Milli  Qəhrəman Mübariz  İbrahimovun  xatirəsi  etiramla  anıldı
Sosial həyat

Milli  Qəhrəman Mübariz  İbrahimovun  xatirəsi  etiramla  anıldı

Azərbaycanın Milli  Qəhrəmanı Mübariz  İbrahimovun  anım  günü  ilə  əlaqədar  olaraq  Biləsuvar  rayon İcra Hakimiyyətinin  başçısı  Faiq  Qürbətov  Milli  Qəhrəmanın  Əliabad  kəndində  yerləşən  ata ocağını  ziyarət   edərək  ailəsi  ilə  görüşdü.
Biləsuvar RİH-in  başçısı Faiq  Qürbətov  bildirdi  ki,  Azərbaycan  xalqı, bütün  türk  dünyası  elimizin  qəhrəman  oğlu  Mübariz  Ağakərim  oğlu  İbrahimovla  fəxr  edir. Qəhrəmanın  keçdiyi  döyüş  yolu, onun  qəhrəmanlığı  gənclərimizə  örnəkdir.  Rayon  rəhbəri  qeyd  etdi  ki,  Mübariz  İbrahimov  torpaqlarımızın  müdafiəsi  zamanı  göstərdiyi  şücaətlə Azərbaycan  əsgərinin  nəyə  qadir  olduğunu  bütün  dünyaya  sübut  etdi.  Qısa  ömür  yaşasa  da,  canını  vətən  yolunda  fəda  etməsi  ilə özündən  sonra  böyük  bir  igidlik,  mübarizlik  məktəbi  qoydu.  Mübarizdə  olan  Vətən,  torpaq  sevgisi,  vətənpərvərlik  ruhu  onu  şəhidlik  zirvəsinə  ucaltdı.
Görüş  zamanı  qəhrəmanımızın  şərəfli döyüş yolundan  danışılaraq xatirəsi  anıldı. Bildirilib ki, Azərbaycan  xalqının  qüruru,  fəxri olan  şəhidlərimizin  xatirəsi  daim  əziz  tutulacaq  və  dövlətimiz  hər zaman  şəhidlik  zirvəsinə  ucalan  igidlərimizin ailələrinin yanında olacaqdır.
Azərbaycanın  Milli  Qəhrəmanı  Mübariz  İbrahimov  18 iyun 2010-cu il  tarixində  gecə  saat  23:30 radələrində   xidmət  etdiyi  cəbhənin Tərtər  istiqamətində  düşmənin  işğalı  altında olan  Çaylı  kəndindəki  erməni qərargahına  girərək  əsl  bir  cəngavər kimi 5  saat  təkbaşına  döyüşür. Ermənilər  əvvəlcə  elə  zənn edirlər  ki, onlara  qarşı  Azərbaycan  ordusu  hücuma  keçib.  Gecənin qaranlığında  çaşbaş  qalan  düşmən  Azərbaycan əsgərinin  göstərdiyi  bu  şücaətin  qarşısında  ağır itkilər verir.  Düşmən  bir  neçə  saat  davam  edən  bu  döyüşə  əlavə  qüvvə  cəlb  edir.  Elə  bu  amansız döyüşdə  Mübariz  İbrahimov  qəhrəmancasına  həlak  olur.
Azərbaycan  Respublikasının  Prezidenti,  Silahlı  Qüvvələrin  Ali  Baş  Komandanı  cənab  İlham  Əliyevin  müvafiq  Sərəncamına  əsasən  Mübariz  Ağakərim  oğlu  İbrahimov  torpaqlarımızın  azadlığı uğrunda  rəşadətli  və  müstəsna  xidmətlərinə  görə   "Azərbaycanın  Milli  Qəhrəmanı"  adına  layiq görülüb.

Milli  Qəhrəmanın  atası  Ağakərim   İbrahimov   onların  ailəsinə  göstərilən  yüksək  diqqət  və  qayğıya görə  Azərbaycan Prezidenti,  Ali  Baş  Komandan   İlham  Əliyevə,  Birinci  vitse-prezident  Mehriban  xanım  Əliyevaya   öz  dərin  minnətdarlığını bildirdi.

Ərəstun ABDULOV,

“Respublika”.