizə ciddi ziyan vurub. Nəinki işğal, hətta postmünaqişə dövründə torpaqlarımızın minalanmasını davam etdirir. Bu gün Azərbaycan dünyada minalar partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasındadır. Vətən müharibəsindən bu günə qədər 302 Azərbaycan vətəndaşı mina qurbanı olub, ümumilikdə isə Ermənistanın hərbi təcavüzü nəticəsində indiyədək 3400-ə yaxın vətəndaşımız minalardan zərər çəkib. Üçtərəfli Bəyanatın imzalanmasından 2 il 7 ay keçməsinə baxmayaraq, hələ Ermənistan tərəfi Azərbaycana minalanmış ərazilərin dəqiq xəritələrini verməyib.

Ümumiyyətlə, humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. Ərazilərimizin intensiv minalanmasını əvvəlcədən görən ulu öndər Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin yaradılması barədə qərar verib.

Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Ölkəmizin mina təhlükəsi ilə bağlı geniş təbliğatına baxmayaraq, ərazilərimizin minalardan təmizlənməsi üçün xərclənən vəsaitin çox böyük hissəsi Azərbaycana aiddir. Minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır, xaricdən gələn dəstəyin həcmi çox məhduddur. Minatəmizləmə digər humanitar məsələlərdə beynəlxalq ictimaiyyət Azərbaycanın problemlərinə soyuq yanaşır. Verilən sözlər yerinə yetirilmir.

Bu il mayın 25- Azərbaycanda "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda keçirilən ikigünlük konfrans da Azərbaycanı bu gün həddindən artıq düşündürən, narahat edən minatəmizləmə problemlərinə həsr edilib. Konfransın ilk günü Ağdamda, ikinci günü isə Bakıda təşkil olunub. Azərbaycanın evsahibliyi etdiyi konfransda 51 ölkəni təmsil edən 190-na yaxın rəsmi şəxs iştirak edib. Tədbir iştirakçıları, həmçinin Ağdamda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyət göstərdiyi minatəmizləmə sahəsinə səfər edib, minaların partlayış yolu ilə zərərsizləşdirilməsinin şahidi olublar.

Konfrans iştirakçılarına Azərbaycan dövlətinin minatəmizləmə sahəsində gördüyü işlər barədə məlumat verilib. Xarici qonaqlar, eyni zamanda Azərbaycan dövlətinin mina qurbanlarının reabilitasiyası üçün gördüyü işlərdən məmnun qalıblar.

Azərbaycan qlobal səviyyədə humanitar minatəmizləmə prosesinə töhfə verir. Ölkəmiz humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi (DİM) kimi təsis olunması təşəbbüsü ilə çıxış edib. Qoşulmama Hərəkatında da Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyası istiqamətdə müəyyən işlər aparılır. Minatəmizləmə fəaliyyətini dayanıqlı davamlı inkişafla birbaşa əlaqə kontekstində görür. Məhz buna görə Azərbaycanda humanitar minatəmizləmə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edilir.

Beynəlxalq tədbirdə Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində qeyd olundu ki, Ermənistan işğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə təxminən 1,5 milyondan çox mina basdırıb. Azərbaycan ciddi şəkildə mina təhlükəsizliyi ilə üzləşib. Həmçinin Ermənistan qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirib ki, bu da mina qurbanlarının artmasına səbəb olur.

Tədbirin "Minaların müharibənin partlayıcı qalıqlarının insan təhlükəsizliyinə təsiri" mövzusunda sessiyasında çıxış edənlər bildiriblər ki, minaların təmizlənməsi böyük məbləğdə vəsait tələb edir. Dünya ölkələri minatəmizləmə ilə bağlı effektiv siyasət ortaya qoymalı mina qurbanlarına yardım üçün layihələr təşkil etməlidir.

Konfransın sonunda bəyannamə qəbul olunub. BMT Baş katibinin qanunun aliliyi təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev bu bəyannamənin qəbulunun əhəmiyyətini vurğulayıb. O, beynəlxalq konfransın təşkilinə görə ANAMA-ya BMT-nin Azərbaycandakı nümayəndəliyinə təşəkkür edib, mina təhlükəsinin qarşısının alınmasında beynəlxalq həmrəyliyin vacibliyini vurğulayıb. Ümid edirik kikonfransdan sonra beynəlxalq təşkilatlar Azərbaycanın səsinə səs verəcək, Ermənistanın mina terrorunun nəticələri tezliklə aradan qaldırılacaq.

Zümrüd QURBANQIZI,

"Respublika".