Milli Mətbuat Günü münasibətilə tədbirlər
Digər xəbərlər

Milli Mətbuat Günü münasibətilə tədbirlər

GƏNCƏ

Gəncə Şəhər İcra Hakimiyyətinin və YAP Gəncə şəhər təşkilatının dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə "Müstəqil Azərbaycan mətbuatı" mövzusunda tədbir keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, Azərbaycan mətbuatı 147 illik zəngin inkişaf yolu keçib. 1875-ci ildə "Əkinçi" qəzeti ilə başlanan bu yol müstəqillik dövründə uğurla davam etdirilib. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ölkə rəhbəri milli medianın inkişafını prioritet istiqamətlərdən biri kimi qəbul edir və daim diqqət mərkəzində saxlayır.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxışında mədəniyyət sahəsinin media ilə sıx bağlı olmasından bəhs edib və media nümayəndələrinə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Çıxış edənlər bildiriblər ki, mətbuatın inkişafına, KİV nümayəndələrinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir.

Tədbirdə Gəncə şəhərinin ictimai-siyasi həyatında baş verən hadisələrin dəqiq, operativ və qərəzsiz işıqlandırılmasında səmərəli fəaliyyətlərinə görə media işçiləri Milli Mətbuat Günü münasibətilə təltif olunublar.

Zabit XƏLİLOV,

"Respublika".

 

QARADAĞ

Milli Mətbuat Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin konfrans zalında tədbir keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, qəzet, İnformasiya Agentlikləri, televiziya kanalları və saytların əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov mətbuat nümayəndələrini təbrik edərək deyib: "147 illik tarixi olan Azərbaycan milli mətbuatının özünəməxsus ənənələri var. Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə böyük töhfələr veriblər. Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirərək, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək vermişdir".

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov çıxış edərək ulu öndər Heydər Əliyevin siyasi iradəsi və səyi nəticəsində mətbuata, söz azadlığına qoyulan bütün süni maneələrin aradan qaldırılaraq, kütləvi informasiya vasitələrinin işini tənzimləyən, beynəlxalq standartlara uyğun qanunvericilik bazasının təkmilləşdirildiyini vurğulayıb. Bu gün də Prezident cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində mətbuatın maddi-texniki bazasının gücləndirildiyini, mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edib.

Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siaysi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxışında qeyd edib ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıl və daha geniş miqyasda davam etdirilir.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti adından KİV nümayəndələrinə hədiyyələr təqdim olunub.

Nurəngiz ADİLQIZI,

"Respublika".