Milli-mənəvi irsin qorunub saxlanması tariximizə verilən dəyərdir
Mədəniyyət

Milli-mənəvi irsin qorunub saxlanması tariximizə verilən dəyərdir

“Hər bir ölkənin mədəni həyatı onun səviyyəsini göstərir. Azərbaycanın müstəqil ölkə kimi yaşaması üçün də mədəniyyət, incəsənət çox böyük əhəmiyyət kəsb edir... İqtisadi cəhətdən nə qədər zəngin olursa-olsun, əgər mədəniyyət, incəsənət inkişaf etmirsə, ölkə uğurla inkişaf edə bilməz”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözləri ölkəmizin mədəniyyətini qədim və zəngin irsini, keçdiyi böyük inkişaf yolunu diqqətə çatdırmaqla yanaşı, mədəniyyətə yüksək dövlət qayğısının vacibliyini bir daha təsdiqləyir. Əslində, mədəniyyətin inkişafı bütün zamanlarda ona münasibətdən asılı olub və bu gün də belədir. Mədəniyyət davamlı prosesdir və çox zaman dövrün ictimai-siyasi dalğalanmaları fonunda çətin sınaqlardan keçməli olur. Belə şəraitdə bu sahəyə dövlət səviyyəsində diqqətin göstərilməsi xüsusilə vacibdir. Azərbaycan mədəniyyətinin inkişaf tarixinə nəzər salsaq, həmin tarixin özəlliklə son yarım əsrə yaxın dövrünü təhlil etsək, bunu yəqin edə bilərik.

Mədəniyyətimizin sistemli inkişafı, dünya səviyyəsində tanınması onun böyük himayədarı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin respublikaya rəhbərlik etdiyi ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın bir çox sahələrdə gələcək inkişafının möhkəm əsasları yaradılmış, o cümlədən mədəniyyətimiz özünün intibah dövrünü yaşamışdır. Paytaxtdan ucqarlaradək yüzlərlə kinoteatr, klub, mədəniyyət evi, kitabxana, muzeyin inşa edilməsi, kino, musiqi, teatr, rəssamlıq, memarlıq, heykəltaraşlıq və digər sahələrdə əldə edilən saysız nailiyyətlər həmin dövrdə mədəniyyətimizin inkişafı ilə bağlı görülən misilsiz işlərə nümunədir.

Mədəniyyətimizin himayədarı müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də bu sahəyə qayğısını əsirgəmədi. Ümummilli lider deyirdi: “Xalqımız öz mədəniyyəti, elmi ilə yüksəlibdir. Biz mədəniyyətə nə qədər diqqət yetirsək, qayğı göstərsək, mədəniyyət xadimlərinin yaradıcılığı üçün imkanlar yaratsaq, xalqımızı da o qədər yüksəldəcək, xalqımızın mənəviyyatını daha da yüksəklərə qaldıracağıq”.

2003-cü ildən Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndərin dövlətçilik kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə ölkəmiz dinamik inkişaf dövrünü yaşamaqdadır. Bu tərəqqi mədəniyyət sahəsində də yeni layihələrin, Dövlət proqramlarının həyata keçirilməsi, müasir maddi-texniki bazanın, infrastrukturun yaradılması, yaradıcı fəaliyyətə stimul verilməsində də özünü göstərir.

Çağdaş dünyada mədəni irs, incəsənət xalqları tanıdan, insanları bir-birinə yaxın edən mühüm vasitələrdən biridir. Azərbaycanın zəngin mədəniyyəti də ölkəmizdən çox-çox uzaqlarda uğurla təqdim və təbliğ olunur. Bu xüsusda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, mədəni irsimizin himayədarı Mehriban Əliyevanın müstəsna xidmətlərini də qeyd etmək lazımdır. Mehriban xanımın 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasına yeni üfüqlər açdı. İlk olaraq Azərbaycanın muğam sənəti UNESCO tərəfindən bəşəriyyətin mədəni irs xəzinəsinə daxil edildi. 2009-cu ildə Azərbaycanın aşıq sənəti və ölkəmizin yaxından iştirakı ilə beynəlxalq nominasiya kimi təqdim olunan Novruz bayramı, 2010-cu ildə xalça sənətimiz, 2012-ci ildə tar ifaçılığı, 2013-cü ildə Qarabağ atları üzərində Çövkən milli oyunu, 2014-cü ildə kəlağayı sənəti, 2015-ci ildə Lahıc misgərlik sənəti, 2016-cı ildə ölkəmizin Türkiyə, İran, Qazaxıstan və Qırğızıstanla birgə təqdim etdiyi lavaş-nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti, 2017-ci ildə milli mətbəximizin nümunəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi, habelə kamança musiqi alətinin hazırlanması və ifaçılıq sənəti UNESCO-nun müvafiq siyahılarına salınıb. Həmçinin Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhər, Qobustan qayaüstü rəsmləri, miniatür sənəti, Şəki Xan Sarayı UNESCO-nun Dünya İrsi Siyahısında yer alıb.

Heydər Əliyev Fondu Azərbaycan musiqisinə də misilsiz töhfələr verir. Fondun təhsil sferasındakı fəaliyyəti də təqdirəlayiqdir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət kəsb edir. Bu proqram təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir.

Fondun təhsillə bağlı həyata keçirdiyi proqramlar sırasında “Təhsilə dəstək” layihəsi də xüsusi əhəmiyyət daşıyır. Bu layihə birbaşa tədrisin keyfiyyətinə təsir göstərən problemlərin həllinə - məktəblərin əyani vəsaitlə, şagirdlərin dərs ləvazimatı ilə təmin olunmasına yönəlmişdir. Fond hər yeni dərs ilində silsilə aksiyalar keçirməklə bu sahədə bir sıra problemlərin aradan qaldırılmasına töhfə verir. 2004-cü ildən başlayaraq Fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan I sinif şagirdlərinə məktəbli çantaları və dərs ləvazimatı paylayır. Fond respublikadakı milli azlıqların təhsilinin inkişafına da böyük diqqət yetirir. “Təhsilə dəstək” layihəsi məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulmasını da əhatə edir.

Heydər Əliyev Fondunun təhsilə qayğısının coğrafiyası getdikcə genişlənir. Bir neçə ölkədə xeyriyyəçilik missiyasını uğurla davam etdirir. Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin aradan qaldırılması üçün hər il dövlət xətti ilə yanaşı, Fond tərəfindən də böyük yardım edilib.

2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi də Fondun diqqətindən kənarda qalmamış, məktəbə kompüter dəsti və dərs vəsaiti göndərilmişdir. 2008-ci ilin fevralında isə Fond tərəfindən Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb yenidən tikilərək istifadəyə verilmişdir.

Heydər Əliyev Fondu milli səhiyyəmizin inkişafına da öz töhfələrini verir. Fondun prezidenti kimi Mehriban xanım Əliyevanın irəli sürdüyü ilk layihələrdən biri “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsidir. Bu layihə 14 yaşına qədər qeydiyyatda olanların dərman preparatı ilə təmin olunmasına yönəlmişdir.

Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Talassemiyasız həyat naminə” layihəsinin əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün könüllü donor xidmətinin inkişafı, xəstəliyin yayılmasının qarşısının alınmasından ötrü əhalinin maarifləndirilməsi talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi çərçivəsində ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması bu sahədə Fondun həyata keçirdiyi proqramın əsas qayəsidir.

Fondun səhiyyə sahəsində gördüyü işlər dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir.

Vətən müharibəsində tarixi qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə başlanan abadlıq-quruculuq işləri çərçivəsində Heydər Əliyev Fondu da müxtəlif layihələr reallaşdırır. Bu ilin may ayında Şuşa şəhərində keçirilən “Xarıbülbül” musiqi festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutmuşdur. Hazırda Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərinin bərpa işləri Fondun hesabına aparılır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada vaxtilə mövcud olan, düşmən tərəfindən darmadağın edilən mədəniyyət müəssisələrinin bərpası da Fondun genişmiqyaslı, çoxşaxəli fəaliyyət proqramına daxildir.

Bu günlərdə Şuşada keçirilən Vaqif poeziya günləri yenə də şeir, sənət dünyasının, incəsənət aləminin tanınmış nümayəndələrini bir araya gətirdi. Uzun illərdən sonra “Qarabağ şikəstəsi”nin qəlboxşayan sədaları təkcə Cıdır düzünə, gözəl Şuşamıza, doğma Qarabağımıza deyil, bütün Azərbaycana yayıldı, dünyaya sülh mesajı kimi...

Milli-mədəni irsin qorunub saxlanması, həm də dövlətin, millətin qorunmasının təminatıdır. Bizə məxsus olanlara sahib çıxa bilməsək, tarixin acı dərslərindən qaçmaq çətin olacaq. Bu torpaq bizimdirsə, onun qoynundakı incilər də bizimdir. Onu qorumaq isə elə torpaqlarımızı qorumaqdır...

Zümrüd QURBANQIZI,

“Respublika”.