Milli qəhrəman
Region

Milli qəhrəman

Vahid Həbibulla oğlu Quliyev 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olub, uşaqlıq illərini Niyazqullar kəndində keçirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, 1981-ci ildə universiteti bitirmişdir. Bir müddət müəllim kimi fəaliyyət göstərmiş, sonra isə Bakı şəhərində «Azon» Cihazqayırma Zavodunda məsul vəzifələrdə işləmişdir.

O, 1992-ci ilin avqust ayında könüllü cəbhəyə getmiş, Ağdam, Qubadlı rayonlarında döyüşlərdə iştirak etmişdir. Vahid Quliyev düşmənin on zirehli texnikasını sıradan çıxarmışdır. Bunun səkkizi tank, ikisi isə piyadaların döyüş maşını idi.

Müharibədən sonrakı dövrlərdə polkovnik-leytenant Vahid Quliyev Bakı Dövlət Universitetinin hərbi kafedrasında müəllim, Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim, Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləmişdir. Vətənə olan müqəddəs borcunu yerinə yetirdiyinə görə onun ömrü halal ömürdür.

Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə Vahid Həbibulla oğlu Quliyevə  «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Vahid Quliyevin doğum günüdür, 66 yaşı tamam olur. İşğaldan azad olunmuş Cəbrayıl rayonunun sakinləri Milli Qəhrəmanı ad günü münasibətilə  təbrik edir, ona möhkəm cansağlığı və uzun ömür arzulayırlar.

                                                    Tofiq HÜSEYN,

                                                   “Respublika”.