Milli Mətbuatımızın banisi - Həsən bəy Zərdabi
Tarixi şəxsiyyətlər

Milli Mətbuatımızın banisi - Həsən bəy Zərdabi

Azərbaycan xalqının maariflənməsi yolunda böyük mübarizələrdən, təhdidlərdən, keçmişdi. Amma bir an olsun öz məsləkindən, əqidəsindən dönmədi. Amalı uğrunda bütün əzablara dözdü. Millətin, xalqın maariflənməsi,  savad, mənsəb sahibi olması üçün bütün varlığı ilə çalışdı.  Zülmətdə işığa, cəhalətdə nura çevrildi. Görkəmli mütəfəkkir, maarifçi alim, publisist və təbiətşünas Həsən bəy Zərdabi xalqın elmi, mədəni yüksəlişi yolunda böyük fədakarlıq göstərmişdir. Zərdabi gənclərə elm və təhsilin insanı aydın sabahlara apardığını tövsiyə edib deyirdi: "Ey elm təhsil edən cavanlarımız, doğrudur, bizim Vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Qoy şüarələr sizi həcv etsin, mollalar lənət oxusun,  əvamşünas daşa bassın. Siz millət üçün əziyyət çəkirsiniz".

Həsən bəy Səlim oğlu Zərdabi 1842-ci il iyun ayının 28-də (bəzi mənbələrdə 1837-ci il) keçmiş Bakı quberniyasına daxil olan Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində dünyaya gəlib.  İlk təhsilini Zərdab kəndindəki mədrəsədə almış, burada fars və ərəb dillərini öyrənmişdir. 1852-ci ildə isə Şamaxı şəhərində açılan rus dilində dünyəvi  təhsil verən məktəbə yazılmışdır. Məktəbi bitirmək üçün imtahan verdiyi zaman Qafqaz Təhsil Komissiyası Müdirinin diqqətini cəlb etmiş, onu dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərməyi təklif etmişdir. Həmin ərəfədə atası vəfat edən Zərdabiyə böyük qardaşları Tiflisə getməyə icazə verməmişlər. Lakin atasının Tiflisdə yaşayan dayısı general Fərəc bəy Ağayev bu hadisədən xəbər tutur və Zərdabini Tiflisə gətizdirir. İmtahanlardan uğurla keçən Həsən bəy 1858-ci ildə Tiflis gimnaziyasına qəbul olur.  1861-ci ildə isə məktəbi bitirir və həmin ildə dövlət təqaüdü ilə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsində təbiət elmləri üzrə təhsilini davam etdirir. 1865-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən Həsən bəy Zərdabinin elmi iş üçün universitetdə saxlanması qərara alınır. Ancaq Vətənə olan sonsuz məhəbbəti gənc Zərdabini Azərbaycana qayıtmağa sövq edir.

Həsən bəyin dünyagörüşü Moskva Dövlət Universitetində oxuduğu dövrlərdə daha da genişlənmişdi. Həmin illərdə o, dövrün öndə gedən elm adamları ilə tanış olmuş, onlarla dostluq münasibətləri qurmuşdur. Onun tarixçi S.M.Solovyovla yaxın münasibəti olmuşdur. S.M.Solovyovun evinə tez-tez gedən Zərdabi onun qızı ilə bir-birilərini sevsələr də, ailə quracaqları təqdirdə öz xalqının tənə və qınağına tuş gələcəyini və gələcək planlarını reallaşdıra bilməyəcəyini düşünən Zərdabi öz sevgisindən vaz keçmişdir. Təhsilini başa vurduqdan sonra universitetdə qalması təklif olunsa da, xalqına xidmət etmək üçün vətəninə dönmüşdür.

Zərdabi universiteti bitirdikdən sonra Tiflisdə Torpaq İdarəsində işləməyə başlayır. 1868-ci ildə Qubada məhkəmə katibi, 1869-cu ildə Bakıdakı məktəblərin birində təbiət elmləri üzrə müəllim işləyir. Bununla da onun həyatında yeni dövr - maarifçilik, xalqın savadlanması,  ana dilində təhsil uğrunda mübarizə dövrü başlayır. Həsən bəy o zaman Qafqazda fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər içərisində ali təhsilli yeganə azərbaycanlı idi. O, azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq arasında təbliğat aparırdı. Təhsil alan kasıb tələbələrə yardım etmək, yetim, kimsəsiz uşaqların təhsilə cəlb olunması məqsədilə isə 1872-ci ildə Bakıda "Cəmiyyət-xeyriyyə" yaratmışdır. H.B.Zərdabi zəhmətkeş kütlələrin xoşbəxtliyini, tərəqqisini elmdə görmüş, insanın həyatında təhsilə böyük əhəmiyyət vermişdir. Eyni zamanda,  ictimai fəal kimi də geniş fəaliyyət göstərmişdir. Hacı Zeynalabdin Tağıyev dəfələrlə Bakıda qız məktəbi açmaq üçün çar III Aleksandra müraciət etsə də, müsbət cavab ala bilməmiş, yalnız çarın ölümündən sonra onun həyat yoldaşı Aleksandra Fyodorovna məktəb açmaq üçün icazə vermişdir. Məktəbin nizamnaməsi Zərdabi tərəfindən yazılmışdır. 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılması üçün hər şey hazır olsa da, yetərli qədər şagird olmadığından məktəb açılmamışdır. Həsən bəy Zərdabi və dostları Bakıətrafı ərazilərə gedərək xalqla qızlarını oxutmaları üçün söhbətlər aparır və nəticədə həmin ilin 7 oktyabrında 58 nəfər qız şagirdi ilə məktəb fəaliyyətə başlayır. Azərbaycan qadınlarının maariflənməsinə, savadlanmasına xüsusi əhəmiyyət vermiş, Zərdabinin maarifçiliyi təbliğatı sayəsində Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdır, 1906-cı ildə isə N.Nərimanovla birlikdə Azərbaycan müəllimlərinin Bakıda keçirilmiş birinci qurultayının işində yaxından iştirak etmişdir.

Yoxsul və kimsəsiz uşaqların tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün savadlı türk (azərbaycanlı) qadın müəllimlərə ehtiyac yarandığından Həsən bəy Zərdabi 1872-ci ildən "Qafqaz" qəzetində Tiflis "Müqəddəs Nina" qadın gimnaziyasını bitirən qızları müəllim kimi peşələrini davam etdirməyə çağırırdı. Daha sonra Tiflisə gedən Zərdabi həmin məktəbin məzunu Nalçik şəhərində doğulan və Balkar türklərindən olan Hənifə xanımla tanış olur. Zərdabinin təklifini qəbul edən Hənifə xanım Bakıda müəllim işləməyə razılıq verir. Eyni zamanda, bu iki maarifçi, eyni əqidəli insanlar evlənmək qərarına gəlirlər. Beləcə, Hənifə xanım Həsən bəy Zərdabi ilə birlikdə Bakı şəhərinə gəlir. Hənifə xanım həyat yoldaşı Həsən bəylə birlikdə "Əkinçi" qəzetinin nəşrində də fəal iştirak etmiş və çox böyük dünyagörüşünə malik Azərbaycanın ilk maarifçi qadını olaraq tarixə düşmüşdür.

Həsən bəy Zərdabi eyni zamanda Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. O, xalqın, gənc nəslin tərbiyə edilməsində maariflənməsi işində teatrın önəmli rol oynadığını çox yaxşı bilirdi. Bu məqsədlə onun rəhbərliyi ilə dramaturq Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlovun iştirakı ilə 1873-cü ildə M.F.Axundovun "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyaları tamaşaya qoyulmuşdur.

"Hər vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsun", "Qəzet camaat üçündür, camaat qəzet üçün deyil" deyən Həsən bəy Zərdabi "Əkinçi" qəzeti ilə Azərbaycanda ilk milli mətbuatın əsasını, bünövrəsini qoymuşdur. Əlbəttə ki, o vaxtlar inkişaf edib, böyüyən Bakı şəhərində ana dilində qəzetin olması çox vacib məsələ idi. Lakin bu iş o qədər də asan başa gəlmədi. H.B.Zərdabi dəfələrlə qəzet çap etmək üçün hökumətə müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Yalnız Bakı valisi Staroselski senzura məsələsini öz öhdəsinə götürdükdən sonra qəzet çıxarmaq üçün icazə almış və 1875-ci il iyulun 22-də Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə nail olmuşdur. Qəzet Azərbaycanda milli mətbuatın əsasını qoymaqla yanaşı, həm də  Azərbaycan, həmçinin bütün Rusiyada nəşr olunan ilk türkdilli qəzet idi. "Əkinçi" qəzeti Azərbaycan milli mətbuatının ilk qaranquşu, mayakı olmuşdur. 1877-ci ilin 29 sentyabrına qədər çap olunan qəzet ayda 300-400 tirajla nəşr edilmiş, 56 nömrəsi işıq üzü görmüşdür. Həsən bəy Zərdabinin "Əkinçi" qəzetini yaratmaqda məqsədi, amalı millətin maariflənməsi və azərbaycanlıların geriliyinin, savadsızlığının aradan götürülməsi olmuşdur. Cəmi iki il yaşayan "Əkinçi" qəzeti qısa ömür yaşasa da, tarixin qızıl səhifəsinə Azərbaycan milli mətbuatının ilk nümunəsi kimi yazılmışdır.

Həsən bəy Zərdabinin ictimai-siyasi fəaliyyətindən narahat olan Bakı qubernatoru onu mütəmadi izləyərək "siyasi cəhətdən təhlükəli və etibarsız" hesab edir və nəticədə 1877-ci ilin sentyabr ayında "Əkinçi" qəzeti çar hökuməti tərəfindən bağlanır. 1878-ci ildə o, gimnaziyada müəllimlikdən azad edilir. Çar hökuməti üçün "təhlükəli" hesab edilən Həsən bəyin  Bakıda qalması lazım bilinmir. Yekaterinodar (Krasnodar) şəhər gimnaziyasına müəllim göndərilmək adı ilə Bakı gimnaziyasından uzaqlaşdırılır.

Həsən bəy Zərdabi ölümündən öncə yazdığı vəsiyyətnaməsində qeyd edirdi ki, ona ehsan vermək və dəfn etmək üçün xərc çəkilməsin. Lakin 1907-ci il noyabr ayının 28-də vəfat edən Zərdabinin  dəfn mərasimi Bakıda görünməmiş dərəcədə izdihamlı təşkil edilir. Onu köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn edirlər. Bir müddət sonra Bibiheybət məzarlığı yol çəkmək adı ilə dağıdılır və burada dəfn olunanların məzarlarının başqa yerə köçürülməsi bildirilir. Həmin dövrdə Zərdabinin Bakıda kiçik qızı Qəribsoltandan başqa kimsəsi yox idi. Başına gələn faciələrdən böyük sarsıntılar yaşayan Qəribsoltan atasının sümükləri yığılmış yeşiyi götürərək müvafiq yerlərə müraciət edir. Lakin heç kim ona kömək etmir. Təkbaşına qalan qız, atasının qalıqları olan yeşiyi yaşadığı evə gətirir və yeşiyi evdə saxlayır. Bir müddət sonra həmin yeşiyi anası Hənifə xanımın məzarının ayaq hissəsində basdırır. Yalnız 1957-ci ildə professor Abbas Zamanov bir qrup tələbəsi ilə böyük çətinliklə olsa da Zərdabinin məzarını axtarmağa başlayır. Uzun müddət axtarışlar bir nəticə vermir. Nəhayət, Zərdabinin qalıqları Fəxri xiyabanda dəfn olunur.

R.YAQUBQIZI,

"Respublika".