Milli mətbuatımıza şərəflə xidmət
Sosial həyat

Milli mətbuatımıza şərəflə xidmət

Azərbaycan mətbuatının tanınmış nümayəndələrindən biri olan Ağahüseyn Hüseynovun 80 yaşı tamam olur.

Ağa müəllim haqqında düşünəndə pərvanə kimi dünəninin başına fırlanan, körpəcə uşaq kimi ufaq xatirələrinə layla çalan büllur kimi saf bir insan gəlir gözlərimin önünə.

Zəngin mənəviyyatı, zərif ürəyi, yüksək mədəniyyəti, intellekti, sadəliyi böyük Azərbaycan sevgisiylə dostlarının ürəyində taxt-tac qurmuş Ağahüseyn Abbasəli oğlunu dağların döşü ilə sakitcə axıb gedən, könüllərə təmənnasız sərinlik çiləyən bulaqlara bənzədirəm.

1941-ci il iyunun 30-da ziyalı ailəslndə dünyaya göz açan, uşaqlıq çagları agır müharibə illərinə təsadüf edən Ağahüseyn Hüseynov orta məktəbi bitirdikdən sonra Azərbaycan KP MK-nın Birləşmiş Nəşriyyatında (indiki “Azərbaycan” nəşriyyatı) mürəttib peşəsinə yiyələnmiş, o vaxt nəşr edilən “Kommunist” qəzetinın yığım sexində çalışmışdır.

Almaniya Demokratik Respublikasınd

a yerləşən Sovet Ordusu sıralarında hərbi xidmətini başa vurduqdan sonra 1965-ci ildən “Bakı” axşam qəzetinin yığım sexində çalışan gənc həm də Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alır. III kursda oxuyarkən mətbuatımızın patriarxı, hamımızın müəllimi, tanınmış jurnalist “Bakı”, “Baku” axşam qəzetlərinin baş redaktoru Nəsir İmanquliyevin dəvəti ilə qəzetdə ədəbi işçi kimi fəaliyyətə başlayır.

İşgüzarlığı, diqqət və qayğıkeşliyi, məsuliyyət hissi, jurnalist etikası, analitik duyumu ilə seçilən, kollektivin sevimlisinə çevrilən Ağa müəllim tezliklə qəzetin şəhər təsərrüfatı şöbəsinə rəhbərlik edir və onun jurnalist kim istedadı bütün parlaqlığı ilə üzə çıxır. Şəhər təsərrüfatının rəngarəng mənzərəsini əks etdirən yazılarında Ağa Hüseynov insanların həm də arzu və duyğularının ən mahir ifadəçisi idi.

O dövr paytaxtın görən gözünə, döyünən ürəyinə, xalqın tribunasına çevrilən “Bakı”, “Baku” axşam qəzetlərinin ümumi ansamblında Ağa Hüseynovun da səsi aydınca eşidilirdi.

Jurnalistlərimiz üçün əsl təcrübə məktəbi olan bu qəzetdə Nəsir İmanquliyev, Şamil Şahməmmədov, Əhməd Rəşidov, Adil Cavadlı, Rafael Nağıyev, Vladimir Matyuşkin, Mark Peyzel, Akif Ağayev, Fazil Rəhmanzadə kimi görkəmli jurnalistlər çalışmışlar.

Qəzetin baş redaktoru Nəsir İmanquliyev xətrini övladı qədər çox istədiyi Ağa Hüseynova həmişə diqqət və qayğı göstərmiş, onun peşəkar jurnalist kimi yetişməsində müstəsna rol oynamışdır.

Varislik ənənələrinə sadiq qalan Ağa müəllim də öz ustadının, müəlliminin müqəddəs işini uğurla davam etdirmiş, uzun illər “Bakı” axşam qəzetinə rəhbərlik etmişdir.

“Günay” qəzetinin baş redaktoru olduğum illərdə Rusiyanın bir çox ermənipərəst mətbuat orqanlarında tez-tez xalqımızın ünvanına təhqir, iftira dolu yazılar dərc edilirdi. O, yazıların müəlliflərinə qəzetimizin səhifələrində kəskin cavab yazmış, erməni havadarlarının iç üzünü açıb göstərmişdim. Xüsusilə “Ağa qara yaxmayın, cənab Martınov” başlıqlı Pavel Martınova açıq məktubum böyük əks-səda doğurmuşdu. Bu yazının uğur qazanmasında Ağa müəllimin olduqca canlı, koloritli, sərrast tərcüməsi böyük rol oynamışdı. - “Ne navodite tenğ na pletenğ!”.

Ağa müəllim saf əxlaqı, kövrək qəlbi, böyük vətəndaşlığı ilə ötən əsrin əvvəllərinin cəfakeş ziyalılarını xatırladıb mənə həmişə. 90-cı illərdən başlayaraq rəhbərlik etdiyi “Bakı” qəzetinin qarşılaşdığı bütün çətinliklərə səbirlə, mətanətlə sinə gərən bu mətbuat fədaisi uzun illər doğma “Bakı”nın yaşaması, oxucusunu intizarda qoymaması üçün əsl fədakarlıq göstərmişdi.

Bəlkə bu anlarda onun çəkdiyi acılardan, iztlrablardan çoxlarının xəbəri yox idi.

Ağa müəllimlə söhbət edən hər kəs ondan məmnun qalır. Daxili zənginliyinin işığı üz-gözündə əks olunan bu insan ömrü boyu insanlara yaxşılıq etmək duyğusuyla yaşamış, bundan rahatlıq tapmışdır.

Mən bir yazımda yazmışdım: “İstedadlı adamlar barlı ağac kimidir. Barınanları çox olar, qolları arasında dünya uyuyar, çiynində quşlar yuva qurar, başında ildırımlar çaxar və çox vaxt halal haqlarını almazlar”.

Ağa  müəllim  bu  günün  jurnalistikasından danışarkən böyük Azərbaycanımızın sabahkı taleyini unutmamağı tövsiyə edir. “Əsl jurnalistika ədəb-ərkan, yüksək mədəniyyət, intellekt, tərbiyə məktəbidir. Biz bu məktəbi keçmişik. Və bu məktəbi keçən qələm dostlarımın heç biri söyüş, təhqir dili ilə danışmayıb. Sözün sehri, qüdrətiylə oxucunu Azərbaycan uğrunda döyüşlərə səfərbər edib. Qarabağ uğrunda 44 günlük savaş və sonda qazandığımız böyük zəfər bu birliyi, həmrəyliyi bir daha sübut etdi.

Sözün düzü, xəstəlik, qaramat aurası yaradan miskin, zavallı qələm adamına yazığım gəlir. Axı o, içindən keçənləri sözün gücü, qüdrətiylə deməkdə acizdir, köməksizdir. Söyüş söymək, qarğış eləmək, çığır-bağır salmaq, stəkanda fırtına qoparmaq jurnalistika deyil. İstənilən yaradıcı adam üçün əsl sözə, qüdrətli sözə qiymət vermək həm də öz qədrini, qiymətini artırmaqdır”.

80 yaşının aydınlığı içində olan qələm dostum Ağa Hüseynov şərəfli, namuslu, halal bir ziyalı ömrü yaşamış, onun yazıları həmişə insanlarda açılan sabahlara inam, ümid hissi yaratmışdır.

Mən Ağa müəllim kimi saf, təmiz, nəcib, vətənpərvər, millətini ucaldan, enməyə qoymayan ziyalılarımızı xalqımızın ən yüksək əyarlı genefondu adlandırardım. Həyatı boyu Azərbaycan mətbuatına şərəflə xidmət edən, ona başucalığı gətirən bu əyilməz insan öz müəllimi, ustadı Nəsir İmanquliyev kimi həmişə xeyirxah, demokratik düşüncəli insanlara arxa, dayaq olub.

40 ildən artıq tanıdığım Ağa müəllim həmişə bütövlüyünü, mərdliyini, mətinliyini, gözü-könlü toxluğunu qorumağa çalışıb.

Nümunəvi ailə başçısı, əvəzsiz dost kimi jurnalistlər arasında böyük nüfuz, hörmət sahibi olan Ağa müəllim həm də gənc həmkarlarının yaxın məsləhətçisi, ustadı, müəllimi olub.

“Yaşadığın bu şərəfli, enişli-yoxuşlu yollarda heç qorxduğun olubmu, Ağa müəllim” - deyə sual verirəm.

Bəxtiyar müəllimin bir şeirini yada salır:

...Qorxuram

Üzüyuxarı enişə gedən yoldan,

Özü sağ ikən solaxay soldan.

Yaxşını pisdən,

Qızılı misdən

ayıra bilməyən,

Gözü görə-görə kor olandan qorxuram.

Özünə gərəkli sözləri eşidən,

Qalan vaxtda kar olandan qorxuram.

Qara böhtandan,

Qırmızı tərifdən,

Ağ yalandan qorxuram.  

Dövlətimiz Milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə Ağahüseyn Abbasəli oğlu Hüseynovu respublikanın Əməkdar jurnalisti fəxri adına layiq görmüşdür.

Ağahüseyn Hüseynov iki dəfə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin, dəfələrlə Bakı Şəhər Partiya Komitəsinin və Bakı Sovetinin Fəxri fərmanları ilə təltif olunub.

Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” və Həsən bəy Zərdabi adına mükafatları da Ağa müəllimin halal jurnalist haqqıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mllli mətbuatımızın inkişafındakı xidmətlərinə görə Ağahüseyn Abbasəli oğlu Hüseynovu “Tərəqqi” medalı ilə təltif etməsi də istedadlı qələm adamına, tanınmış publisist, tərcüməçiyə verilən yüksək dəyər və qiymətdir.

55 ildən artıq şərəfli yaradıcılıq yolu keçmiş qələm dostumuz, Respublikanın Əməkdar jurnalisti, ustad sənətkar Ağahüseyn Hüseynov həmişə xalqına sədaqətlə xidmət etmiş, bəşəri, ülvi, xəlqi prinsipiərinə sadiq qalmış, Azərbaycan jurnalistikasına başucalığı gətirmişdir.

Yaşadığı bu şərəfli ömür də ona başucalığı, hörmət, izzət, şərəf, şan gətirib.

Bütün təriflərdən, təltiflərdən ucada dayanan, əziz dost, böyük insan Ağa müəllimə uzun ömür, cansağlığı diləyirəm!

Zülfüqar ŞAHSEVƏNLİ.