Milli qəhrəmanlarımız: Bir obanın qeyrət tacı
Sosial həyat

Milli qəhrəmanlarımız: Bir obanın qeyrət tacı

Azərbaycanın Milli Qəhrəmanı Xanoğlan Məmmədovun ömür yoluna nəzər yetirəndə bir daha əmin olursan ki, belə övladları olan Vətən əbədiyyətə qədər yaşamağa layiqdir və yaşayacaq. Çünki qəhrəmanları torpaq yetirir, torpağı isə qəhrəmanlar qoruyur və yaşadır. Nə qədər ki, uğrunda ölməyi bacaran övladların var, sən yaşayacaqsan, Azərbaycan! Hər bir daşı, cığırı, damlası, zərrəsi də müqəddəsdir bu yurdun. Tarix boyu onun müqəddəsliyi uğrunda Xanoğlan kimi ər övladlar səf-səf düzülüb yağı düşmənlə döyüşə girərək ya şəhid, ya da qazi olublar.

Xanoğlan Məmmədov da Vətənin dar günündə tanınıb, ölümün gözünə dik baxıb, ana torpağın keşiyində qəhrəmanlıqla dayanıb, Vətəninin, torpağının ağır günlərində onun müdafiəsinə qalxıb.

Xanoğlan Məmmədov 1975-ci il 13 fevral tarixində Neftçala rayonunun Qaraqaşlı kəndində dünyaya göz açmışdı. Təhsil aldığı illərdə o, çalışqanlığı, vətənpərvərliyi ilə sinif yoldaşlarından fərqlənmiş, pedaqoji kollektivin hörmətini qazanmış, orta təhsilini bitirdikdən sonra rayondakı 104 saylı texniki-peşə məktəbinə daxil olmuş, sonra isə ordu sıralarına yollanmışdır.

Həmin dövrlərdə hər yerdə erməni daşnaklarına qarşı ağır döyüşlər gedirdi. Çox keçmir ki, Xanoğlan Məmmədov Murovdağ cəbhəsinə göndərilir və ağır döyüşlərdə iştirak edir, çalışır ki, komandanlıq tərəfindən verilən döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirsin.

Hətta, Xanoğlan bir qrup cinayətkarın zərərsizləşdirilməsində də yaxından iştirak etmişdi. Ancaq tale elə gətirdi ki, namərd gülləsi Neftçalanın bu mərd, cəsur oğlunun sinəsinə tuş gəldi. Son nəfəsində ana əvəzinə torpağı qucaqladı. Son mənzili rayonun Qaraqaşlı kəndindəki qəbiristanlıq oldu.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Xanoğlan Sadiq oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Xanoğlan Məmmədovun adı əbədiləşdirilmiş, Neftçala Rayon Mədəniyyət və İncəsənət Sarayına qəhrəman döyüşçünün adı verilmişdir.

Qədir ASLAN,
“Respublika”.