MİN BƏZƏKLİ XALIYDI GÖYÇƏ...
Mədəniyyət

MİN BƏZƏKLİ XALIYDI GÖYÇƏ...

Azərbaycan xalçaları sadəcə xalça deyil, YUN KİTABƏLƏRDİR.

Lev QUMİLYOV,

rus yazıçısı, tədqiqatçı-tarixçi.

 

Naxışlı bir xalıydı Göyçə... Və o xalı Azərbaycan-türk mədəniyyətinin qaymağı hesab olunan Ulu Göyçədə mənfur düşmən tərəfindən ilmə-ilmə sökülməyə başlamışdı. Artıq erməni məkri neçə yüz illər idi ki, davam edirdi.

Hansı tərəfindən baxsan, daşında, torpağında, gözəl Göyçə gölünün - Gökçə dənizinin  hər bir halında min bir naxış, min-min ilmələr-ayrı bir dəsgah idi Göyçə.

Bu mahalda nələr-nələr yox idi... Böyüklük, kiçiklik, ruzi-bərəkət, halallıq, maarif-təhsil, elm, biliklərə can atmaq bizlər üçün dünyanın paytaxtı hesab olunan Bakıya sonsuz sevgi və məhəbbət. Xüsusən də erməni kimi fitnəkarın içində yaşayarkən Azərbaycana - doğma məmləkətimizə olan sevginin sonsuzluğu heç nəylə müqayisə oluna bilməz.

Neçə illər öncə belə tədqiqatçılar Göyçənin tarixinin minilliklərdən boylandığını yazırlar. Son nəticəyə görə türkün dünyaya gəlişindən xəbər verir bu oba, bu mahal. Və bu tədqiqatların tarixi 7 min illiyə söykənir. Dünya imperatoru Böyük İsgəndərin öz qoşunu ilə Göyçə gölü sahillərindən gəlib keçdiyi tarixi məxəzlərdə əks olunub. Ən qədim mənbələrdə belə, o cümlədən “Kitabi-Dədə Qorqud”da adı gözəlliklər diyarı kimi, ulu türkün  kökünün dərinlərə işləmiş kötüyü ilə rastlaşırsan. Göy Türk  xaqanlığının, qövmünün, türk millətinin dünyaya gəlişindən xəbər verir bu gözəl diyar.

Sirli-sehirli xalçalar ilk öncə nəsillərin şəcərələr yeri kimi rol oynasa da, varlı insanlar üçün xəzinə-açar yeri, bir növ xəritələr rolunu oynamışdır. Xalçalardakı həndəsi fiqurlar, naxışlar, göllər tədricən milli-mənəvi dəyər kimi türk xalqlarının  mədəni-mənəvi abidəsi hüququnu qazanmışdır. Və xalçalardakı bu strukturlar, naxış və fiqurlar Göy Türk mədəniyyətinə söykənmişdir. 

Qədim Türk mədəniyyətinin öncüllərindən olan bu mahalda dəmirçilik, toxuculuq, taxılçılıq, heyvandarlıq kimi məşğuliyyət və sənətlərlə yanaşı, türk elatlarına məxsus xalçaçılıq sənəti uzun illər yerli əhalinin dolanışıq mənbəyi olmuşdur. Evlərdə xalçalar toxunar, kilim, palazlar salınardı, hətta yaxşı toxuyan qız-gəlinlərə sifarişlər belə verilərdi.

Qədim türk xalçaçılıq sənətinə dayanan, kökləri ilə palaz-kilim, gəbə-xalçaların özünün də kötüyü naxışlar, ilmələr, butalar, çeşnilər, bütün bunların hamısının sorağı minilliklərdən gəlirdi. Naxışların, göllərin salınması, simvol və rəmzlərdən istifadə,  əslində isə boyanın özü, onun hazırlanması  xüsusi ustalıq tələb edirdi. Bineyi-qədimdən bu sənət türk ellərinə məxsus olmuş, xalqın içərisindən çıxmış, getdikcə daha da cilalanmış, daha da mükəmməlləşmişdir. Necə deyərlər, xanalarda toxunan hər bir xalça, palaz, kilim, gəbə və s. Azərbaycan qadınlarının ağır zəhməti, əməyi ilə başa gələn böyük sənət əsərləri idi.

Lakin nədənsə dünyanın bütün nöqtələrinə getməyi bacaran Azərbaycan xalça ustaları, tədqiqatçıların yönü qədim türk eli olan bu mahala “düşmürdü”. Keçən əsrin təqribən 60-cı illərindən etibarən ermənilər qapı-qapı Göyçənin kəndlərini gəzir, qədim, bəlkə də yaşı yüz illərlə olan xalça-palazları cüzi pul-para müqabilində alıb aparırdılar. Artıq 70-80-ci illərdə Göyçənin ziyalıları irəli durub əhalini bir qədər bu işdən çəkindirə bildilər. İsmayıl Əliyev, Məcnun İbrahimov, İbad İbrahimov, Hüseyn Qurbanov, Şamil Rüstəmov və b. kimi ziyalıların səyi nəticəsində insanlarla söhbətlər aparıldı. Bu məkrli siyasətin qarşısı bir qədər alınsa da, orda-burda bu qədim sənət nümunələrini cüzi pul müqabilində demək olar ki, “oğurlayıb” aparırdılar.

Əslində isə bu mənfur millətdə heç bir zaman xalçaçılıq sənəti olmayıb.

Yerli əhalidən alınan xalılar, gəbələr, kilimlər, qədim sənət nümunələri bu günlər artıq qədim erməni sənət nümunələri adı ilə Avropada, dünyanın digər ölkələrində təqdim olunur. Sonda isə torpağımıza əl qoydular. Musiqi alətlərimiz, mahnılarımız, yeməklərimiz... nəhayətində isə Qarabağ - Qərbi Azərbaycan da daxil olmaqla, 52%-dən çox torpaqlarımız, qədim yurdlarımız...

Göyçə mühitində landşaftın orijinallığı çox asanlıqla xalq təfəkküründə xalça sənətində palitranın rəngarəngliyinə gətirib çıxarmışdır. Yeri gələndə bu sənətdə folklor, milli ornamentlər, buta kimi rəmzlər öz əksini tapır. Harmoniya, ritmin və rənglərin estetikası əks olunurdu bu xalçalarda. Lakin bunlar az idi, estetik gözəllik, milli atributlar, əski türk inancları, milli ornamentlər, butalar öz əksini tapırdı bu sənət nümunələrində. Bəzən toxunan xalçalar, kilimlərə vurulan çeşnilər fəlsəfi məzmun belə daşıyırdı: gəlimli-gedimli dünyanın gedişatını, həyat fəlsəfəsinin danılmaz olduğunu, hardan gəlib hara getdiyini, ömrün fani olduğunu anladır və İnsanlığı bir daha düşünməyə səsləyirdi. Göyçə mahalında ən çox işlənən çeşnilər əsasən  “maralgöl”, min bir çiçəkli-naxışlı çeşnilər “üçgöl” adlanırdı.

Göyçədə toxunan xalçaların simvolları əski türk inanclarına söykənirdi: tanrıçılıq, şamanizm, əyə inancı - Ocaq haqqı - Tanrı haqqı,  Qaraçuxa isə tale-bəxt tanrısı idi. Və bütün bunlar Dədəm Qorquddan belə üzü o yana və bu yana simvollar kimi Göyçə xalçaçılıq məktəbinə təzahür etmiş, onun naxış-kompozisiyalarında  yaxından əks olunmuşdur. Toxunan bu xalçalar inanclara söykənən göllər-qurd ağzı, qurd ayağı və s. adlar verilirdi. Əlbəttə, bu, Göyçə mühitinin özünün türk inanclarına, ocağına enmiş inamından irəli gəlirdi. Göyçə mahalında əski türk inanclarından irəli gələn ocaqlara sitayiş-beyət çox güclü idi. Bunlar isə təbii yaranan sənət əsərlərində özünü göstərirdi.

Ağrı-acılarımız musiqimizə qonduğu kimi, min bir naxışlı xalça və sənət nümunələrində də İnsanlığın sonsuz kədəri, həyatın keçici nəşəsi  əks olunmuşdur. Ancaq bu xalçaların bir üstünlüyü onda idi ki, toxunuş, naxış və rənglər insanı yaşamağa səsləyirdi. Xalçaların bu qədər həssaslıqla və zərif toxunmasına heyran qalır və həyatın fəlsəfəsini anlamağa çalışırsan. Yəni bunlar sadəcə bir sənət nümunəsi deyildi. Böyük bir elin yaradıcılıq dünyası idi.

Dədə Qorqud məskəni olan Göyçə mahalının xalça sənətkarlığı minilliklərə enir. “Kitabi-Dədə Qorqud” dastanının  özündə xalı, xalça, gəbə, kilim adlarına dönə-dönə rast gəlinir.  

Mahalda kənd qadınlarının əsas məşğuliyyətlərindən birincisi, bəlkə də ən önəmlisi idi xalça-gəbə toxumaq, xana qurmaq. Yunun qırxılmasından başlamış, onun yuyulması, təmizlənməsi, dəmir daraqlarla daranması, əyrilməsi, ip halına salınması, təbii otlardan hazırlanmış boyaqlarla boyanması və s. heç də asan olmayan ağır zəhmət, səbir tələb edən işlər idi. Bütün bunlarla yanaşı, xalça toxumaq özü zövqverici bir sənət idi. İş prosesi başa çatdıqdan sonra kəndin bilici qadınları yığılar, həna-xana kəsilərdi. Məhz o zaman bu zəhmətkeş insanlar öz işlərinə baxar, təkcə zövq almaq deyil, məsuliyyətli bir peşənin öhdəsindən gəldikləri üçün qürur duyardılar.

Xalçaçılıq sənətində iplərin boyanması işi özü də xüsusi ustalıq tələb edərdi. Adətən ipliklər xalq üsulu ilə, təbii yollarla bitki mənşəli boyaq tərkibləri ilə boyanırdı. Əslində bu iş sadə görünsə də, boyaqçılardan xüsusi məharət tələb edirdi. Belə ki, kənddə ayrıca boyaqçılar olmurdu. Kənd ərazisində, istərsə də mahalın özündə bitən müxtəlif bitkilərin yarpağı, çiçəyi, qabığı, kökü, oduncağı, meyvəsi, toxumu boyaq məhsullarının hazırlanmasında ən yaxşı vasitə hesab olunurdu.

Bütövlükdə bu mahalda xovlu xalçalarla yanaşı, xovsuz sənət nümunələri də məişətdə daha çox işlənirdi: kilim, cejim, xurcun, ayaqaltı palazlar, zili məfrəş, taxtüstü, çarşaf, yəhərüstü, çömçədan və s. toxunurdu. Xovlu, ya xovsuz sənət əsərlərində əski türk elementləri - xalqın qan yaddaşından, genindən axıb gələn mifoloji süjetlər əks olunurdu. Göllərin salınması, naxış-bəzəklərin vurulması, simvol və atributların verilməsi və bütün bunların ornamentlərdə təsviri və əks olunması türk mənəviyyatından bəhrələnmişdi. Və bütün bunlar minilliklərə enən, qopmaz-qırılmaz tellərlə bağlı olduğumuz ocaqlarımıza, kökümüzün-kötüyümüzün nə qədər dərinlərə işləmiş olduğundan xəbər verir.

M.D.İsayev, V.Q.Petrov və s. kimi XIX-XX əsr rus tədqiqatçıları ümumən Azərbaycan xalçalarının boyanma üsullarının zənginliyini və onlara təkrarolunmaz gözəlliklər verən koloriti bitki mənşəli təbii boyalardan, heyvan və mineral mənşəli üsullardan istifadə olunduğunu göstərirdilər. Bu rus tədqiqatçıları Azərbaycanın Qərb, Şimal və Cənubuna, təbiətinin spesifik xüsusiyyətlərinə yaxşı bələd olduqlarına görə bu xalçaların Azərbaycan mənşəli olması, köçəri türk tayfalarına xas sənət nümunəsi adlandırmaları xüsusi elmi dəyərə malikdir.

Göyçə mahalı özlüyündə böyük bir ərazini əhatə etməklə orada yaranan sənət və sənətkarlıq nümunələri, o cümlədən xalçaçılıq və digər toxuma sənətləri ilə öndə olmuşdur. Göyçə aşıq məktəbi - saz-söz sənətinin ilkin mənbəyi olduğu kimi, xalçaçılıq da ilkin mənbə olaraq qeyd olunmalı, tədqiqat işləri aparılmalıdır.

XIX əsrin axırları, XX əsrin əvvəllərində Rusiya imperiyası ərazisində əhalinin siyahıya alınması nəticələrinə əsasən İrəvan quberniyasının 76%-i Azərbaycan türklərindən ibarət  idi. Və yerli istehsal isə xalçaçılıq olmuşdur. Əsasən kənd yerlərində xalçaçılıq sürətlə inkişaf edirdi. Bu məlumatlardan çıxardığım nəticə o oldu ki, İrəvan xalçaçılıq sənəti, o cümlədən Göyçə xalçaçılıq məktəbi məhz Qərb bölgəsində mərkəz rolunu oynamışdır. Bunu danmaq heç bir vəchlə mümkün deyil.

Hər bir sənətin biliciləri olduğu kimi, bu mahalda da bu sənətin biliciləri vardı. Sədanağac-Güney kəndində  Hüseyn qızı Qəndab xanım təqribən keçən əsrin 30-cu illərindən etibarən xalçaların toxunmasında, kilim-palazların salınmasında, əriş-arğacın, xovlu xalçalar üçün hansı qoyun yununun üstün olması, ipliklərin boyanması, xanaların qurulmasınadək hər bir işə özü nəzarət edərdi. Bəzən Qəndab xanımı xana qurmaq üçün qonşu kəndlərə belə aparırdılar.

Xovlu xalçaların toxunması bütün zamanlar üçün Göyçə xalçaçılıq məktəbinin ən mükəmməl dövrü hesab olunur. Bu sənət nümunələrində xalça ustalarından xüsusi məharət tələb olunurdu. Göyçə xalçaçılıq məktəbi  toxunma funksiyalarına görə özünəməxsusluğu ilə fərqlənir və bəlkə də Qərbi Azərbaycanda öz dəst-xətti olan mərkəz rolunu oynamışdır. Çox təəssüflər olsun ki, Azərbaycan-Göyçə xalçaçılıq məktəbi adına heç yerdə rast gəlinmir, bu məktəbin fəaliyyəti Gəncə-Qazax xalçaçılıq məktəbi içərisində verilir.

Bəzi hallarda isə Qazax bölgəsi Qərb regionu kimi təqdim olunsa da, əslində Göyçə özü hər sahədə olduğu kimi, xalçaçılıq sənətində də bir məktəbdir. Və Göyçə Azərbaycan-Türk mədəniyyətinin inkişafında  və xalçaçılıq məktəbinin formalaşmasında mərkəz rolunu oynamışdır.

Məlahət İSMAYILQIZI.